29 Sentyabr 2022 00:53
467
CƏMİYYƏT
A- A+

Böyük qayıdışın reallıqları qürur doğurur

 

Ölkəmizin cənub-qərbində, Kiçik Qafqazın qoynunda yerləşən Laçın şəhəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "dəmir yumruğ"u və Azərbaycan Ordusunun şücaəti sayəsində başa çatan Vətən müharibəsindən sonra 1 dekabr 2020-ci ildə işğaldan azad olunub. 
2022-ci il avqustun 26-da Rusiya sulhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib.
Düşmən tapdağı altında olanda solaraq bozaran Laçında indi başqa ovqat yaşanır, illərlə sahibinin yolunu gözləyən torpağın da, daşın da, gülün, çəmənin də ümidləri cücərib, azadlığa qovuşub. Sahəsi 1840 kvadratkilometr, əhalisi 1 yanvar 2020-ci il tarixə 78,6 min nəfər olan Laçında dövlət başçısının fərman və sərəncamlarına əsasən geniş tikinti-quruculuq və bərpa işlərinə başlanılıb. Görülən və planlaşdırılan hər bir iş birbaşa dövlət başçısının nəzarətindədir.
Sentyabrın 21-də Laçına səfəri zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində salınan xüsusi əhəmiyyətə malik uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olan Azərbaycan Prezidenti daha sonra "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində tikiləcək "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
Ümumi gücü 80 meqavatamper olacaq qovşaq funksiyasını daşıyacaq strateji əhəmiyyətə malik bu yarımstansiya istifadəyə veriləndən sonra Qarabağ və Şərqi Zəngəzurda enerji verilişində fasilə yaranmayacaq.
Laçın Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Hüseynov bildirir ki, dövlət başçısının Laçına səfəri zamanı müqəddəs bayrağımızın rayon mərkəzində ucaldılmasından sonra dərin məzmunlu çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılandı. Dövlət başçısı bu çıxışında 44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın kapitulyasiya aktına imza atmasından, Azərbaycanın tarixi zəfərindən danışaraq, şəhidlərimizin canı-qanı bahasına, qəhrəman ordumuzun fədakarlığı sayəsində hazırda bu tarixi torpaqlarda olduğumuzu bildirdi. Qarabağla bağlı bütün danışıqlarda Azərbaycan xalqının işğalla barışmayacağını təkrar-təkrar söyləyən Prezident diplomatk yolla həll edilməyən problemi hərb yolu ilə aradan qaldıran qalib sərkərdə kimi Laçında önəmli mesajlar verdi. 
Çıxışında Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar, BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edərək, Azərbaycanın tarixi torpaqlarından çıxarmalı və işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməli idi. Təəssüf ki, bunların heç biri yerinə yetirilmədi.
Görünən o oldu ki, münaqişəni ədalətli həll etmək məsuliyyətini üzərinə götürən bu təşkilatlar tərəfindən Azərbaycanın haqq işinə biganəlik göstərildi. Buna görə də müharibədə məsuliyyət daşıyan tərəflərdən biri də məhz beynəlxalq təşkilatlar və Ermənistanı himayə edən siyasi qüvvələr idi.
İndi laçınlılar Böyük qayıdışı səbirsizliklə gözləyirlər. Onlar doğma yurdlarının işğaldan azad edilməsindən, aparılan tikinti-quruculuq işlərindən qürur duyurlar. Azərbaycan Prezidenti Laçında olarkən Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanının 240 metr uzunluğunda giriş tunelinin inşası ilə maraqlandı. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası sürətlə davam edir.
Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcələrə uyğun olaraq inşa edilir. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Bu yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
Daha bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti  bölgədə olarkən "Laçın" Qovşaq Yarımstansiyasının təməli qoyulub. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından çıxaraq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyalarına, oradan isə "Güləbird" Su-Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, "Daşkəsən" Yarımstansiyasından "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin "Şükürbəyli" Yarımstansiyasından "Füzuli" və "Şuşa" Yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt "Laçın" Şəhər Yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Yəni Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.
Laçının yenidən qurulmasına xüsusi önəm verən Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat, habelə bundan əvvəl Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsindən respublika Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 800 min manat ayrılmışdır. 
Görünən odur ki, Böyük qayıdışın reallıqları ölkə ictimaiyyətində, xüsusən də laçınlılarda qürur doğurur. 

Rəhman SALMANLI, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video