Böyük ömrün səhifələri
İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
Heydər ƏLİYEV
Böyük şəxsiyyətlər böyük, mənalı ömür yaşayırlar!
Ömrün böyüklüyü görülən işlərin miqyası, nəhəngliyi ilə ölçülür.
Ömrün mənasını isə insanlara, bütövlükdə xalqa fayda, rahatlıq, xoş güzəran bəxş edən əməllər təşkil edir.
Bəşər tarixində əldə qılınc at belində, top-tüfənglə, tank-təyyarə ilə müharibələr apararaq qalib gələnlər çox olub.
Dünyaya ölkələr fəth edən, imperiya quran çoxlu sərkərdələr də gəlib gedib.
Ancaq bu fateh və sərkərdələrin bir qismi böyük dövlətlər yaratsalar da, xeyirxah və mərhəmətli insanlar kimi tanınmayıblar.
Bəlkə də əksinə...
Ulu Öndər Heydər Əliyev dünyada görkəmli şəxsiyyət və siyasi xadim kimi qəbul olunub, ölkəmizdə isə qurucu rəhbər, mərd və xeyirxah insan, müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı kimi ürəklərdə yaşayır və daim yaşayacaqdır.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunan 2023-cü ildə biz sevimli rəhbərimizi daim xatırlayacaq, onun dövlətimiz, xalqımız naminə gördüyü işləri bir daha minnətdarlıqla yada salacağıq.
***
Heydər Əliyev xarizmatik şəxsiyyət idi!
Onun fitri istedadı, nadir işgüzarlıq qabiliyyəti, yüksək təşkilatçılıq bacarığı, qeyri-adi yaddaşı, parlaq və sinədəftər nitq söyləmək məharəti vardı.
Bütün bunların sayəsində Ulu Öndər hələ yeniyetməlik və gənclik dövründən başqalarından fərqlənmiş, sadə və zəhmətkeş ailədən çıxsa da, ən yüksək vəzifəyə çatmış, - superdövlət sayılan SSRİ-nin rəhbərlərindən birinə çevrilmişdi.
Moskvada, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışdıqda da fərqlənmiş, dünyada tanınıb məşhurlaşmışdır.
Həyatı, böyük ömrü müxtəlif çətinliklər və təlatümlərlə dolu olmuşdur.
Heydər Əliyev vəzifə olimpinin ən yüksək zirvəsinə çatan, sonra hər şeydən ədalətsizcəsinə məhrum edilən, bir kənara çəkilən, amma yenidən Günəş kimi parlayaraq Vətəninə və xalqına sonsuz faydalar gətirən nadir şəxsiyyətlərdəndir!
Dünyada belə görkəmli simalar barmaqla sayılacaq qədər az olub!
Fəxr edirik ki, Azərbaycan xalqının böyük oğlu da xalqının ən çətin, ən sınaqlı və ən ağır günlərində daim onunla birgə olub, dövləti və milləti təhlükələrdən qoruyub, onun müstəqillik arzusunu əbədiliyə və dönməzliyə çevirib.
***
Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik edib: sovet dövründə və müstəqillik illərində!
Hər iki dövr bir-birindən kəskin şəkildə fərqlənir!
Təkcə ayrı-ayrı ictimai-siyasi formasiya olmaları baxımından deyil, həm də həmin dövrdə Azərbaycanda baş verən qeyri-adi hadisələr, inkişaf və təlatümlər, dövlətin və xalqın taleyi sarıdan da!
Dövr və zaman, hədəf və məqsədlər müxtəlif olsa da, Ulu Öndərimizin məramı bir olub: xalqa sədaqətlə xidmət, dövləti qorumaq və inkişaf etdirmək, insanları rifaha və xoş günlərə çatdırmaq!
***
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbər seçiləndə ölkə geridə qalmış, aqrar respublika idi.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələnədək uzun bir həyat yolu keçmişdi.
Maraqlı və diqqətçəkən məqamlardan biri də odur ki, Ulu Öndər Heydər Əliyev çalışdığı bütün vəzifələrdə müəyyən "korrektələr" aparmışdır. Yenilik və dəyişikliklər isə mahiyyətcə xalqın mənafe və maraqlarına xidmət etmişdir.
Dövlət Təhlükəsizliyi Komitəsi - təkcə bu ad adamların canına üşütmə salır, boğazlarını qurudurdu.
Bu ad həmişə repressiya, sürgün, həbsxana və digər cəzalandırma növlərinin sinoniminə çevrilmişdir.
Sovet hakimiyyəti yarandığı ilk gündən "proletariatın diktaturası" olduğunu elan etmiş, insan taleyini uşaq oyuncağına çevirmiş, kütləvi repressiya, terror və güllələnmə cəzasından gen-bol istifadə etmişdi.
