02 Sentyabr 2022 00:40
1109
SİYASƏT
A- A+

Brüsseldə sülh müqaviləsinin hazırlanması razılaşdırıldı 

 

Azərbaycan hədəfə çatmaq üçün mühüm addımlar atır

 

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüş günün müzakirə mövzusuna çevrilib. 
Üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verən Şarl Mişel qeyd edib ki, görüşdə Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. Bəyanatda eyni zamanda sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyin nəzərdən keçirildiyi vurğulanıb. 
Məsələyə münasibət bildirən siyasi ekspertlər qeyd edirlər ki, dördüncü Brüssel görüşü də Azərbaycanın diplomatik üstünlüyü ilə yekunlaşıb.

 

Beynəlxalq normalar Azərbaycanın tərəfindədir

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qeyd edir ki, Brüsseldə keçirilən bütün görüşlər Azərbaycanın  irəli sürdüyü gündəlik əsasında reallaşır. Deputatın sözlərinə görə, format da Azərbaycanın  maraqlarına uyğundur. Görüşöncəsi fotolardan da, bədən dilindən də məlum olur ki, kim görüşə necə gəlib: "Qarşı tərəfdəki çəkingənlik, özünəgüvənsizlik baş nazir Paşinyanın üzünə çökmüşdü. Adətən görüşdən sonra Azərbaycan tərəfi Ermənistanda Paşinyanın mövqelərinin güclü olmadığını nəzərə alaraq rəsmi açıqlamalar vermir. Daha çox onlar görüşlə bağlı açıqlama verirlər. Ermənilər bəzən olmayan məsələləri qabardırlar, sonra isə cavablarını alırlar. Bu dəfə Ermənistan baş nazirinin açıqlaması onu göstərir ki, indiyədək bu yöndə buraxdıqları səhvlərdən, ən azından bunun cəzasız qalmayacağından nəticə çıxarıblar". 
Sahib Alıyev deyir ki, sülh gündəliyi ön plandadır. Bununla bağlı  bir ay müddətində xarici işlər nazirləri görüşüb konkret məsələlər üzərində işləməlidirlər. Eyni zamanda görüşdə humanitar, Birinci Qarabağ savaşında itkin düşmüş azərbaycanlı əsir və girovların taleyi məsələləri də yer alıb. Humanitar məsələlərdə hər iki tərəfin irəli sürdüyü problemlər qeyd edilir. Həmçinin kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləri müzakirə olunub: "Nikol Paşinyanın açıqlamasından da görünür ki, danışıqlar onun üçün çox çətin olub. Çətin də olmalıdır, çünki Azərbaycan-Ermənistan sərhədində həm operativ, həm də strateji vəziyyətə nəzarət Azərbaycanın əlindədir. Güc, beynəlxalq normalar Azərbaycanın  tərəfindədir". 
Deputat vurğulayır ki, Ermənistan tərəfində ancaq öz geosiyasi maraqlarına görə sülh prosesinin irəliləməsini istəməyən bəzi çevrələr ola bilər. Onlar da öz maraqlarını nəzərə alırlar, Ermənistan burada qurban rolunda çıxış edir. 
Deputatın sözlərinə görə,  danışıqlar çətin olsa da, asan həll edilən məsələlərdir. Asan həlli odur ki, Azərbaycanın irəli sürdüyü tələblərə, götürdükləri öhdəliklərə əməl etməlidirlər, çünki bu, beynəlxalq normalara əsaslanır. İkincisi odur ki, Ermənistan kapitulyasiya aktına qol çəkmiş tərəfdir. Real vəziyyətdən çıxış edərək regionda tezliklə sülhün yaranmasına çalışmalıdır. Bu, Ermənistanın maraqlarına heç də Azərbaycandan az cavab vermir: "Ümid edirəm ki, növbəti "Qisas" əməliyyatına ehtiyac qalmayacaq, noyabr ayına kimi Ermənistan tərəfi götürdüyü öhdəliklərə əməl edəcək". 

