19 May 2022 01:35
914
Səhiyyə
A- A+

Can payı

 

Ölkəmizdə orqan transplantasiyası prosesi ciddi problemlərlə üzləşib

 

 "On il öncə, 2012-ci ilin may ayında həyata yenidən qayıtdım...

 Sanki anam 18 yaşımda məni ikinci dəfə dünyaya gətirdi. Ona görə belə deyirəm ki, məni bu əzabdan, xəstəlikdən anam qurtardı. Əgər anamın qaraciyəri uyğun gəlməsəydi, bəlkə də indi həyatda yox idim...

Donorum anam oldu və onun qaraciyəri mənə köçürüldükdən sonra həyatda qala bildim...

12 saat əməliyyat prosesində olmuşam. Birinci məni, sonra anamı əməliyyat ediblər. İndi əməliyyatın üstündən 10 il keçir. Bəzən ildə bir-iki dəfə yoxlanışa gedirəm. Elə il olur ki, heç getmirəm. Əməliyyatdan sonra bir müddət 10-15 adda dərman qəbul edirdim. Sonradan onların sayı azaldı, üç-dörd adda dərman isə uzun müddət qalır, onlardan ikisi ömürlükdür".

28 yaşlı Pərvin Abdullazadənin qaraciyər köçürülməsi əməliyyatı Türkiyədə reallaşıb. Deyir ki, əməliyyatdan sonrakı bir ildə bəzi çətinliklər olub. Köçürülən orqanın orqanizmə uyğunlaşması xəstədən asılı olaraq dəyişir və uzun çəkə bilir. Pərvində isə elə də ciddi problemlər yaşanmayıb. Yalnız ayda bir-iki dəfə hərarəti olurmuş.

Pərvinin donoru olan anası deyir ki, əməliyyat üçün Azərbaycanda 4 mərhələdə analizlər verib qaraciyər transplantasiyasının uyğunluğunu müəyyənləşdirdikdən sonra əməliyyat üçün Türkiyəyə üz tutublar: "Yenidən 15 gün ərzində Türkiyədə analizlər verdim və uyğunluq müəyyənləşdiriləndən sonra əməliyyat üçün razılıq oldu. Eyni zamanda psixoloji vəziyyət öyrənildi, əməliyyatın həqiqətən öz razılığım əsasında olduğu aydınlaşdırıldı. Səhər saat 09:00-da əməliyyat üçün qəbul olunsaq da, Pərvinin vəziyyəti ağır olduğundan ilk olaraq onu əməliyyata aldılar. Uyğun olmayacağı halda məni əməliyyata almayacaqlarını dedilər. Saat 18:00-da əməliyyatdan çıxdım və  2-3 saat sonra narkozdan ayıldım".

Pərvin kimi anası da ötən 10 il müddətində dəfələrlə müayinələrdən keçib. İndi normal həyat fəaliyyətinə davam edir.

2010-cu ildə xaricdə böyrək köçürülməsi əməliyyatı keçirən Aydın da 3-4 il xəstəlikdən əziyət çəkib. 31 yaşında əməliyyat olunub və bu gün heç bir problem yaşamır.

Hazırda da idmanla məşğul olur və normal həyat fəaliyyətinə davam edir. Əməliyyatdan sonrakı aylarda özünü yaxşı qoruduğunu qeyd edən Aydın bildirir ki,  8 ay maska taxıb. Aydının donoru isə atası olub.

 

Cənubi Qafqazda və Yaxın Şərqdə ilk orqan köçürülməsi Azərbaycanda reallaşıb

 

Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda, ona digər insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. İlk köçürülən orqan böyrək olub. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb.

Dünya səhiyyə sisteminin getdikcə daha da modernləşməsi həm də oqran transplantasiyasının geniş şəkildə tətbiq olunmasına real zəmin yaradıb. Bir insan həyatını xilas etmək, onu yenidən dünyaya qaytarmaq böyük savabdır. Ancaq orqan transplantasiyası prosesini keçən insanların söylədikləri fikirlərə əsaslanaraq deyə bilərik ki, uzun illər ərzində transplantasiya əməliyyatı etdirənlər daha çox xarici ölkələrə üz tutub, digər ölkələrin səhiyyəsinə güvəniblər.

 Ölkəmizdə orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.

 

Qanunun icrası niyə gecikir?

 

2022-ci il yanvarın 1-dən Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" yeni qanun qüvvəyə minsə də, sənədin faktiki olaraq icrası görünmür.

Ölkədə orqana ehtiyacı olan və illərlə növbə gözləyən xəstələr var. Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin, mədəaltı vəzinin, nazik bağırsağın, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələrini köçürmək mümkündür.

Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər. Qanunun icrası üçün orqan donorluğu və transplantasiya sisteminə daxil olan əlaqələndirici qurum, vahid dövlət informasiya bazası, orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının yaradılması nəzərdə tutulmuşdu. Qanunda nəzərdə tutulan mexanizmlər isə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmalı idi.

 

Transplantasiya üçün normativ hüquqi aktların layihələri hazırlanıb

 

Səhiyyə Nazirliyindən qəzetimizə bildirilib ki, orqan köçürülməsi ilə bağlı Koordinasiya Mərkəzinin eyni zamanda donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnamələri nazirlik tərəfindən hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Etika Komissiyasının tərkibi və Əsasnaməsinin də hazırlandığı, Koordinasiya Mərkəzinin Əsasnaməsi təsdiqləndikdən sonra fəaliyyətə başlayacağı deyilib. Qeyd olunub ki, qanunun icrası üçün dövlət başçısının tapşırığı əsasında hazırlanmalı olan bütün normativ hüquqi aktların layihələri hazırlanıb və bu zaman beynəlxalq təcrübə əsas götürülüb.

