08 Iyun 2022 00:53
1859
SİYASƏT
A- A+

Böyük Zəfər möhtəşəm quruculuqla davam edir

 

Qədim Şuşa müasir yanaşma ilə yenidən qurulur, magistral kəmərlər, su anbarları tikilir, şəhər dayanıqlı enerji ilə təmin olunur

 

Yolumuz yenə Şuşayadır...  

Zəfər yolu ilə hər tərəfi yam-yaşıl örpəyə bürünən Qarabağın ecazkar mənzərəsinə tamaşa edə-edə irəliləyirik...  

Dağların arxasından boylanan günəşin şölələri ətrafa yayıldıqca əsrarəngiz gözəllik insanın ruhunu oxşayır.  

Zəfər yolunun hər iki tərəfi ilə drenajlar çəkilib. Yağışlı, qarlı havalarda dağlardan gələn palçıqlı suyun asfalta yayılmaması üçün müvafiq işlər görülüb. Daşaltıdan Şuşaya doğru qalxarkən isə çayın üzərində aparılan tikinti işləri diqqətimizi çəkir və avtomobildən düşüb əraziyə baş çəkirik. Bəlli olur ki, yayda və qışda Şuşanın su təminatında problem yaranmaması üçün çayın üzərində su anbarı tikilir.

Şəhərə yaxınlaşdıqca müasir dəmir dirəklərə birləşdirilmiş yüksəkgərginlikli elektrik xətləri isə onu deməyə əsas verir ki, mədəniyyət paytaxtımız gecə-gündüz dayanıqlı enerji ilə təmin olunur.

Bir sözlə, Şuşadakı tikinti-quruculuq işlərinin hansı sürətlə getdiyini qalaya çatmamış görülən işlərdən aydın təsəvvür etmək mümkündür. 28 il düşmən tapdağında qalan qədim Şuşa indi müasir yanaşma ilə yenidən qurulur və zəfərimizin zirvəsində əsl həyat qaynayır...

 

Daşaltı çayı üzərində yeni su anbarı yaradılır

 

Qala qapısındakı nəzarət-buraxılış məntəqəsini keçmədən ilk qarşılaşdığımız mənzərə Şuşanın daimi su ilə təminatını həyata keçirən "Azərsu" əməkdaşlarının fədakar iş prosesi oldu.

Ötən il Şuşaya səfərimiz zamanı onların çətin iş prosesini yaxından izləmişdik. Həmin zaman Şuşaya Zarıslı və Kirs dağının ətəyindən içməli su xətti çəkilirdi.

Bu dəfə də ilk olaraq onlarla söhbətləşdik:

- Yorulmayasınız. Yaman həvəslə işləyirsiniz...

- Sağ olun, sadəcə işimizi görürük, biz də belə qurub-yaradırıq.

- Burada nə tikilir?

- Yeni su anbarı qururuq çayın üzərində.

- Gündə neçə saat işləyirsiz?

- Vallah saatla işləmirik. Səhər açılandan axşama qədər var gücümüzlə çalışırıq. Arada dincəlirik, amma işimizi də görürük.

- İşiniz avand olsun, sağ olun!

- Siz də sağ olun!

Anbarın tikintisinə rəhbərlik edən şəxsi isə demək olar Azərbaycanda hər kəs tanıyır. Müharibə başa çatandan bəri işğaldan azad edilmiş ərazilərin su təminatını həyata keçirən "Azərsu" ASC-nin qəza-bərpa xidmətinin rəisi, Böyük qayıdışın ilk sakini Oqtay Həziyevdir.

23 il ailəsi ilə birlikdə heç nədən çəkinmədən düşmənin nəzarəti altında olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan birinci dərəcəli "Əmək" ordenli Oqtay Həziyev təkcə Şuşanın deyil, işğaldan azad olunmuş digər ərazilər üzrə də məsuliyyətli bir işin icrasındadır. Artıq iki ilə yaxındır ki, Qarabağın əksər şəhər və rayonlarının içməli su təminatı, əlavə su ehtiyatlarının tapılması prosesinə rəhbərlik edir.

