08 Dekabr 2021 00:24
897
CƏMİYYƏT
A- A+

Cəbhəyə şirin sovqat...

 

Müharibə başa çatsa da, qələbə əzmi ilə döyüşən ordumuzun Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, sıravi əsgərimizədək hər kəsin 44 gün ərzində göstərdiyi vətənpərvərlik dillərdə dastana çevrilib. Müharibə yalnız qələbə ilə tarixə yazılmadı, həm də xalqımızın o qanlı-qadalı günlərdə milli birliyini dünyaya nümayiş etdirdi. Ön cəbhədə döyüşən oğulların arxada gözləri qalmasın deyə, hamı səfərbər oldu. Kimin gücü nəyə çatırdısa, ordumuza, ön cəbhədəki igidlərimizə maddi və mənəvi dəstək olurdu.

Həmin günlərdə bir qrup qadın bir araya gələrək, həmrəylik nümunəsi göstərdilər: bişirdikləri isti xörək və şirniyyatı ön cəbhəyə, həm də hospitallardakı yaralı qazilərimizə yolladılar. Həmin qadınlardan biri də Sumqayıtda yaşayan Güllü Muraddır. Deyir ki, bizim komandamızın müharibə başlayandan hər şənbə-bazar günləri cəbhə bölgəsinə isti xörək və şirniyyat bişirib yollaması adi hala çevrilmişdi: “...Aramızda ön cəbhədə döyüşən oğulların anaları da var, dədə-baba torpaqları işğalda qalanlar da. Biz, bu işlə məşğul olan qadınlar, əslində, o günlərədək bir-birimizi yaxından tanımırdıq. Müharibə həm də bizi, arxada xalqımızı birləşdirdi. Bu birlik bizə düşmən üzərində qələbə  qazandırdı. Müharibəni zəfərlə başa çatdıran igidlərimiz gördülər ki, dövlətimizlə xalqımız ön cəbhədə döyüşənləri hər cür qayğıyla əhatə etdilər. Bu,  onlarda əhvali-ruhiyyəni artırdı. Ermənilərin fərariliyinin də şahidi olduq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa  diləyə-diləyə biz qadınlar da onlara kömək etmək üçün bacardığımızı əsirgəmədik.

Müharibə bitdi, ordumuz qələbə çaldı. Lakin bizim qrupda birləşən qadınlarımız  bu xeyirxahlıq ənənəsini dayandırmadılar. Həftəarası xəstəxanalardakı yaralı əsgərlərimizə də sovqatımızı əsirgəmirik. Demirdik ki, onların buna ehtiyacı var, ya yox. Onların səmimi, isti, ana-bacı sevgisi ilə əhatə olunmasına çalışırıq. Bu xidmətimizi dayandırmırıq. Əsgərlərimiz bilsinlər ki, bu, onlara yardım deyil, ana-bacı qayğısıdır...”

Qrupda Gültəkin Sadıqova, Samirə Mahmudova, əsgər analarından Mətanət Quliyeva, doğma yurdu Zəngilanı azad edilən Diləfruz Xəlilova, Sara Əkbər, Könül, Ziba, Hüsniyyə, Aytən, Sevinc Musəvi,  Fəridə, Nazlı, Nəzakət Cəfərova, Şahanə, Dildar Hazıyeva,  şəhid qızı Sima Qəhrəmanlı və s. kimi xanımlarımız, qızlarımız var ki, müxtəlif rayonlardan gələrək bir ailə kimi birləşib bu təşəbbüslə xidmət göstərirlər.

Evlərində çalışan və “İnstaqram” üzərindən bir qrupda birləşərək, sovqatlarını davam etdirən  xanımlar, əllərinizə, könlünüzə sağlıq! Əsgərə sovqat göndərən xanımlar, bu qələbədə, şəksiz ki, sizin də payınız var. Çünki deviziniz belə olub: “Hər şey Vətən üçün, hər şey Qələbə üçün!”

 

M.NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video