 

Azərbaycan qalib tərəf kimi öz sözünü deməkdədir

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, Brüsseldə keçən yüksəksəviyyəli görüş çox mühüm əhəmiyyət kəsb edir. Deputat qeyd edir ki, Avropa İttifaqı rəhbərinin, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü bir sıra məqamlarla yadda qaldı. 
Əsas  məqam odur ki, sülh sazişinin imzalanması üçün mütləq şəkildə işçi qrupun hansı məsələləri müzakirə etmələri ilə bağlı mühüm addımlar atılıb. Eyni zamanda görüşdə humanitar məsələlər, əsir, girovların dəyişdirilməsi, həmçinin Ermənistan ərazisində taleyi məlum olmayan 4 minə yaxın azərbaycanlı haqqında məsələlər də müzakirə olunub. Digər müzakirə predmeti isə dəhlizlərin açılması, infrastrukturun bərpası idi. Üçüncü isə delimitasiya və demarkasiya ilə bağlıdır ki, bu da sülh sazişi  üçün əsas məsələdir. 
Arzu Nağıyev deyir ki, delimitasiya və demarkasiyadan sonra ərazi bütövlüyünün tanınması gündəmdədir.  Ermənilər cidd-cəhdlə bir sıra məsələlərdə özlərini təxribatçı kimi göstərirlər. Azərbaycan qalib tərəf kimi öz sözünü deməkdədir. Gələcəkdə Avropa İttifaqının rəhbərliyi ilə delimitasiya ilə bağlı Sərhəd Komissiyasının işinin Brüsseldə keçirilməsi də gündəmdədir: "Bir sözlə, Azərbaycan tərəfi heç bir dövlətin ərazisinə iddialı olmadığını ortaya qoyaraq, həmişəki kimi beynəlxalq normalar əsasında çox mühüm məsələlərin müzakirəsində iştirak etdi. Ermənistanın kütləvi informasiya vasitələri bunu Paşinyanın məğlubiyyəti kimi qeyd edirlər. Əsas odur ki, addım-addım Qarabağ məsələsinin sonuna gedirik və birmənalı olaraq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə Konstitusiyamıza uyğun olaraq bütün problemləri həll etməklə məşğuldur. Bu da çox mühüm və təqdirəlayiq haldır". 

 

Görüşdə Qarabağ sözünün istifadə olunmaması Azərbaycanın strateji uğurudur

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Brüsseldə keçirilən növbəti görüş də Azərbaycanın gözlənilən üstünlüyü ilə yekunlaşıb. Bunu bir neçə məqam üzərindən əsaslandırmaq mümkündür: "Ermənistanın görüşlə bağlı ümidləri var idi. Xatırladaq ki, ABŞ Dövlət katibi Entoni Blinken ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrini təyin etmişdi. Məqsədləri də o idi ki, münaqişənin hələ də davam etdiyi təəssüratını yaratsınlar. Çünki ATƏT-in Minsk qrupu artıq olmayan Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi ilə məşğul olmaq üçün yaradılmışdı və yenidən bu qrupun gündəmə gətirilməsi, həm də Brüssel görüşündən əvvəl Cənubi Qafqaz regionu üzrə təmsilçinin müəyyənləşdirilməsi təbii ki, ABŞ-ın bu istiqamətdə növbəti cəhdi idi. Digər məqam isə ABŞ və Fransa səfirlərinin Şuşa konfransında iştirakdan imtina etməsidir". 
Deputat düşünür ki, Nikol Paşinyan Brüssel görüşündə hansısa ümid yeri axtarırdı. Bu ümid yeri hər şeydən əvvəl ATƏT-in Minsk qrupunun yenidən reabilitasiyası, Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin taleyi ilə bağlı guya nigaranlığı ilə əlaqəli idi. 
Elşad Mirbəşiroğlu qeyd edir ki, Brüssel görüşündə, ümumiyyətlə, Qarabağ termini istifadə olunmadı.  Bu, Azərbaycanın strateji qələbəsidir, çünki Azərbaycan Qarabağı Azərbaycan-Ermənistan münasibətləri gündəliyindən çıxarmağa müvəffəq olub. Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin statusu və yaxud gələcəyi ilə bağlı məsələni gündəmə gətirməsi də uğursuz nəticələndi. 

