26 Yanvar 2022 00:55
639
DÜNYA
A- A+

Burkina Fasoda hərbi çevriliş olub

 

Hökumət və parlament buraxılıb, sərhədlər bağlanıb

 

Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirdiklərini və Prezident Rok Mark Kristian Kaborenin devrildiyini açıqlayıblar. Bu barədə dövlət telekanalında ordu zabitlərindən biri məlumat verib. Onun dediyinə görə, hökumət və parlament buraxılıb, sərhədlər bağlanıb.

Kaborenin saxlandığı məkan məlum deyil, amma hərbçilər çevriliş zamanı tutulan şəxslərin hamısının təhlükəsiz yerdə olduğunu iddia edirlər. Bəzi məlumatlara görə, onlar paytaxt kazarmalarında saxlanıla bilər. Hərbi çevriliş əsgərlər kazarmaları ələ keçirdikdən və paytaxtda atəş açdıqdan sonra baş verib.

 

Ölkə prezidentinin yeri məlum deyil

 

Hərbçilərə dəstək əlaməti olaraq yüzlərlə insan küçələrə çıxıb və  hakim partiyanın mənzil-qərargahına od vurublar. Bundan sonra gecə komendant saatı tətbiq olunub. Bundan əvvəl hakim “Tərəqqi uğrunda xalq hərəkatı” Partiyasının nümayəndələri iddia ediblər ki, Kaboreyə sui-qəsd törədilib, lakin o, sağ qalıb.

Rok Kaboren devrilməsindən əvvəl özünün “Tvitter” səhifəsində iki məlumatı dərc etməyə macal tapıb. Sonuncu məlumatda prezident silah götürənləri xalqın maraqları naminə könüllü tərksilah olmağa çağırıb.

 

Çevrilişə Pol-Anri Sandaoqo Damiba rəhbərlik edib

 

Bazar günü üsyançı əsgərlər hərbi rəhbərliyin istefasını və islamçılarla mübarizəyə əlavə vəsaitin ayrılmasını tələb ediblər.

Hərbçilərin bəyanatında ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və Prezident Kaborenin milləti təhdidlər qarşısında birləşdirə bilməməsi qeyd olunub.

Bu proklamasiya əvvəllər tanınmayan Qorunma və bərpa uğrunda vətənpərvərlik hərəkatı (MPSR) adından nəşr edilib. “Ordunun bütün hissələrini əhatə edən MPSR bu gündən etibarən Prezident Kaboreni devirməyə qərar verib”, - deyə bəyanatda bildirilib.

Bu bəyanat uzun illər silahlı islamçılarla mübarizə təcrübəsi olan yüksək rütbəli hərbçi, podpolkovnik Pol-Anri Sandaoqo Damiba tərəfindən imzalanıb. Hərbi çevrilişə məhz Damibanın rəhbərlik etdiyi güman olunur.

 

Burkina Faso: əsas faktlar

 

Keçmiş fransız müstəmləkəsi olan Burkina-Faso (1984-cü ilə qədər Yuxarı Volta) 1960-cı ildə müstəqillik əldə etdikdən sonra siyasi qeyri-sabitliyi ilə fərqlənib və bir neçə çevriliş yaşayıb.

Hər iki yerli dildən tərcümədə “vicdanlı insanların vətəni” mənasını verən Burkina Faso adı inqilabi yol seçmiş və 1983-cü ildə hakimiyyətə gəlmiş, lakin artıq 1987-ci ildə devrilmiş və qətlə yetirilmiş zabit Tomas Sankara tərəfindən seçilib.

2015-ci ildən bu yana ölkə qonşu Malidən oraya gələn islamçı döyüşçülərlə müharibə aparır. Bu müharibə ölkəyə gəlir verən turizm sənayesini sarsıdıb və hərbçilərin narazılığına səbəb olub. Onların fikrincə, hakimiyyət orqanları müvəffəqiyyətli döyüş əməliyyatları aparmaq üçün hərbçilərə kifayət qədər vəsait ayırmayıb.

Son məlumata əsasən, Afrika İttifaqı və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (EKOVAS) Burkina Fasoda baş vermiş hərbi çevrilişi pisləyib.

EKOVAS Prezident Rok Kaborenin təhlükəsizliyi üçün məsuliyyəti hərbçilərin üzərinə qoyub.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video