30 Iyun 2022 03:37
1682
SİYASƏT
A- A+

Dağlarda zəfər quruculuğu

 

Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri göstərdi ki, sərt və mürəkkəb coğrafi şəraitdə belə bərpa işlərini dinamik aparmaq mümkündür

 

İkinci Qarabağ müharibəsi haqqın və ədalətin bərpası ilə yanaşı, həm də Azərbaycan dövlətinin qüdrətinin nümayişi oldu.  30 ilə yaxın işğal altında qalan torpaqlarımızı respublikamız öz hərbi gücü ilə azad etdi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti qərb siyasi dairələrinin, dünya erməniliyinin himayə etdiyi Ermənistanın işğal siyasətini cəmi 44 günə darmadağın etdi.

 

Azad olunmuş ərazilərin bərpası daha da sürətlənəcək

 

Savaşdan sonra da bütün dünya Azərbaycanın gücünə şahidlik etməkdədir. Belə ki, Ermənistanın üçtərəfli bəyannamələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakının yürütdüyü qətiyyətli siyasətlə yanaşı, beynəlxalq aləm Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyini görür. Bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına tarixi səfəri bir daha respublikamızın qüdrətinin təcəssümü oldu.

Öncə onu qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritet kimi xüsusi diqqətdədir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi nəzarətində saxlayır. İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Artıq qısa  zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından  xəbər verir.

Azad olunmuş ərazilərdə icrası başa çatdırılan meqalayihələrdən biri də Zəngilan rayonunun Ağalı kəndindəki "ağıllı kənd" layihəsinin birinci mərhələsidir. Kəndin bərpası bir daha göstərir ki, azad olunmuş ərazilərin bütün sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Ən əsası, Azərbaycan dövləti onlar üçün ən yüksək standartlara cavab verən yaşayış şəraiti yaradır.

Bir məsələni də qeyd edək ki, qarşıdakı dövrdə azad olunmuş ərazilərin bərpası daha da sürətlənəcək, bu istiqamətdə həyata keçirilən layihələrin əhatə dairəsi genişlənəcək. Bunu deməyə 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər də əsas verir. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisdə qəbul olunub. Qanun layihəsinə əsasən, artan büdcə gəlirlərinin böyük qismi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək.

 

Kəlbəcər və Laçındakı quruculuq işləri kompleks şəkildə həyata keçirilir

 

İşğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Düzdür, hazırda prioritet istiqamət yeni yolların salınması, kommunikasiyaların yaradılması olsa da, digər istiqamətlərdə də bərpa və yenidənqurma işləri həyata keçirilir.

Xüsusi vurğulamaq lazımdır ki, Kəlbəcər və Laçında yeni yolların salınması digər rayonlarla müqayisədə olduqca çətin və mürəkkəb coğrafi şəraitdə həyata keçirilir. Məsələn, Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçir, amma işlər qrafikə uyğun davam edir. Yolun Murovdağ silsiləsində, dağların zirvəsində dünyada ən uzun olan avtomobil tunellərindən olan Murovdağ tunelinin inşası isə dövlətimizin apardığı yenidənqurma işlərinin əzəmətini nümayiş etdirir. Murovdağ tunelindən əlavə, yolda daha üç tunelin inşası nəzərdə tutulur. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin işğaldan azad olunmasından sonra Kəlbəcərə etdiyi ilk səfər zamanı, ötən il avqustun 16-da "Kəlbəcər" yarımstansiyasının açılışı olmuşdu. Dövlət başçısının budəfəki səfəri zamanı isə yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışı oldu. Bu layihələrin başa çatdırılması göstərir ki, mürəkkəb coğrafi şəraitinə baxmayaraq, Kəlbəcərin bərpası işləri sürətlə aparılır.

Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda "Qorçu" elektrik yarımstansiyasında görülən işlərlə, "Həkəriçay" su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və  Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. O cümlədən dövlət başçısı Kəlbəcər şəhərinin baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və "İstisu" mineral su zavodunun təməlini qoydu. Bütün bunlar Laçın və Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərinin məhdud sfera ilə yekunlaşmayaraq kompleks məzmun daşıdığını göstərir.

"İstisu" sanatoriyasının təməlini qoyduqdan sonra çıxış edən dövlət başçısı Kəlbəcər və Laçın  rayonlarında görülən işlərlə bağlı deyib: "Eyni zamanda bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su-elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su-elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək".

Azərbaycanın Vətən müharibəsindəki parlaq zəfəri torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. İndi bütün azad olunmuş ərazilər Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. Bu torpaqları azad edən Müzəffər Ali Baş Komandan həm də onlara yeni nəfəs verir.  Artıq düşmənin vurduğu yaralar sağalmağa başlayıb. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Vacib məqamlardan biri də odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə ən müasir həyat standartları yaradılır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video