25 Yanvar 2022 00:34
2002
SİYASƏT
A- A+

Cənubi Qafqazın güc və beyin mərkəzi

 

İlham Əliyev diplomatiyası Azərbaycanı qlobal müzakirələrin aparıldığı beynəlxalq platforma və unikal məkana çevirib

 

Müstəqilliyinin bərpasından ötən 30 ildə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider dövləti statusuna sahiblənən Azərbaycan bu gün həm də sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayır. Demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın ən mötəbər kürsülərindən eşidilir.

Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə, sarsılmaz iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik gedişlər nəticəsində Azərbaycan tam müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmiz öz milli maraqlarına xidmət edən bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq əsasında xoşniyyətli tərəfdaşlar üçün unikal məkana çevrilib. Bu siyasətin təntənəsi Azərbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində də öz təsdiqini tapıb. Bu həqiqət hər il Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, forumlarda da özünü bir daha büruzə verir.

 

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”

 

Hər il olduğu kimi, 2021-ci ildə də ölkəmiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etdi və bu tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verdi.

Ancaq öncə qeyd etməliyik ki, dünyanı çənginə alan koronavirus bəlası hələ də davam etdiyi üçün bir çox toplantılar təxirə düşüb və ya videoformatda keçirilib. Ancaq qlobal böhrana qarşı qabaqlayıcı tədbirlər görən əksər ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi təxirə düşməyib. Azərbaycanda da əvvəlcədən planlaşdırılan bir neçə beynəlxalq toplantı baş tutub.

Ötən il aprelin 13-də Bakıda “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirildi. Konfransdan bir gün öncə iştirakçılar erməni vandalizminin əyani təzahürü olan Ağdam şəhərinə səfər etdilər və Ermənistanın 30 illik işğalının dəhşətli nəticələrinin şahidi oldular.

Bir gün sonra isə ADA Universitetində keçirilən konfransda Prezident İlham Əliyev həm erməni vandalizmi, həm də regionun gələcəyi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb, bu məsələyə baxışlarını paylaşıb.

Vətən müharibəsindəki şanlı Zəfərdən sonra yaranan yeri reallıqlardan danışan Prezident öncə bəyan edib ki, bu savaşla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Bu gün artıq müharibə başa çatıb və gələcəyə baxmaq, yeni reallıqlara uyğun addımlar atmaq lazımdır. İndi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxış formalaşmalıdır ki, Qarabağ dünyanın ən gözəl bölgələrindən birinə çevrilsin.

Ancaq eyni zamanda Azərbaycan dövləti ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini, Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilməz. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də böyükdür. Amma Azərbaycan dövləti heç kimdən yardım almadan öz torpaqlarında tikinti-quruculuq, yenidənqurma işlərinə başlayıb. Qarabağın bərpası üçün inkişaf proqramı qəbul edilib ki, hazırda bu, başlanğıc mərhələsindədir.

Konfransda çıxış edən ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzə isə dedi ki, Azərbaycan bu savaşda innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Bəziləri bəlkə də bunu dərk etmir, ancaq Azərbaycan təmkinli şəkildə müharibə aparıb. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olub. Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu.

Konfransda Prezidentə ünvanlanan bütün suallara təmkinlə və ətraflı cavab verən İlham Əliyev Ermənistana xəbərdarlıqlarını da çatdırdı. Prezidentin bu görüşü beynəlxalq hüquqa, sülhə, təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərliyinin baxışını və ədalətli, dəyişməz siyasətini növbəti dəfə nümayiş etdirdi.

 

VIII Qlobal Bakı Forumu - “COVID-19-dan sonrakı dünya”

 

Noyabrın əvvəlində isə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti VIII Qlobal Bakı Forumu işə başladı.

Qlobal Bakı Forumu günün ən aktual çağırışlarını müzakirə etməyə imkan verən çox mühüm hadisədir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biri kimi keçirilir. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezidentin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

Prezident İlham Əliyevin dəstəyi ilə fəaliyyətini davam etdirən mərkəz qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəz artıq səkkizinci dəfədir ki, Qlobal Bakı Forumunu təşkil edir. Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. 2013-cü ildən bu günədək sayca 8 qlobal forum və 42 yüksəksəviyyəli toplantı keçirilib.

