21 May 2022 00:56
963
Mədəniyyət
A- A+

Böyük şəxsiyyətin irsinə dəyərli töhfə

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya siyasətini dəyişdirməyə, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslərə təsir göstərməyə qadir olan görkəmli dövlət xadimi idi. Bu dahi rəhbər eyni zamanda Azərbaycanda müstəqil dövlətçiliyin taleyini həll etmiş qüdrətli lider olub. Heydər Əliyev həm də xalqımızın və müstəqil dövlətimizin gələcək inkişaf strategiyasını da müəyyən etmişdir. Bütün bunlara görə həm dünyada, həm də ölkəmizdə görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təcrübəsi və siyasi irsi geniş şəkildə tədqiq edilib öyrənilir. Son yarım əsr ərzində Ulu Öndər haqqında Azərbaycanda və dünya ölkələrində yazılıb nəşr edilmiş kitablardan və məqalələrdən müstəqil bir kitabxana yaratmaq mümkündür.

Bütün bunları nəzərə alaraq aparılan araşdırmaların nəticəsində meydana çıxmış kitabları və çoxsaylı elmi-publisist məqalələri belə qruplaşdırmaq olar: Birincisi, Ulu Öndərin dövlətçilik fəaliyyətinin təbliğinə həsr olunmuş kütləvi nəşrlərdir. Belə nəşrlərə daha çox albomlar, bukletlər, tanıtma kitabları və publisist məqalələr daxildir. İkincisi, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif istiqamətlərini şərh edən və təbliğ edən əsərlərdir ki, bunları elmi-kütləvi nəşrlər adlandırmaq olar. Üçüncüsü isə Heydər Əliyevin çoxillik dövlətçilik fəaliyyətini və siyasi irsini elmi-nəzəri cəhətdən araşdırıb tədqiq edən əsərlərdir ki, bunlar sırf elmi nəşrlərdir.

Fikrimizcə, yuxarıda qeyd edilən kütləvi nəşrlər və elmi-kütləvi ədəbiyyat görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halına və çoxcəhətli fəaliyyətinə həsr edilmiş elmi-nəzəri əsərlər üçün mənbə və hazırlıq funksiyasını yerinə yetirmişdir. Məhz həmin hazırlıq mərhələsindən sonra Heydər Əliyevşünaslığın monoqrafik tədqiqatlar dövrü başlanmışdır. Azərbaycan Respublikası Milli Məclisinin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Sadıq Qurbanovun "Zamana sığmayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı kitabı Heydər Əliyevşünaslığın elmi nəşrlər istiqamətinə aid olan ciddi monoqrafik tədqiqat əsəridir. Bu qiymətli nəşrdə Sadıq Qurbanov Ulu Öndərin çoxillik və çoxcəhətli fəaliyyəti ilə əlaqədar aşağıdakı problemlərin həlli istiqamətində araşdırmalar apararaq, mühüm elmi-siyasi nəticələrə gəlmişdir:

Birincisi, bu kitabda Ulu Öndər Heydər Əliyevin Sovet hakimiyyəti illərindən başlamış müstəqillik illərinin çətin dövrlərinə qədər davam edən praktik dövlət idarəçiliyi fəaliyyətinin fəlsəfəsi meydana qoyulur, onun dövlətçilik təcrübəsinin mahiyyəti aydınlaşdırılır. İkincisi, Sadiq Qurbanovun yazdığı bu kitabda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin elmi-fəlsəfi əsasları müəyyən olunur. Üçüncüsü, müşahidə elədiyim cəhətlərdən biri də budur ki, bu kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı məqsədyönlü siyasətin, qazandığı möhtəşəm nailiyyətlərin timsalında Heydər Əliyev siyasətinin davamlı olması, əbədiyaşarlılığı prosesi elmi, siyasi, fəlsəfi cəhətdən əsaslandırılır.

