02 Dekabr 2022 01:14
295
SİYASƏT
A- A+

Cinayətkar dövlət, cinayətkar prezident

 

Emmanuel Makron sələflərinin yolunu davam etdirir

 

Fransanın yüzilliklər boyu dünyanın müxtəlif bölgələrində törətdiyi hərbi və insanlığa qarşı cinayətlər artıq dillər əzbəri olub. Təkcə XXI əsrdə fransız hərbçiləri Afrika ölkələrində dəfələrlə hərbi cinayətlər törətməkdə ittiham olunublar. Buna  baxmayaraq, günahkarlar cəzalandırılmayıb, Fransa rəhbərliyi isə yeni cinayətlərin qarşısını almaq üçün tədbirlər görməyib.
Fransa 1960-cı illərdə müstəmləkələrini formal olaraq azad etsə də, bəzi Afrika ölkələrində hələ də güclü təsirini saxlayır. Ekspertlərin fikrincə, Fransa elə siyasi, sosial və iqtisadi şərait yaradır ki, keçmiş müstəmləkələri sabiq "ana" ölkəyə sadiq qalmağa məcbur olsunlar. Bu nəzarət yumşaq güclə - həm təhsil və mədəni əməkdaşlıq proqramları, həm də hərbi güc yolu ilə həyata keçirilir. 

 

Paris dəfələrlə qətllərin, işgəncələrin əsas fiqurantı olub

 

Fransız qoşunları uzun müddətdir ki, Afrikadadır. Əvvəlcə onlar müstəmləkə siyasətinin tərkib hissəsi kimi orada idilər, indi isə guya yerli əhalini ekstremistlərdən qorumaq, üsyançılara qarşı mübarizədə hakimiyyət orqanlarına kömək etmək, vətəndaş müharibələrinə son qoymaq və digər bəhanələrlə fəaliyyət göstərirlər.
Fakt budur ki, Afrikada vəziyyət yaxşılığa doğru heç dəyişməyib. Məsələn, 2014-2021-ci illərdə Mali, Çad, Burkina Faso, Mavritaniya və Nigerdə həyata keçirilən "Barhan" əməliyyatı, Fransa hərbçilərinin və ekspertlərinin fikrincə, heç bir real nəticə verməyib. On minlərlə dinc sakin evlərini tərk etmək, silahlı qruplardan qaçmaq və qaçqın düşərgələrində dəhşətli şəraitdə yaşamaq məcburiyyətində qalıb. Hazırda da ekstremistlərin aramsız hücumları nəticəsində minlərlə insan ölür.
Parisin Afrikada hərbi mövcudluğu faydasız olmaqla yanaşı, mülki əhaliyə də xeyli ziyan vurur. Fransa ordusunun müstəmləkəçilik dövründə törətdiyi hərbi cinayətlər bir yana, XX-XXI əsrlərdə Paris dəfələrlə qətllər, işgəncələr və dinc əhaliyə qarşı zorakılıqlarla bağlı qalmaqalların əsas fiqurantı olub.
Fransız hərbçiləri dəfələrlə yerli əhalini öldürməkdə ittiham olunublar. Məsələn, 2005-ci ildə üç fransız əsgəri Kot Divuar vətəndaşını vəhşicəsinə qətlə yetirib. Onların quldur dəstəsinin üzvünü saxladıqları bildirilir. Onu aparan zaman başına polietilen torba keçirərək boğublar. Fransa hərbçilərinin məhkəməsi yalnız 2012-ci ildə baş tutub. Onlar təqsirlərini inkar etməyiblər, lakin yuxarı komandanlığın əmri ilə hərəkət etdiklərini bildiriblər. Əgər bu ifadələr doğrudursa, o zaman məlum olur ki, yerli əhaliyə qarşı zorakılıq əsgərlərin özlərinin qəddarlığının nəticəsi deyil, ölkənin hərbi komandanlığı tərəfindən sanksiyalaşdırılıb.

 

Fransa ordusunun Afrika ölkələrindəki cinayətləri...

 

