25 Yanvar 2022 00:24
801
DÜNYA
A- A+

Danışıqlar irəliləyiş olmadan başa çatıb

 

ABŞ yanvarın 30-dək Moskvanın təkliflərinə yazılı cavab verməlidir

 

İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında Moskvanın təhlükəsizlik təklifləri ilə bağlı danışıqlar başa çatıb.

Son həftələr ərzində Ukrayna ilə bağlı bir sıra beynəlxalq görüşlər keçirilib, lakin onlar gərginliyin əhəmiyyətli dərəcədə azalmasına nail olmağa imkan verməyib. Rusiya Ukrayna sərhədi yaxınlığına, təxminən, 100 min hərbçi cəmləşdirib və NATO-dan Ukraynanın bu quruma daxil olmayacağına dair hüquqi təminat tələb edib.

Qərb ölkələri bu tələbləri qəbuledilməz adlandırır, NATO-nun qapılarının yeni üzvlərin qəbulu üçün açıq qalacağını vurğulayıblar. İşğal baş verəcəyi təqdirdə ABŞ Rusiya iqtisadiyyatı üçün fəlakətli sanksiyalar vəd edib. Bu barədə Blinken Lavrovla görüş ərəfəsində keçirilən Kiyev və Berlin səfərlərində də danışıb. Dövlət katibi Ukrayna və Almaniya siyasətçiləri ilə yanaşı, həm də Fransa və Böyük Britaniyanın diplomatları ilə də görüşüb.

 

İrəliləyiş gözlənilmirdi, amma Rusiya və ABŞ dialoq tərəfdarı idilər

 

Rusiyanın XİN başçısı Cenevrədə görüş ərəfəsində amerikalı həmkarına müraciət edərkən deyib: “Biz də bu görüşdən irəliləyiş gözləmirik, biz təkliflərimizə cavab gözləyirik”. Nazir vurğulayıb ki, təkliflər konkretdir və ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyi problemləri üzrə yüksək səviyyədə qəbul edilmiş öhdəliklərə tam uyğun şəkildə cavab gözlənilir. Bu ona görə edilir ki, heç bir ölkə öz təhlükəsizliyini istənilən digər ölkənin təhlükəsizliyi hesabına möhkəmləndirməsin.

Öz növbəsində, Blinken ABŞ-ın fikir ayrılıqlarını sülh yolu ilə aradan qaldıracağına ümidvar olduğunu bəyan edib. “Bu, kritik bir məqamdır. Siz doğru deyirsiniz, burada və indi heç bir nəticə gözləmirik, amma ümid edirəm ki, diplomatiyanın imkanları açıq qalacaq. Biz bu yola sadiqik: mövcud ziddiyyətlərin sülh yolu ilə həllinə”, - deyə dövlət katibi bildirib.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov Rusiya tərəfinin təhlükəsizlik təkliflərinə ilkin şifahi reaksiyanı dinlədiyini bildirib. Nazir qeyd edib ki, yazılı cavab formalaşdırılmasına kömək etmək məqsədilə Amerika tərəfinə bəzi cavablar verilib.

 

Avropanın təhlükəsizliyi yalnız Ukrayna ilə bağlı deyil

 

Rusiya tərəfi hesab edir ki, Cenevrədə keçirilən görüşdə amerikalılar Ukrayna mövzusuna yox, Rusiyanın təkliflərinin məzmununa diqqət yetirməli olduqlarını anlayıblar.

“Bəli, biz hesab edirik ki, Ukrayna məsələsi ciddi diqqət tələb edir, lakin Avropanın təhlükəsizlik arxitekturasının bütün problemini bu məsələyə yönəltmək olmaz. Ukrayna ilə bağlı Blinken, Prezident Baydenin də dediyi kimi, Minsk razılaşmalarının reallaşdırılmasına kömək etməyə hazır olduqlarını təsdiqləyib və mən onu növbəti dəfə Kiyev rejiminə öz həlledici təsirindən istifadə etməyə çağırdım ki, onları Ukraynadaxili münaqişəyə son qoymalı olan bu vacib sənədi (Minsk razılaşması-R.H.) sabotaj etməməyə məcbur etsin”, - deyə nazir Cenevrədə keçirilən yekun mətbuat konfransında bildirib. Lavrov əmin olduğunu bildirib ki, ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavabında Ukrayna mövzusu hər bir halda səslənəcək: “Lakin mən bu gün Rusiya-Ukrayna sərhədində baş verənlərlə bağlı Amerika mövqeyini əsaslandıran bir arqument belə eşitməmişəm, ancaq görünən narahatlıq, narahatlıq, narahatlıqdır”.