Ötən il - “Nizami Gəncəvi ili”ndə İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu 3 gün davam etdi.

Xatırladaq ki, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumu COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Forumun gündəliyi çox geniş idi.

Prezident İlham Əliyev forumda çıxışı zamanı Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etdiyini xüsusi vurğuladı. Eyni zamanda dövlətimizin yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə 10 milyon dollar həcmində maliyyə töhfəsi etdiyi vurğulandı. Çıxışında Vətən müharibəsinə də toxunan dövlətimizin başçısı bildirdi ki, artıq müharibə bitib və bundan sonra gələcəyə baxılmalı, regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olması təmin edilməlidir. Bunun üçün hər şey Ermənistandan asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır: “Biz sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırıq”.

Sayca 8-ci olan və noyabrın 6-dək davam edən Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksəksəviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişdilər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı, onlayn qaydada qoşulmuşdu.

Ötən il noyabrın 7-də isə Bakı Forumunun iştirakçılarının Şuşaya səfəri təşkil olundu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qala şəhərimizdə qonaqlarla birgə maraqlı görüş keçirdilər. Zəfər günü münasibətilə İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğuladılar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildirdilər, böyük nailiyyət münasibətilə dövlət başçısını bir daha təbrik etdilər.

İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini dedi. Dövlət başçısı bildirdi ki, əsas hədəf işğaldan azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Prezident bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırdı. Qonaqlar ermənilərin dağıtdıqları tarixi abidələri və törətdikləri vandalizm aktlarını öz gözləri ilə görüb dəhşətə gəldiklərini bildirdilər.

İlham Əliyev mürəkkəb relyefə malik olan Şuşa şəhərinin Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və şücaəti hesabına azad olunduğunu dedi, Vətən müharibəsindəki Qələbədən sonra Cıdır düzündə bir çox tədbirlərin təşkil olunduğunu, musiqi festivallarının keçirildiyini qeyd etdi.

Ümumiyyətlə, Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara evsahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərə dünyanın görkəmli siyasətçiləri dəvət edilir. Bütün bunlar Azərbaycanın beynəlxalq əməkdaşlıqda rolunu xeyli dərəcədə gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif  görüşlərə evsahibliyi edərək ən yüksəksəviyyəli əməkdaşlıq platformasına çevrilib.

 

İlham Əliyevin qlobal təşəbbüsləri hər zaman təqdir edilir

 

Adından da göründüyü kimi, forumun əsas müzakirə mövzusu qlobal gündəlikdə duran bir nömrəli məsələ - pandemiya ilə mübarizəyə həsr olunmuşdu. Bundan əvvəl də Azərbaycan qlobal müstəvidə pandemiya ilə əlaqədar görüşlərin təşəbbüskarı olmuşdu.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) və Qoşulmama Hərəkatının hazırkı Sədri olaraq ötən il Azərbaycanın təşəbbüsü ilə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi. Qoşulmama Hərəkatının Sammitində Azərbaycan Prezidenti BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu xüsusi sessiya keçən ilin 3-4 dekabr tarixlərində baş tutdu.

Xüsusi olaraq vurğulanmalıdır ki, bütün toplantılarda, forumlarda Azərbaycan Prezidentinin COVID-19-la mübarizədə irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən təqdir edilib və nümunə kimi göstərilib.

Dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi şərəfinə “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycanın mədəniyyət və ədəbiyyatının bayramı oldu. Bu əlamətdar il çərçivəsində respublikamızda və ölkənin xaricində, müxtəlif beynəlxalq təşkilatlarda tədbirlər, təqdimatlar keçirildi.

Bir sözlə, dünyanın pandemiya tərəfindən hədəfə alındığı çətin günlərdə ölkəmiz və onun başçısı İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunə oldu. Azərbaycan dövləti özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır.

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video