2021-ci ilin yanvarında Fransa ordusu Malinin Bunti kəndinə hava hücumu həyata keçirib. Həmin hücum nəticəsində 19 nəfər həlak olub. Fransa ordusu hücumun hədəfinin cihadçılar olduğunu bildirib. Halbuki həmin gün kənd camaatı toy mərasiminə toplaşıb. Bu qanlı olaydan sonra da Fransa hərbçiləri  bəraət alıblar.
Bundan əlavə, beynəlxalq təşkilatlar Fransa hərbçiləri tərəfindən yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqdan xəbərdar olublar. CAR və Burkina Fasoda keçirilən "Sanqaris" əməliyyatı zamanı hərbi qulluqçular 15 yaşından kiçik yetkinlik yaşına çatmayan uşaqları yemək və ya hədə-qorxu qarşılığında seksual hərəkətlərə məcbur ediblər. Ötən ilin aprelində Mali hakimiyyəti Fransanı Qossi şəhərindəki hərbi bazada kütləvi məzarlığı ört-basdır etməyə çalışmaqda ittiham edib. Fransa ordusunun hərbçiləri bazanı tərk etdikdən sonra orada kütləvi məzarlıq aşkar edilib. 
Bu faktlar bir daha sübut edir ki, Fransanın Afrikada hərbi mövcudluğunun uzun tarixinə və bu dövrdə hərbi cinayətlərə, habelə onların bəzilərinin etiraf olunması faktına baxmayaraq, bu ölkənin ordusu yerli əhaliyə qarşı davranışını və münasibətini dəyişmir. 
Repressiyaya Qarşı Mübarizə Fondunun hüquq müdafiəçiləri mülki əhaliyə qarşı zorakılığı pisləyir və beynəlxalq təşkilatları Fransa hərbçilərinin ittiham olunduğu cinayətləri hərtərəfli araşdırmağa çağırırlar. Afrikada Fransanın hərbi mövcudluğu ilə əlaqəli qeydə alınmış cinayət faktlarının indiyədək insan haqları üzrə beynəlxalq təşkilatlar tərəfindən araşdırılmaması isə sağlam düşüncəli insanlarda narahatlıq və çaşqınlıq yaradır.
Belə olan halda cinayətkar ölkənin kriminal siyasətçilər tərəfindən idarə olunması artıq heç bir təəccüb doğurmamalıdır. Fransız siyasətçiləri üçün özəl investorlardan və əcnəbilərdən rüşvət almaq, eyş-işrətlə məşğul olmaq adi hala çevrilib. 2012-ci ildə prezidentliyə ən real namizədlərdən hesab olunan Beynəlxalq Valyuta Fondunun başçısı Dominik Stross-Kan Nyu Yorkun "Sofitel" hotelinin əməkdaşı Nofisatou Diallonu zorlamaqda ittiham edilirdi və ABŞ-də həbs olunmuşdu. Bundan əvvəl isə o, vətənində yazıçı Tristan Banona təcavüz etmişdi. Milyonlarının hesabına yaxasını uzunmüddətli həbs cəzasından qurtarsa da, prezidentlik arzusunu reallaşdıra bilməmişdi. 
Həmin il dövlət başçısı seçilən Nikola Sarkozi isə kosmetika konserninin sahibi olan Betankur ailəsindən dəfələrlə "bəhrələnib" və seçki kampaniyası üçün Müəmmər Qəddafidən 50 milyon avro almaqda ittiham olunub. 2011-ci ildə Fransa bu yaxşılığa Liviya liderinin öldürülməsi və Şimali Afrika dövlətinin dağılması ilə  cavab verdi. 

 

Sabiq prezident Nikola Sarkozini həbsə atdıran Makronu da eyni aqibət gözləyir

 

Sarkozi artıq Prezident Makronun dövründə korrupsiyada və əcnəbilərdən rüşvət almaqda ittiham edilərək həbsxanaya göndərilib. Ola bilər ki, bu yolla Makron potensial rəqiblərindən qurtulub. Amma sonda özü də oxşar qalmaqalın fiqurantı olub. Hazırda Fransanın milli maliyyə prokurorluğu və üç istintaq hakimi Amerikanın "McKinsey" konsaltinq şirkəti ilə Makronun yaxın ətrafı arasında əlaqəni üzə çıxarmağa çalışırlar.
"McKinsey" tərəfindən korporativ vergilərin ödənilməməsi və çirkli pulların yuyulması ilə bağlı əvvəlki ittihamlara "favoritçilik" ifadəsi əlavə edilib. Bu isə o deməkdir ki, araşdırılan məsələlər arasında Amerika ofisinin Fransada hökumət müqavilələri bağlayarkən imtiyazlara sahib olub-olmaması mülahizəsi var.
Emmanuel Makronun adının cinayət əməllərində hallanması ilk dəfə deyil. Beş il əvvəl qalmaqallı siyasətçi artıq korrupsiyada şübhəli bilinirdi. Maliyyə naziri olduğu müddətdə Las-Veqasda ziyafət təşkil etmək üçün tender keçirmədən bir reklam firmasını seçmişdi. Həmin tədbirin rəsmi məqsədi ABŞ-də fransız biznesinin təşviq olunması idi. Təxminən eyni zamanda Makronun bəyan etdiyi məbləğlərin, əslində, qazandıqları ilə uyğun gəlmədiyi ortaya çıxdı. Yəni Fransanın gələcək lideri vergi xidmətini aldatmağa çalışıb. Prezidentlik kampaniyası zamanı isə  bütün seçiciləri aldatmağa cəhd edib.
Fransa mətbuatı dövlət başçısının mümkün cinayət əməlləri ilə bağlı səs-küylü başlıqlarla çıxıb. Qəzetlərin birinci səhifələrində Prezident Makronun hər iki seçki kampaniyasının Amerikanın "McKinsey" konsaltinq şirkəti tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirilməsi  və bu xərclərin rəsmi olaraq heç bir yerdə göstərilməməsi ilə bağlı ittihamlar yer alıb. Təşəkkür olaraq xeyriyyəçi iş adamları öz namizədlərinin qələbəsindən sonra böyük məbləğdə dövlət kontraktlarına yiyələniblər. Bundan əlavə, ölkə ərazisində fəaliyyət göstərən şirkət yüz milyonlarla avronu fırlatsa da, 9 il ərzində heç bir korporativ vergi ödəməyib.
Bunlar yalnız yaxın keçmişin tarixi olsa da, Fransa adlı ölkənin və onun rəhbərlərinin mənfur mahiyyətini, əxlaq və davranışlarını anlamaq üçün kifayət edən faktlardır.

Rizvan HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video