13 May 2022 13:02
848
SİYASƏT
A- A+

Ceyhun Bayramov: Azərbaycan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün səylərini davam etdirmək əzmindədir

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib. Eyni zamanda, MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkürünü ifadə edib.

Nazir MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Həmçinin bu il Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.

Ceyhun Bayramov iclasın gündəliyinə uyğun olaraq, MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd olunub.

Nazir, həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrlərinin və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video