 

Azərbaycan başlıca prioritetlərinə inamla çatdı

 

Deputat bildirir ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan ermənilərin taleyini daxili məsələ hesab edərək bunun müzakirə predmetinə çevrilməsinə imkan verməyib. Bu, İlham Əliyevin çox mühüm qələbəsidir. 
O hesab edir ki, bu görüşdə Ermənistan son ümidlərini də itirib. Deputatın sözlərinə görə, ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmə cəhdləri tam iflasa uğrayıb: "Ermənistan işğalçı dövlət statusunu aradan qaldıra bilmədi, qaldıra bilməzdi də, çünki bu ölkənin davranışlarının başqa adı yox idi. Azərbaycan başlıca prioritetlərinə çox inamla çatdı. Birincisi, bu görüşdə də Qarabağ ifadəsi işlədilmədi, ikincisi, Azərbaycanın ərazisində yaşayan ermənilərlə bağlı, ümumiyyətlə, müzakirələr aparılmadı. Əsas müzakirə sərhədlərin delimitasiyası, sülh sazişinin mətninin hazırlanması, mətnin müzakirəsi üçün xarici işlər nazirləri arasında yaxın zamanda görüşlə bağlı razılığın əldə olunması idi. Amma Ermənistan israrla bunun qarşısını almaq istəyirdi, amma buna nail ola bilmədilər. Bu, Azərbaycanın ədalətli maraqlarına uyğundur. Razılığın əldə olunması işğalçı ölkənin çarəsizliyinin göstəricisi oldu.
Müsahibimiz qeyd edir ki, Azərbaycan Brüssel görüşündən yenə də qələbə ilə çıxıb: "Bütün görüşlərdə Azərbaycan bu və ya digər istiqamətlərdə uğur qazanır və mərhələli şəkildə haqlı, ədalətli hədəflərinə çatması üçün addımlar atır. Hər görüşdən əvvəl Azərbaycanın yaratmış olduğu yeni reallıqlar mövqelərimizin daha uğurla müdafiə olunmasına imkan verirdi. Son görüşdən əvvəl də Azərbaycan Laçın dəhlizini tam nəzarətinə götürdü. Ermənilər Laçın şəhərindən, Sus və Zabux kəndlərindən çıxmaq məcburiyyətində qaldılar. Bunlar mövqelərimizi daha da möhkəmləndirdi, ardınca isə Brüssel görüşündə masa arxasına daha güclü əyləşmiş olduq. Beləliklə, növbəti qələbəmiz təmin olundu". 
Deputatın fikrincə, Brüssel görüşü bir daha göstərir ki, Azərbaycan haqq savaşında qalib gəldiyi kimi, düzgün xarici siyasət nəticəsində masa arxasında da öz maraqlarını ədalətli şəkildə müdafiə edərək məqsədlərinə nail olur. Ermənistan sülh sazişini gecikdirmək üçün hər nə qədər bəhanələr gətirsə də, müxtəlif yollara əl atsa da, bu, mümkün deyil. Təbii ki, burada Avropa  İttifaqı Şurasının prezidenti Şarl Mişelin də rolu təqdirəlayiqdir. Azərbaycan və Ermənistan arasında görüşlərin keçirilməsi üçün dəstəyini əsirgəməyən Aİ məsələnin tezliklə həll olunması üçün əlindən gələni edir və bu istiqamətdə daim işlər görəcəyini bildirir". 
Beləliklə, sayca dördüncü Brüssel görüşündə Azərbaycan ağıllı, doğru siyasəti nəticəsində növbəti qələbəsini qazandı. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video