23 Yanvar 2022 00:54
1052
SİYASƏT
A- A+

“Bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində yeni səhifə açılır”

 

Sonuncu iki minilliyin qovşağında beynəlxalq münasibətlərdə yeni və əvvəlki əsrlərdəkindən fərqli reallıq yaranır. 

Biz ən yaxın qonşu ölkənin amansız düşmənə və ən uzaq xalqın əqidə və məslək dostuna, dayağa çevrildiyini gördük. Bu baxımdan Azərbaycan-Ukrayna münasibətləri xüsusi maraq kəsb edir. Biz həm Birinci və həm də İkinci Qarabağ müharibələrində Ukrayna dövlətinin və xalqının maddi və mənəvi dayağını hiss etdik. Ermənistan düşmənçilikdə ifrata vardıqca bizim Ukrayna kimi bir sıra ölkələrlə bağlılığımız artdı. Bu gün artıq Ukrayna mətbuatında, ukraynalı blogerlərin arasında Azərbaycanın haqq işini ürəkdən müdafiə edən onlarca insan vardır. Eyni zamanda Azərbaycan mədəniyyətinə, o cümlədən müsiqisinə və incəsənətinə aludə olan, ölkəmizi və xalqımızı təbliğ edən insanlara rast gəlirik. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, iki xalqın əlaqələri daim yüksələn xətlə inkişaf edir.

Bu il fevral ayının 6-da müstəqil dövlətlər kimi Azərbaycan-Ukrayna münasibətlərinin  30 ili tamam olur. Bu müddət ərzində iki dövlət arasında 160-a yaxın sənəd imzalanmışdır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin  Kiyevə səfərini rəsmi münasibətlərimizin 30 illik tarixinə ayrılan xüsusi diqqət kimi də dəyərləndirmək mümkündür.

Həmin səfər çərçivəsində Volodimir Zelenskinin mətbuata bəyanatında iqtisadiyyatın müxtəlif sahələrinə aid vacib sənədlərin imzalandığını, qarşıda daha ciddi planların olduğunu, qida təhlükəsizliyi və ticarət sahəsində geniş müzakirələrin aparıldığını vurğuladı. Ukrayna Prezidenti ikitərəfli ticarət dövriyyəsinin dəyərinin  təxminən 1 milyard dollara çatdığını, 2024-cü ilə qədər bu rəqəmin daha çox artırılması ilə bağlı  niyyətini bildirdi. Vurğuladı ki, Ukrayna Azərbaycanda bərpa və avtomatlaşdırma işlərinin aparılmasında, əsasən infrastruktur layihələrinin icrasında iştirak etmək arzusundadır.

Bəyanatdan məlum oldu ki, bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib. V.Zelenski hesab edir ki, iki dövlət arasında  müxtəlif qurum və agentliklərin təmasları daha da genişləndirilməli, aviasiya, ümumiyyətlə,  nəqliyyat dəhlizləri GUAM çərçivəsində daha da inkişaf etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatında tərəflər arasında yüksəksəviyyəli dialoqun aparıldığını, Prezident Zelenski ilə bir ay bundan əvvəl Brüsseldə görüşdüyünü, 2019-cu ilin sonunda isə Ukrayna Prezidentinin Azərbaycana səfər etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısının sözlərinə görə, bu təmaslar və müzakirələr möhkəmlləndikcə qarşılıqlı əlaqələr perspektivlərə köklənməyə imkan verir. İlham Əliyev energetika və digər sahələrdə yeni planların həyatda əksini tapacağını da bildirdi: “Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur”.

Xəbər verildiyi kimi, iki dövlət başçısının iştirakı ilə  yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” sazişi, həmçinin tərəflər arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” və “Aqrar sahədə əməkdaşlıq haqqında” anlaşma memorandumlarını imzalamışlar. Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “Neft-qaz Ukrainı” Milli Səhmdar Şirkəti” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko isə “Neft-qaz Ukrainı” Milli Səhmdar Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” anlaşma memorandumuna imza atmışlar.

Bu yerdə iki ölkə liderləri arasında isti münasibətlər də qeyd olunmalıdır. Belə ki, Volodimir Zelenskinin 2019-cu ildə Prezident seçilməsindən sonra ilk xarici səfərlərindən biri Azərbaycana olmuşdur. O zaman iki ölkə arasında öncül sahələrdə əməkdaşlığın daha da genişlənməsinə dair bir sıra mühüm sənədlər imzalanmışdı.

Ötən ilin dekabrında Brüsselə səfəri zamanı Ukrayna Prezidenti İlham Əliyevlə də görüşərək onu ölkəsinə səfərə dəvət etmişdir. Həmin görüş zamanı Prezident Zelenski iki ölkə arasında nəqliyyat-logistika sahəsindəki əməkdaşlığın geniş perspektivlərinə diqqət çəkərək Avropa - Qafqaz - Asiya marşrutu ilə dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların təşkili üçün işlərin sürətlənməsini zəruri hesab etdiyini bildirmişdir.

Azərbaycanla Ukrayna arasında əlaqələrin səmərəli sahələrindən biri də enerjidir. Bu sahədə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühüm yeri var. Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olan SOCAR-ın törəmə müəssisəsi “SOCAR Energy Ukraine” benzin və digər neft məhsullarının pərakəndə satışını həyata keçirir. 2009-cu ilin dekabr ayından Ukraynada fəaliyyətə başlayan SOCAR bu gün həmin ölkədə 60 yanacaqdoldurma məntəqəsinin və 4 neft bazasının sahibidir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video