22 Dekabr 2022 00:54
921
SİYASƏT
A- A+

“Çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm”

 

Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkə arasında yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük potensialın olduğuna əmindir

 

Azərbaycanın Balkan dövlətlərinin əksəriyyəti ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə təqdir olunmalıdır.  Xüsusən son 10 ildə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın əsası qoyulub. 
Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb.  Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri bir daha iki dövlət arasındakı yüksək siyasi əlaqələrin təsdiqi oldu.

 

Azərbaycanın Balkanlardakı strateji tərəfdaşı

 

Azərbaycan-Serbiya münasibətlərində diqqət çəkən əsas məqamlar hər iki tərəfin olduqca konstruktiv əməkdaşlıq niyyətinin olması və milli maraqlara qarşılıqlı hörmətdir. Təsadüfi deyil ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, bütün beynəlxalq əhəmiyyətli məsələlərdə bir-birilərinin mövqeyini müdafiə edirlər. İki dövlət arasındakı münasibətlərə dair qanunvericilik bazası da mükəmməldir. Bunların arasında əlaqələri strateji səviyyəyə çatdıran sənədlər xüsusilə qeyd edilməlidir. Hələ 2018-ci ilin may ayında Prezident Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" imzalanmışdı.

Ötən ay isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı dövlət başçıları "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat"ı, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum"u və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi"ni imzaladılar.
Dünən Aleksandar Vuçiç ilə təkbətək görüş başa çatdıqdan sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bu barədə deyib: "Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır".

 

Ticarət dövriyyəsi artacaq

 

Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu mənada Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana etdiyi səfər iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanların yaradılması baxımından diqqəti çəkir.
Ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak ediblər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. İki ölkə arasında müzakirə olunan məsələlərin gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracağı şübhəsizdir.
Azərbaycanla Serbiya arasında tərəfdaşlığın bir istiqamətini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu məsələ Prezident İlham Əliyein ötən ay Serbiyaya rəsmi səfəri zamanı da müzakirə edilmişdi. Daha əvvəl Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan və Serbiya prezidentləri bir araya gəlmiş və Aleksandar Vuçiç İlham Əliyev haqqında yüksək fikirlər söyləmişdi.
Hazırda "Şahdəniz" yatağından hasil olunan Azərbaycanın təbii qazı "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına ixrac olunur. Tezliklə Azərbaycandan Avropaya elektrik enerjisi idxal olunacaq ki, bu da ölkəmizlə Serbiya arasında enerji sahəsində əməkdaşlıqda yeni üfüqlər açacaq.
Eyni zamanda iki dövlət arasında yeni əməkdaşlıq sahələri yaranır. Aleksandar Vuçiçin dediyi kimi: "Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var".

 

Azərbaycan xalqının və Prezidentinin səmimi dostu

 

Bu səfər zamanı Aleksandar Vuçiçin söylədiyi fikirlər bir daha Prezident İlham Əliyevin qlobal miqyasdakı nüfuzunun təsdiqi oldu. Serbiya Prezidentinin İlham Əliyevin barəsində dedikləri Azərbaycan Prezidentinin fəaliyyətinə, dövlətlərarası əməkdaşlığa, aktual əhəmiyyət kəsb edən qlobal məsələlərin həllinə töhfələrinə görə verilən yüksək siyasi dəyərdir. Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirən Aleksandar Vuçiç bir çox məsələləri öyrəndiyinə görə İlham Əliyevə minnətdarlığını ifadə etdi. "Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan birisi deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm", - deyə Serbiya Prezidenti bəyan etdi.
Serbiya Prezidentinin Azərbaycana səfəri uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və gələcək perspektiv üçün mühüm əhəmiyyət kəsb edir. Səfərin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Çünki prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video