25 Yanvar 2022 00:20
773
İQTİSADİYYAT
A- A+

Buna da qadirik

 

Ərazilərimizi işğaldan necə azad etmişiksə, o sürətlə də dirçəldirik

 

Müharibə və dağıntı sözü həmişə qoşa səslənir və bu təsadüfi deyil. Ona görə ki, müharibələrin özündən sonra qoyduğu ən böyük iz və ağrı insan tələfatından sonra məhz dağıntıdır. Biriləri tərəfindən illərlə tikilib qurulan digərləri tərəfindən müasir silahlar vasitəsilə bir andaca məhv edilir.

Ancaq Ermənistan bundan da qabağa getmişdi. Çünki bu miqyasda dağıntılar təkcə döyüşlərin nəticəsi deyildi. Yəni bu dağıntılar döyüşlər zamanı atılan bomba və mərmilərin nəticəsi yox, döyüşlərdən sonra məqsədli şəkildə həyata keçirilən vandalizm aktı idi. Birinci Qarabağ savaşı zamanı kütləvi şəkildə irihəcmli dağıdıcı silahlardan çox istifadə olunmadığı üçün müharibədən sonra dağıntı və söküntü işlərinin aparıldığı aydın görünürdü. Daha doğrusu, işğalçıların 30 il işğalda saxladıqları ərazidə tikinti üçün yararlı nə var idisə, hamısını söküb ya öz xarabalarına aparmış, ya da özləri kimilərinə satmışlar.

Bununla onlar iki məkrli məqsədlərinə nail olmaq istəyirdilər. Birinci məqsədləri xalqımıza məxsus maddi və mədəni sərvətlərin izini silməklə buraların yalnız ermənilərə məxsus olduğunu dünyaya car çəkmək idi. İkinci məqsədləri isə nə vaxtsa bu torpaqlar azad ediləndə (ermənilər daim bu qorxu ilə yaşayıblar) geri qayıtmağımızı mümkünsüz etmək olmuşdur. Ancaq 44 günlük Vətən müharibəsi və ondan sonrakı bir il bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı bu xarabazarlığa döndərilmiş torpaq üçün hər cür fədakarlığa hazır və onu qısa müddətdə dirçəltməyə qadirdir. Azərbaycan sübut etdi ki, sürətli müharibə taktikası ilə düşmən üzərində necə qələbə qazandısa, həmin templə də quruculuq-bərpa işlərini həyata keçirir.

Müharibədən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə xarici diplomatlar, ictimai xadimlər və jurnalistlər işğaldan azad olunmuş bölgələrə dəvət edildilər. Dövlət başçısının bu qərarı sayəsində  dünya Qarabağ və Şərqi Zəngəzurda  ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Hamı gördü ki, ermənilər heç də özlərini təqdim etdikləri kimi məzlum deyillər. Erməni vəhşiliyinin hədd-hüdudu olmadığı kimi, yalanı da heç bir çərçivəyə sığmır.

Dövlət başçısı yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində erməni vandalizminin miqyası və bizə qarşı apardığı çirkin təbliğat haqqında demişdir: “Bu da ermənilərin bütün konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxarmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə aparmağa, məscidləri dağıtmaq, orada donuz saxlamaq”.

Məlumdur ki, Prezident İlham Əliyev müharibə başa çatdıqdan dərhal sonra işğaldan azad edilən ərazilərdə quruculuq-bərpa işlərinin aparılması barədə tapşırıq vermişdir. Bununla dövlət başçısı bütün dünyaya bir daha göstərmişdir ki, torpaqların əsl sahibi kimdir, hansı xalq qurucu, hansı xalq dağıdıcıdır. İndi ölkəmiz dünyaya müharibə dövründə göstərdiyi şücaəti bərpa-quruculuq müstəvisində göstərir. Təkcə Füzuli Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsi sübut edir ki, bizim bu müstəvidə də rəqibimiz yoxdur. Ən əsası isə odur ki, biz bu sahədə də maliyyə, texnika və ixtisaslı kadrlar sarıdan heç kəsdən asılı deyilik.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda çətin dağlıq, qışda qarın qalınlığı 3-4 metrə çatan ərazilərdə yollar inşa edilir, tunellər qazılır, elektrik xətləri çəkilir. Bu işlər bir an fasilə vermədən böyük fədakarlıqla həyata keçirilir. İndiyədək dağlıq coğrafi məkanda yerləşən Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının ərazilərində və Ermənistanla həmsərhəd bölgələrdə 700 kilometrə yaxın, o cümlədən “Zəfər yolu” çəkilmişdir. Paralel olaraq Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, həmçinin Laçın istiqamətində əlavə yollar da salınır.

Bölgədə 7 elektrik yarımstansiyası inşa edilib. “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarında, həmçinin “Qarabağ” Regional İdarəetmə Mərkəzində tikinti işləri başa çatdırılıb. “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” Su-Elektrik stansiyaları istifadəyə verilib, “Kəlbəcər-1” Su-Elektrik Stansiyasında isə bərpa-təmir işləri yekunlaşıb.

İşğaldan azad edilən ərazilərə dəmir yolu xətlərinin çəkilməsi bölgədə iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi gedir, Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir hissəsi olan dəmir yolunun inşası aparılır. Laçın və Kəlbəcər dəmir yolunun çəkilməsi istiqamətində isə araşdırma və layihələndirmə işləri görülür.

Əsas məqsəd bu torpaqları məcburən tərk etmiş insanları doğma yurdlarına qaytarmaqdır. Prezident İlham Əliyev bu barədə demişdir: “Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış komplekslərinin inşasına start verilib, təməli qoyulub, artıq praktik inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından. Çünki bu, çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video