"Zamana sığmayan lider" monoqrafiyasının daha bir mühüm cəhəti isə onun görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda apardığı mübarizənin fəal iştirakçılarından biri olan Sadiq Qurbanov tərəfindən yazılmasından ibarətdir. Məhz böyük ideala xidmət etmək istiqamətində mənəvi borc hissinin və nəzəriyyə ilə təcrübənin vəhdəti "Zamana sığmayan lider" kitabının özünəməxsusluğunu müəyyən edir.

Xüsusi özünəməxsusluqdan biri də Sadiq Qurbanovun görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin zamanın böyük sınaqlarından çıxaraq, özünü isbat etmiş parlaq şəxsiyyətinə və xidmətlərinə ümummilli liderlik yüksəkliyindən qiymət verilməsidir. Ümummilli liderlik həqiqətən də Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində görkəmli dövlət xadimi Heydər Əliyevə məxsus müstəsna xidmətdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin müstəqil dövlətçiliyin memarının dövlətçilik təliminin müasirliyi və əbədiyaşarlığı haqqında aşağıdakı fikirlərinin əsas istinad nöqtəsi kimi seçilməsi "Zamana sığmayan lider" kitabının, obrazlı şəkildə desək, strategiya və taktikasını müəyyən edir: "Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun fəlsəfəsi, Azərbaycançılıq fəlsəfəsi, idealogiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır, onun yolu ilə inkişaf edir... Biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparmalıyıq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək, onun yolu ilə gələcəyə aparaq".

Eyni zamanda monoqrafiyada dünya-şöhrətli görkəmli yazıçı Çingiz Aytmatovun Heydər Əliyevi "həqiqətən tarixi və hətta əfsanəvi şəxsiyyət" kimi qiymətləndirməsinin diqqət mərkəzinə çəkilməsi "Zamana sığmayan lider" kitabında şəxsiyyətin miqyasına işıq salan əsas amil kimi çıxış edir.

Kitabda görkəmli dövlət xadimi Heydər Əliyevdən çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində dövlət idarəçiliyinə kompleks yanaşma metodunu həyata keçirən dahi şəxsiyyət kimi bəhs edilir. Dahi şəxsiyyətin "siyasətin patriarxı", "siyasət nəhəngi" adlandırılması da düzgün olaraq onun "Azərbaycanın inkişafına işıq salan ideya kompası" adlandırılan kompleks yanaşma meyarı əsasında ölkədə və dünya siyasətində qazandığı böyük uğurlarla əlaqələndirilmişdir. Haqlı olaraq Heydər Əliyevin daxili və xarici siyasəti vəhdətdə nəzərə alması, böyük bacarıqla cəmiyyət həyatında siyasi, iqtisadi, mədəni, mənəvi amilləri üzvü əlaqədə tətbiq etməsi, onun siyasət fəlsəfəsinin əsasları kimi təqdim olunmuşdur. Eyni zamanda monoqrafiyada Heydər Əliyevin sözlə əməlin, siyasətlə əxlaqın, idealla reallığın üzvü sintezini əsas prinsip kimi qəbul etməsi də dahi şəxsiyyətin dövlətçilik təliminin əsasını təşkil edən kompleks yanaşma prinsipinin bariz ifadəsi hesab edilir. Bütün bunlar Sadiq Qurbanov tərəfindən Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi məqsədyönlü islahatları və atdığı düşünülmüş addımların əsasında şərh olunmuşdur.

Sadiq Qurbanov ilk dəfə olaraq Heydər Əliyevin siyasət fəlsəfəsini tarixi köklərini milli dövlətçilik ənənələri, türk dünyası ilə dünya siyasətinin dərindən dərk edilib qiymətləndirilməsi ilə vəhdətdə öyrənmişdir. "Zamana sığmayan lider" kitabında Heydər Əliyevin görkəmli dövlət xadimi və ümummilli liderlik miqyasına yüksəlməsinin mərhələləri elmi şəkildə şərh edilmişdir. Haqlı olaraq müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, dövlət müstəqilliyinin dönməzliyinin təmin olunması, milli-tarixi şüurun bərpa edilməsi, milli dövlət təhlükəsizliyi sisteminin yaradılması, sabitliyin və davamlı inkişafın təmin olunması Heydər Əliyevin dövlətçilik təliminin əsas istiqamətləri hesab edilmişdir.