Oqtay Həziyevlə söhbətimiz əsnasında bəlli olur ki, hazırda Şuşa 24 saat dayanıqlı içməli su ilə təmin olunur. Yeni anbarın yaradılma səbəbi isə yayda çaylarda suyun səviyyəsinin aşağı düşməsidir. Ötən yay bu cür hal müşahidə olunduğu üçün qərara gəlinib ki, Daşaltıda anbar tikilsin və daim su ilə təmin olunsun. Əgər yayda analoji hal baş verərsə, anbardakı sudan istifadə edilsin: "Hazırda inşa edilən anbardan Şuşaya 159 diametrlik boru ilə yeni xətt çəkilir. Zarıslı və Nəbilərdən çəkilmiş 426 diametrlik su boruları da bu təzyiqqırıcı anbarda birləşəcək və şəhərin yayda, qışda su ilə təminatında problem yaranmayacaq".

Oqtay Həziyev deyir ki, hazırda Şuşaya iki mənbədən - Zarıslı və Nəbilər (Kirs dağının ətəyindən) içməli su gəlir. Şəhərin daxilində 6 ədəd qazanxana tikilib və onların hamısı su ilə təchiz edilib.

Yeni çəkilən xətlər gələcəkdə Şuşada yaşaması nəzərdə tutulan 20-25 minə yaxın əhalinin dayanıqlı su təminatını həyata keçirəcək. Bundan əlavə, şəhər daxilində 3 ədəd 1000 kubluq anbar inşa olunur. 

Əvvəllər Şuşada keçən sərt qış səbəbindən şəhərə gələn su xətləri donurmuş və əhali suyu vedrələrlə daşımaq məcburiyyətində qalırmış. Amma şəhərə çəkilən yeni su xətləri daha donmayacaq. Bunu Oqtay Həziyev belə izah edir: "Düzdür, əvvəllər belə hallar çox olub. Amma bu gün Şuşaya daha müasir formada, modern avadanlıqlarla su xətləri çəkilir. Özü də bu xətlər 1 metr 70 sm dərinlikdə olacaq. Yəni bu dərinlikdə yerləşdirilən xətlərin donması qeyri-mümkündür".  

Oqtay Həziyevin sözlərinə görə, mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrdə yaranan problemlərin operativ həlli məqsədilə "Azərsu" ASC-nin mühəndis-texniki heyəti və qəza briqadası tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib. Bütün bunlar Şuşanın fasiləsiz su təminatının reallaşması üçün həyata keçirilir.

Gördüklərimizə, eşitdiklərimizə əsasən deyə bilərik ki, şəhərin su təchizatı mükəmməl şəkildə təmin olunur. Bu prosesi həyata keçirənlər isə Şuşanın qurucuları kimi tarixə yazılırlar.  

Su çəkmək savab işdir. Xüsusən də zirvədə yerləşən qalaya su xəttinin çəkilməsi asan iş deyil. Onlar dağları, qayaları yararaq içməli su ehtiyatı axtarır və tapdıqdan sonra isə həmin çətin relyefə malik əraziləri qazmaqla yeraltı su xətləri çəkirlər. Onlar 44 günlük Vətən müharibəsində igid oğullarımızın dillərdə əzbər olan "Şuşa əməliyyat"çılarının qəhrəmanlıq dastanının davamını yazırlar, desək yanılmarıq.

Fədakar insanlara işlərində uğurlar arzulayıb yolumuza davam edirik.

 

Fasiləsiz enerji, fiberoptik kabellə sürətli internet

 

Zəfərimizin zirvəsinə doğru yüksəkliyə qalxırıq. Nəzarət-keçid məntəqəsinə yetişdikdə diqqətimizi çəkən ilk obyekt yolun sağ tərəfində inşa edilən və şəhəri fasiləsiz dayanıqlı enerji ilə təmin edən 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası olur.

Bu rəqəmsal yarımstansiya işğaldan azad ediləndən sonra Şuşa şəhərində istifadəyə verilən ilk obyektdir. Yarımstansiyanın tikintisinə 2020-ci il dekabrın 24-də başlanılıb. 2021-ci il mayın 12-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşaya növbəti səfəri zamanı  rəqəmsal yarımstansiyanın açılışını edib.

