06 Iyul 2022 02:04
1721
SİYASƏT
A- A+

Brüssel gündəliyini qalib Azərbaycanın maraqları müəyyən edir

 

Öhdəliklərini yerinə yetirməməsi və ya üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvana baha başa gələ bilər

 

İyulun 4-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.  Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə edilib. İlham Əliyev Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

 

Avropa İttifaqının təşəbbüsləri Azərbaycanın mövqeyi ilə uzlaşır

 

Şarl Mişelin zəngi ilk növbədə onun Aİ Şurasının prezidenti kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı siyasi iradəsinin təcəssümüdür. Məhz Aİ Şurası prezidentinin təşəbbüsü və vasitəçiliyi ilə ötən ilin dekabrından Brüsseldə keçirilən üçtərəfli görüşlərdə münasibətlərin normallaşdırılması istiqamətində vacib razılaşmalar əldə olunub. "Brüssel prosesi" adını alan bu görüşlər Aİ-nin dəstəyi  və təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaradılması deməkdir. Bu isə hələ İkinci Qarabağ müharibəsinə qədər mövcud olmuş, Azərbaycanın qələbəsindən sonra isə fəaliyyətinə lüzum qalmayan Minsk qrupu ilə müqayisədə obyektiv və işlək formatdır. Belə ki, Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri, bütövlükdə prosesə dəstəyi  tamamilə tərəfsizdir. Bu baxımdan onun mövqeyi bir vaxtlar Minsk qrupunun həmsədrlərinin ortaya qoyduqları mövqedən tamamilə fərqlənir və real nəticənin əldə olunmasına hesablanıb.

Brüssel gündəliyinin əsas məqamlarından biri Aİ-nin Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qəbul etməsidir. Bu mənada Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Digər tərəfdən Aİ Şurasının prezidenti heç vaxt "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələri işlətmir, Minsk qrupunun adını çəkmir. Bu fakt da göstərir ki, Aİ Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir.

 

Ermənistan köhnə taktikasına qayıtsa, peşman olacaq

 

Xatırladaq ki, may ayında Brüsseldə keçirilən növbəti üçtərəfli görüşdə razılaşdırılan bütün məsələlər bir daha prosesin Azərbaycanın milli maraq və mənafelərinə uyğun getdiyini göstərdi. Belə ki, görüşdə Ermənistanın hələ 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətindən bəhs olunub. Tərəflər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər.

"Brüssel prosesi" çərçivəsində danışıqların əsas istiqamətini sərhədlərin delimitasiyası təşkil edir. Bu məsələdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində dövlət sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında görüş də keçirilib.  Görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Prezident İlham Əliyev bir neçə gün əvvəl Kəlbəcər rayonundan bununla bağlı Ermənistana xəbərdarlıq edərək deyib: "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq".

 

İndi Minsk qrupunun dövranı deyil

 

Əldə olunan razılıqlardan biri də dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirələrin aparılmasıdır. Lakin sülhün əldə edilməsi üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. 10 noyabr üçtərəfli Bəyanatına əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin olunmalı idi. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından ilyarımdan çox vaxt ötsə də, bu öhdəlik yerinə yetirilməyib. Bu,  Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda qeyd etdiyi kimi, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq.

Prezident İlham Əliyevə telefon zəngi zamanı Şarl Mişel Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Təbii ki, bütün bunları Azərbaycan dövləti dəstəkləyir, çünki Aİ Şurasının toxunduğu hər bir məsələ Bakının mövqeyi ilə üst-üstə düşür.

Nəticələri beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunan 44 günlük müharibənin qalibi kimi, Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır. Bu istiqamətdə müzakirələrdən boyun qaçırması, öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaq. Amma indi Minsk qrupunun dövranı deyil və Aİ-nın vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistana verilən son şansdır. Əks təqdirdə itirən yenə Ermənistan olacaq.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video