Məlumat üçün bildirək ki, Etika Komissiyası yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan komissiyadır.

Orqan transplantasiyasının maliyyə yükünün yüksək olduğu hər kəsə məlumdur. Azərbaycanda ən çox həyata keçirilən böyrək köçürülməsinin qiyməti 15 min manat civarında, qaraciyər transplantasiyasının qiyməti  isə 40-50 min manat arasında dəyişir.

 

İcbari tibbi sığorta orqan köçürülməsini qarşılayacaqmı?

 

Qeyd etdiyimiz kimi, orqan transplantasiya əməliyyatları heç də ucuz başa gəlmir. Xəstələr donor gözlədiyi kimi, bəzən maliyyə çatızmazlığından xəstəxanaya müraciət edə bilmirlər. Orqan köçürülməsinin bir ildən çoxdur ölkədə tam tətbiq olunan icbari tibbi sığorta çərçivəsində qarşılanması müzakirə olunur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qəzetimizə bildirilib ki, xidmətlər zərfinə dəyişikliyin edilməsi barədə agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. 700 tibbi xidmətin zərfə daxil edilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyasını da əhatə edəcək. Hansı orqan transplantasiya əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində qarşılanacağının isə Zərf təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacağı bildirilib.

 

Qanun qüvvəyə minsə də, nəticəsi görünmür

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, qanunda yenilik beyin ölümü gerçəkləşən insanlardan  alınmış orqanların köçürülməsidir.

Deputat qeyd edib ki, qanunun icraçı strukturu Səhiyyə Nazirliyidir. Qanunla bağlı hazırlıqlar gedir: "Qanunun qüvvəyə minməsindən sonra da hamı çox şey gözləyirdi, amma  hələ ki, nəticəsini əldə edə bilmirik. Məncə, nəticə əldə olunmamasının iki əsas səbəbi var. Əvvəl qanunun olmaması haqqında fikirlər yürüdülürdü, halbuki bu, reallıq deyildi. Həkim kimi deyə bilərəm ki, burada birinci məsələ kütləvi informasiya vasitələrində davamlı, planlı şəkildə məlumatların, eləcə də maarifləndirici verilişlərin illərlə davam etməsidir. Ayrı-ayrı xəstəxanaların, həkimlərin reklamlarından daha çox konkret xəstəliklərlə mübarizədə dövlətin, səhiyyə siyasətinin ortaya qoya biləcəyi məlumatların KİV-də yayımlanması vacibdir".

 

İcra strukturları davamlı treninqlər təşkil etməlidir

 

Rəşad Mahmudovun sözlərinə görə, icra strukturları tərəfindən mütləq şəkildə geniş, davamlı treninqlər keçirilməlidir.

Həmçinin reanimasiyalarda reanimatoloq və bu qərarları verə biləcək koordinasiya qrupları içərisində olan həkimlərin, bu sahə ilə əlaqəsi olmasa belə, səhiyyə işçilərinin hər birinin beyin ölümü kriteriyaları haqqında və bu işin təşkili, təhlükəsi, problemlər barədə ətraflı məlumatlandırılması vacib amildir.

Ancaq bunları davamlı etməklə, bir gün kütləvi şəkildə dünyada inkişaf etmiş ölkələrin səhiyyəsində olduğu kimi, beyin ölümü nəticəsində həyatını itirmiş şəxslərin orqanlarının ehtiyacı olan insanlara köçürülməsi və arzulanan nəticəni əldə etməyimiz mümkün olacaq.

 

Ötən il nə qədər insana orqan köçürülüb?

 

Dövlət Statistika Komitəsindən qəzetimizə bildirilib ki, 2021-ci ildə ölkə üzrə insan orqan və toxumalarının transplantasiya əməliyyatı aparılmış resipiyentlərin sayı 152 nəfər olub.

Onlardan 54-ü qadın, 31-i isə 0-17 yaş aralığında olan uşaqlardır. Əməliyyat olunanlardan 5 nəfəri həyatını itirib. Transplantasiya əməliyyatlarından 30-u gözün buynuz qişası və kök hüceyrələri, 16-sı sümük iliyi, 43-ü qaraciyər (onun seqmentləri) və bir hissəsi, 63-ü isə böyrəklər və onun seqmentləri üzərində aparılıb.

Statistik məlumatlara əsasən, tək Azərbaycanda deyil, bütün dünyada orqan çatışmazlığından əziyyət çəkənlərin sayı artmaqdadır. Ekoloji problem, qidanın təmiz olmaması, stres, tibbin və diaqnostikanın daha irəli getməsi, yəni xəstəliklərin vaxtında aşkar olunması bu göstəricinin artmasının əsas amilləridir.

Qeyd edək ki, Azərbaycanda orqan transplantasiyası üçün növbədə olan, maddi baxımdan yüksək məbləğ tələb etdiyi üçün öz hesabına əməliyyat etdirə bilməyənlərin sayı çoxdur. Halbuki yeni orqana ehtiyacı olan pasiyentin vaxtında əməliyyat olunmadığı halda aqibətinin necə olacağı bəllidir. Ancaq pasiyent zamanında əməliyyat olunarsa, onun nəinki sağlamlığına, hətta ailəsinə və sosial həyatına qayıtmaq şansı daha çoxdur.

Eyni zamanda müəyyən orqanların ancaq meyitdən alınması mümkün olduğu üçün bu sahədə maarifləndirici tədbirlər həyata keçirilməli, vətəndaşlarda ölkə səhiyyəsinə inam artırılmalıdır. Halbuki nə qanun layihəsinin müzakirəsi, nə də qanunun qüvvəyə minməsindən sonra maarifləndirici məlumatların verildiyi, tədbirlərin həyata keçirildiyini görürük...

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video