Yarımstansiyanın rəisi Kamil Quliyev deyir ki, 44 günlük Vətən müharibəsi bitər-bitməz "AzərEnerji" Şuşanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə təxirəsalınmaz işlərə başlayıb. Ən qısa vaxtda aparılan layihələndirmə və komplektləşdirmə işləri başa çatıb. Belə ki, 2020-ci ilin dekabr ayında 3 istiqamətdə işlərə start verilib. "Şuşa" yarımstansiyasının, o cümlədən Füzuli-Şuşa xəttinin tikintisinə başlanılıb. Eyni zamanda Şuşaya yüksəkgərginlikli xəttin gətiriləcəyi Füzulidəki Şükürbəyli yarımstansiyasının genişləndirilərək yenidən qurulmasına start verilib.

Beləliklə, Füzuli rayonunun "Şükürbəyli" yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə minalı ərazilərdən keçməklə, qarlı, şaxtalı, dumanlı iqlim şəraitində, ən çətin relyefdə ikidövrəli olmaqla, 110 kilovoltluq "Şükürbəyli-Şuşa" hava elektrik verilişi xətti çəkilib. Paralel olaraq çətin şərtlər altında Şuşada 110/35/10 kV-yarımstansiya tikilib və məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşdırılıb. Yəni təkcə Şuşadan deyil, hətta Bakıdan da yarımstansiyadakı vəziyyəti idarə etmək mümkündür.

Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, işlər ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycanın, regionun energetika tarixində rekorddur.

Kamil Quliyev deyir ki, hazırda yarımstansiya şəhəri tam olaraq fasiləsiz və dayanıqlı enerji ilə təmin etmək gücündədir. Yarımstansiyadan şəhərin özünə 35 və 10 kilovoltluq xətlər çəkilib. İkidövrəli 110 kilovoltluq xətlərin arasında sistem elə quraşdırılıb ki, istənilən xətdə qəza baş verdikdə digər xəttin hesabına şəhərin enerjisinin təminatında problem yaranmasın. 

Elektrik xətləri ilə yanaşı, Füzuli yarımstansiyasından yüksək sürətli fiberoptik kabel xətti çəkilib. Bununla da Şuşaya yalnız elektrik enerjisi deyil, eləcə də sürətli internet şəbəkəsi də gətirilib.

 

Şuşada hava yolu ilə elektrik xətti olmayacaq

 

Rəqəmsal yarımstansiyada rəislə bərabər 7 nəfər işçi heyəti - növbətçi mühəndis, üç elektrik mantyoru və iki çilingər növbəli şəkildə çalışır.

Söhbət əsnasında o da bəlli olur ki, Kamil Quliyev 1991-ci ilin oktyabr ayında Şuşada anadan olub. 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı 7 aylıq olan Kamil şəhəri qundaqda tərk edib. Ailəsi məcburi köçkün kimi Bakıda məskunlaşıb. Kamil böyüyüb ali təhsil aldıqdan sonra "Azərişıq" ASC-də mühəndis kimi çalışmağa başlayıb. Vətən müharibəsindəki zəfərimizdən sonra Kamil "AzərEnerji" rəhbərliyinə müraciət edərək Şuşa şəhərində çalışmaq istədiyini bildirib və arzusu gerçəkliyə çevrilib: "Şuşanı tərk edəndə heç bir yaşım olmayıb. Amma indi 30 yaşımda doğma şəhərimə qayıtmışam, mənə elə gəlir ki, sanki elə burada böyümüşəm. Doğma şəhərimin yenidən qurulmasında kiçik payımın olması ilə qürur duyuram".

Bu gün Şuşada işığımız gur yansa da, şəhəri nurlandıranlar daha müasir rəqəmsal yarımstansiyaların tikinti prosesini həyata keçirirlər. Şəhərdə yeraltı elektrik xətləri çəkilir. İşlər başa çatdıqdan sonra Şuşanın hava elektrik xətləri tamamən yığışdırılacaq, bütün dirəklər söküləcək. Yəni Şuşada hava yolu ilə elektrik xətti olmayacaq, bütün xətlər yeraltı çəkiləcək. Bu isə o deməkdir ki, küləkli, yağışlı, qarlı havada Şuşanın elektrik enerjisi ilə təminatı prosesində problem yaşanmayacaq.

28 il zindan həyatı yaşayan şəhərin qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən gözəl şəhərinə çevrilən Şuşanın gecələri düşmənin bağrını yarır. Şuşanın timsalında zəfərimiz parlayır.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video