Həm "mavi", həm də "yaşıl" zonalarda müxtəlif tədbirlərə start verildi
Dünəndən etibarən Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) öz işinə başlayıb. On bir gün ərzində Bakı Olimpiya Stadionunda keçiriləcək beynəlxalq konfrans çərçivəsində "mavi" və "yaşıl" zonalarda müxtəlif tədbirlər baş tutacaq.
Bakının evsahibliyi etdiyi ən böyük tədbir olan COP29-a hazırlığın yüksək səviyyədə olduğu elə stadiona girər-girməz hiss olunur. Hər zonada COP könüllüləri həm tədbir iştirakçılarına, həm də qonaqlara lazımi dəstək göstərir, onları istədikləri istiqamətə yönləndirirlər. Biz isə ilk olaraq rəsmi tədbirlərin keçiriləcəyi "mavi zona"ya üz tuturuq.
Azərbaycan iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürdü
Ümumilikdə ərazi üzrə 155 pavilyon fəaliyyət göstərir. Pavilyonlarda çox sayda sərgilər, sessiyalar, tədbirlər keçiriləcək. Azərbaycan pavilyonu isə ərazicə ən böyüyüdür.
"Mavi zona"da 50 xarici institut və təşkilat üçün ayrılan stendlər Kənd təsərrüfatı, ərzaq, torpaq, səhralaşma və meşələr, Təhsil, elm və texnologiya, Gender, qadınlar, uşaqlar və gənclər, Təbiət, biomüxtəliflik və yerli insanlar, Enerji, Sənaye və keçid, Adaptasiya, dözümlülük və İtki &Zərər, Yaşayış yerləri, sağlamlıq və davamlı həyat tərzi bölmələrini əhatə edir. Stendlərdə həmin qurumları təmsil edən şəxslərə maarifləndirici məlumatlar verilir.
Plenar iclas otaqlarına doğru irəlilədikcə Azərbaycanın bədii irsini, ənənələrini özündə əks etdirən milli geyimlər, qədim dekorativ qablar, naxışlar, xalçalar nümayiş olunduğunu görürük. Bu ərazidə qonaqlar Odlar diyarının qədim tarixi ilə tanış ola bilərlər.
Digər ərazidə isə müxtəlif ölkələrin pavilyonları yer alıb. Pavilyonlarda ölkələrin mədəni nümunələri nümayiş olunur, eyni zamanda müxtəlif mövzularda sessiyalar təşkil olunur.
"Mavi zona"da ilk olaraq UNICEF-in təşkilatçılığı ilə Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı. Bununla ölkəmiz iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürdü. Bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un gənc iqlim çempionu Leyla Həsənova, yüksəksəviyyəli dövlət rəsmiləri, həmçinin uşaqlar və gənclər iştirak edirdilər.
Bəyannamə inklüziv, həmçinin uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir. İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq, yəni dünyadakı uşaqların yarısı iqlim dəyişmələri və çirklənmənin təsirlərindən "son dərəcə yüksək risk" altında olan 33 ölkədən birində yaşayır.
M.Babayev çıxış edərək bildirdi ki, bu gün Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edir.
K.Rassell qeyd etdi ki, uşaqları iqlim dəyişmələri üzrə siyasətin mərkəzinə yerləşdirməyimiz və onları iqlim dəyişmələrinin təsirlərindən qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir. "Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır", - deyə icraçı direktor əlavə etdi.
UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırıb.
Hər kəsə açıq "yaşıl yol"
"Mavi zona"dan fərqli olaraq, ictimaiyyət üçün də açıq olan "yaşıl zona"da innovasiyalar, iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər keçirilir və sərgilər təşkil olunur. "Yaşıl zona" dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi "mavi zona" nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. Biz də bu ərazidə müxtəlif ölkələrin pavilyonları ilə tanış olduq. Pavilyonlarda həmin ölkələri təmsil edən qurumlar öz fəaliyyətləri barədə məlumatları bölüşürlər.
İqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları və bütün maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə təşkil olunan "yaşıl zona"da ilk gündə COP29 Gənc Liderlik Forumu, Xalis Sıfır Karbon emissiyası, İqlim dəyişmələrinə qarşı mübarizədə ali təhsilin rolu mövzularında panel müzakirələr, tullantıların emalı və digər mövzularda seminarlar baş tutdu
"Yaşıl zona"da pavilyonlara baş çəkərkən iqlim mövzularına ictimaiyyətin də yüksək marağının olduğunu müşahidə etdik. Qonaqlar bilet əldə edərək sərgiyə baş çəkməyə, müxtəlif sessiyalarda iştirak etməyə gəlmişdilər.
Beynəlxalq tədbirə olan maraq günümüzün aktual mövzusu olan iqlim dəyişmələrinin insanlara təsirsiz ötüşmədiyini bir daha göstərir. Elə buna görə də hər kəs qlobal istiləşmənin yaratdığı fəsadlarla bağlı mümkün qədər məlumatlı olmaq üçün COP29 ərazisinə baş çəkməyə tələsir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"