"Zamana sığmayan lider" kitabında görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə milli dövlətçilik ideologiyasının formalaşdırılmasındakı rolu haqlı olaraq müstəqil bir fəslin mövzusuna çevrilmişdir. Bu məqsədlə ilk dəfə 1796-cı ildə "ideologiya" sözünü işlədən fransız filosofu Destüt de Trasidən başlayaraq bizim günlərə qədər bu anlayışın təkamül proseslərinə nəzər salınmışdır. Bu əsasda Heydər Əliyevin azərbaycançılıq təliminin tarixi-siyasi prinsipləri elmi şəkildə işlənilmişdir. Milli ideologiya nədən ibarət olmalıdır sualına elmi şəkildə cavab verən Sadiq Qurbanov millilik, dövlətçilik, müstəqillik və dünyəviliyin görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik ideologiyasının əsaslarını təşkil etməsini həyati nümunələr və nəzəri təhlillər əsasında düzgün müəyyən etmişdir. Haqlı olaraq azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən müstəqil dövlətçilik ideologiyası kimi təqdim edilməsi dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətinin bəyan edilməsinə xidmətin nümunəsi kimi təqdim olunmuşdur.

Sadiq Qurbanov haqlı olaraq qeyd edir ki, Azərbaycan dili, Azərbaycan xalqı və müstəqil Azərbaycan dövlətçiliyi anlayışlarından hər biri Heydər Əliyev tərəfindən müəyyən edilmiş azərbaycançılıq ideologiyasının əsas atributları olaraq qiymətləndirilmişdir. Heydər Əliyevin müstəqil ölkəmizdə dövlət dili anlayışına müstəqil dövlətçilik nöqteyi-nəzərindən qiymət verməsi nəticə etibarilə Azərbaycan xalqı amilinin mahiyyətinin açılmasına işıq salmışdır. Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan xalqı təliminin ölkəmizdə ümummilli birlik və həmrəylik yaratmağın nümunəsi kimi nəzərə çatdırılır. Sadiq Qurbanov haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır. Bütün bunlara görə bu kitab Azərbaycan Heydər Əliyevşünaslığında əhəmiyyətli elmi hadisələrdən biri hesab edilməyə layiqdir.

Monoqrafiyada ilk dəfə olaraq Heydər Əliyev fenomenindən Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri zəminində tarixi varislik və şəxsiyyətin miqyası əsasında bəhs edilmişdir. Müəllif haqlı olaraq məsələyə məhz tarixi varislik ənənəsi əsasında yanaşdıqdan sonra siyasi varislik fenomeninin meydana çıxması məsələsini kitabın ayrıca fəslində öyrətmək, şərh etmək missiyasını da uğurla yerinə yetirmişdir. Sadiq Qurbanov əsaslı şəkildə izah etmişdir ki, Prezident İlham Əliyevin timsalında həm Azərbaycanın çoxəsrlik dövlətçilik təcrübəsi, həm də Ulu Öndər, Ümummilli Lider kimi görkəmli bir tarixi şəxsiyyətin, böyük dövlət xadiminin dövlətçilik məktəbi XXI əsrin yeni tipli liderini meydana qoymuşdur. Beləliklə, Prezident İlham Əliyevin simasında tarixi liderlik ənənəsi ilə siyasi liderlik bir-birini tamamlamışdır. Kitabın "Ona özüm qədər inanıram" adlanan üçüncü fəslində müstəqil Azərbaycan dövlətinin inkişafında yeni və mühüm bir tarixi mərhələ olan İlham Əliyev erasının elmi-siyasi panoraması yaradılmışdır. Müəllif haqlı olaraq bu kitabda XXI əsr Azərbaycanın tarixində iqtisadi, mədəni, siyasi, diplomatik istiqamətlərdə baş verən bütün transformasiyaların, modernləşmə proseslərinin, möhtəşəm inkişafın arxasında qüdrətli bir liderin dayandığını, yeni tipli bir görkəmli dövlət xadiminin respublikaya uğurla rəhbərlik etdiyini danılmaz faktlarla, düşünülmüş siyasi-ideoloji təhlillər vasitəsilə əsaslandırmaq missiyasını bacarıqla yerinə yetirmişdir.