O, bir daha qeyd edib ki, Rusiya Ukraynaya hücum etmək niyyətində deyil, ABŞ-dan isə başqalarının təhlükəsizliyinə xələl gətirməklə kiminsə təhlükəsizliyini möhkəmləndirməməklə bağlı öhdəliyinə dair izahat gözləyirlər.

“Siz iddia edirsiniz ki, biz Ukraynaya hücum etməyə başlayırıq. Halbuki biz bunun belə olmadığını dəfələrlə izah etmişik”, - deyə Lavrov bildirib.

Öz növbəsində, Blinken danışıqlardan sonra mətbuat konfransında Lavrovun Rusiyanın Ukraynaya müdaxilə planlarının olmadığı barədə sözlərini eşitdiyini, lakin ABŞ-a Moskvanın bu mövqeyinin daha tutarlı dəlilləri lazım olduğunu bildirib.

Dövlət katibi əlavə edib: “Biz rusiyalı rəsmi şəxslərdən eşitmişik ki, bu ölkənin Ukraynaya hücum etmək niyyəti yoxdur. Əslində, nazir Lavrov təkrarən mənə bunu söylədi. Amma yenə də biz hamı üçün görünən hadisələrə baxırıq: bunlar sözlər deyil, əməllər və hərəkətlərdir, bunların arasında isə fərq var”.

Eyni zamanda o, rusiyalı nazirlə danışıqları açıq və substantiv adlandırıb: “Mən ABŞ-ın və avropalı müttəfiqlərimizin və tərəfdaşlarımızın mövqeyini bildirdim ki, biz Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”.

 

Yüksək səviyyədə görüş olacaqmı?

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşünün mümkünlüyü ilə bağlı suala cavab verən Lavrov irəli qaçmamağa çağırıb: “Biz təkliflərimizə kağız üzərində rəsmi cavab gözləyirik, bundan sonra isə bizim səviyyəmizdə növbəti görüşü planlaşdırırıq. Gəlin irəli qaçmayaq, Prezident Putin Prezident Baydenlə təmaslara həmişə hazırdır. Aydındır ki, bu əlaqələr ciddi şəkildə hazırlanmalıdır. Çünki liderlərimizin potensialının işə salınmasından sonra nəyə nail olacağımızı bilməliyik”.

Eyni zamanda o bildirib ki, gələn həftə Amerika tərəfindən yazılı cavabların alınması mümkündür, sonra bu cavabların öyrənilməsi üçün vaxt lazım olacaq, daha sonra isə XİN başçıları səviyyəsində yeni görüş keçirilə bilər.

“Bu, dialoqumuzun sonu deyil, gələn həftə Entoni Blinkenin bir neçə dəfə vurğuladığı  yazılı reaksiyanı alacağıq”, - deyə Lavrov bildirib. Bundan başqa, jurnalistlərin suallarını cavablandıran rusiyalı nazir bəyan edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri üzrə cavablarını aldıqdan sonra məktubu açıqlamağı düzgün sayır və bu məsələni Vaşinqtonla müzakirə edəcək.

Gözlənilir ki, yanvarın 30-dək ABŞ Moskvanın təkliflərinə yazılı cavab verəcək.

 

Kiyevdəki xarici diplomatlar təxliyə oluna bilərlər

 

Bütün bunların fonunda KİV ABŞ diplomatlarının Ukraynadan təxliyə olunacağını bildirir. Danışıqların başa çatmasından az sonra, “Bloomberg” Agentliyi öz mənbələrinə istinadən, ABŞ Dövlət Departamentinin yaxın günlərdə Kiyevdən diplomatların ailələrinin məcburi və personalın bir qisminin könüllü evakuasiyasının elan olunacağı barədə xəbər verib. Ancaq hələ qərar qəbul edilməyib.

Məlumata görə, təxliyə qərarı ABŞ-ın Rusiyanın Ukraynaya hücumuna əminliyi demək deyil, yalnız hadisələrin mümkün gedişatına hazırlıqları əks etdirir. Ağ Ev nümayəndəsi agentliyə bildirib ki, söhbət vəziyyətin pisləşəcəyi təqdirdə adi planlaşdırmadan gedir.

Avropa İttifaqı üzvü olan ölkələrin səfirliklərinin öz planlarını hazırladıqları güman edilir, lakin diplomatların ailələrinin evakuasiyası ilə bağlı addımlar atılmır.

Son məlumata görə, dünən Dövlət Departamenti bununla bağlı sərəncam verib. Sərəncama əsasən, ABŞ-ın Ukraynadaki diplomatlarının ailə üzvləri və muzdlu əməkdaşları ölkəni tərk edə bilərlər. 

Qeyd edək ki, daha əvvəl “New York Times” qəzeti Rusiyanın Ukraynadan öz diplomatlarını təxliyə etməyə hazırlaşdığını bildirib.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video