Sabiq Qurbanov Heydər Əliyevin kompleks yanaşma prinsipinin İlham Əliyev tərəfindən çoxaspektli yanaşma, çoxlektorlu inkişaf metodu ilə əvəzləməsini əslində, həm də siyasi varisliyin günümüzdəki yeni modeldə təzahürü kimi dəyərləndirir. Eyni zamanda monoqrafiyada Prezident İlham Əliyevin çevik idarəçilik modelinin və praqmatik siyasətinin mahiyyəti açıqlanmış, ölkəmizdə qazanılan böyük nailiyyətlərin və dünya birliyində əldə edilmiş mühüm nəticələrin timsalında möhtəşəm nəticələrindən bəhs edilmişdir. Bu kitabda müxtəlif görkəmli dövlət xadimlərinin ölkəmizin Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətinə verdiyi çox yüksək qiymət həm Heydər Əliyevin dövlətçilik məktəbinin ənənələrinə, həm də böyük inkişaf proseslərinə verilmiş qiymətin təzahürləri, əyani ifadəsi kimi qiymətləndirilir. Bu baxımdan kitab bütöv bir epoxanı özündə ümumiləşdirən, real şəkildə əks etdirən monoqrafik tədqiqat kimi diqqəti cəlb edir. Heydər Əliyev-İlham Əliyev epoxasından bəhs edən monoqrafiyada Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən ilk dəfə olaraq müstəqil bir fəsildə söz açılır. Mehriban xanımın həm xoşməramlı missiyası və mədəniyyətimizin, elmimizin, təhsilimizin hamisi olması, həm də Ulu Öndər Heydər Əliyevin siyasi irsinə, Prezident İlham Əliyevin apardığı siyasətə bütün yönləri ilə dəstək verməsi bu kitabda elmi cəhətdən mükəmməl şəkildə əsaslandırılmışdır.

"Zamana sığmayan lider" kitabında diqqətimi cəlb edən bir sitatdan çıxış edərək fikrimi tamamlamaq istəyirəm. Sadiq Qurbanovun bu kitabında cənab Prezidentin 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında söylədiyi aşağıdakı fikirlər vardır: "Biz gələcəyə baxmalıyıq, biz zamanı qabaqlamalıyıq. Bizim ən böyük rəqibimiz bu gün zamandır". Oxuculara təqdim edilən kitabın adı isə "Zamana sığmayan lider"dir. Zamana sığmayan lider deyəndə Sadiq Qurbanov haqlı olaraq Ulu Öndər Heydər Əliyevi nəzərdə tutmuşdur. Diqqət etdiyim sitatdan aydın görünür ki, bugünkü liderimiz, möhtərəm Prezidentimiz İlham Əliyev isə zamanla rəqabət aparan, zamanı qabaqlayan liderdir. Məhz bu kitab zamana sığmayan liderdən zamanı qabaqlayan, zamanla rəqabət aparan liderə qədərki Azərbaycanın inkişafının bütün reallıqlarını və gələcək perspektivlərini siyasi və elmi cəhətdən hərtərəfli şəkildə təqdim edən əhəmiyyətli tədqiqat əsəridir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video