Belə cəzaların icraçısı isə birbaşa bu qurumun adı ilə bağlı idi!
Ulu Öndər Heydər Əliyev gənc yaşlarından bu "qorxulu qurum"da çalışmışdı.
Bir məqama da diqqət çəkirik ki, adətən, Dövlət Təhlükəsizlik Komitələrində yüksək posta qeyri-millətin nümayəndələri təyin edilmirdi.
Ulu Öndər Heydər Əliyev isə bəsirət və bacarığı sayəsində bu sahədə general rütbəsinə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsinə yüksəlmişdi.
Həmin dövrdə kütləvi həbslərə və sürgünlərə son qoyulsa da, "dissident" ovu davam edirdi.
Mövcud quruluşdan narazı olanlar, başqa cür düşünənlər müxtəlif bəhanələrlə həbsxanalara atılır, cəmiyyətdən təcrid olunurdular.
Ulu Öndərin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə bir nəfər belə dissident damğası ilə həbsxanaya atılmadı!
Halbuki gənclər arasında kifayət qədər başqa cür düşünən və bunu müxtəlif formada ifadə edənlər az deyildi!
***
Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə də xalqına və millətinə daim fayda verməyi bacardı.
SSRİ-də bütün imkanlar mərkəzin - Kremlin maraqlarının təmininə xidmət edirdi.
Dövlətin - 14 müttəfiq respublikanın bütün qazancı mərkəzdə yerləşən "ittifaq büdcəsi"nə toplanır, sonra oradan respublikalara "pay" ayrılırdı.
"Pay" ayırmalarının da xüsusi qayda və prinsipləri vardı.
Ulu Öndər Heydər Əliyev sovet quruluşunun incəliklərini dərindən bildiyindən ondan Azərbaycanın və Azərbaycan xalqının necə bəhrələnməsini də təmin edirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə gördüyü nəhəng işlərin bir qismini qısa şəkildə xatırlayaq:
* Dövlət planlarının yerinə yetirilməsini təmin edərək daim ittifaq büdcəsindən ölkəyə nəzərdə tutulan, bəzən daha artıq vəsaitin ayrılmasına nail olurdu;
* Neft sənayesindəki gerilik aradan qaldırıldı və yeni inkişaf dövrünə qədəm qoyuldu;
* Kənd təsərrüfatının sürətli inkişaf dövrü başladı;
* Azərbaycan kəndinin siması əsaslı şəkildə dəyişdi, kənddə həyat səviyyəsi və rifah halı xeyli yüksəldi;
* Bakıda çoxsaylı yaşayış binaları tikildi, yeni mikrorayonlar salındı;
* Yeni ali təhsil ocaqları yaradıldı, mədəniyyət obyektləri, kitabxanalar, muzeylər tikildi;
* Nadir ixtisaslar üzrə SSRİ-nin digər şəhərlərindəki ali məktəblərdə dövlət hesabına mütəxəssis hazırlığı həyata keçirildi.
* Zabit kadrlarının hazırlanması işinə başlandı;
* Yüzlərlə insan orden və medallar, fəxri adlar, dövlət mükafatları ilə təltif edildi və s.
***
Azərbaycanın dövlət müstəqilliyi çox çətin və ağır dövrə düşdü!
Vəziyyəti gərginləşdirən səbəblərdən biri də xalqın öz sınanmış oğlundan ayrı düşməsi, maymaq, qorxaq, naşı və səriştəsiz rəhbərlərin əlində qalması idi.
Dünyanın işinə bax ki, respublikanın ozamankı rəhbərləri Heydər Əliyevə öz əli ilə tikib qurduğu Bakıda yaşamağa belə imkan və şərait yaratmadılar.
Lakin Azərbaycan fəlakət həddinə çatanda, xalq dövlətin və müstəqilliyin xilası üçün öz rəhbərinə müraciət edəndə Ulu Öndər Heydər Əliyev bu çağırışa biganə qalmadı!
Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də tarixə yazılacaq bir çox uğur və nailiyyətlərə imza atdı:
* Azərbaycanı kiçik xanlıqlara parçalanmaqdan, müstəqilliyini itirməkdən, xaos və anarxiyadan xilas etdi;
* Müstəqilliyimizi əbədiliyə çevirdi;
* "Əsrin müqaviləsi" neft kontraktını imzalamaqla Xəzər neftini dünya üçün yenidən kəşf etdi;
* Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişini reallaşdırmaqla Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarılmasına nail oldu;
* Bakı-Tbilisi-Ərzurum qaz ixracı boru kəmərinin çəkilişinə start verilməsi, əslində, Azərbaycanın Avropaya qaz ixracının başlanmasının əsasına çevrildi;
* Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olundu;
* Ordu quruculuğu prosesinə başlanıldı;
* Yeni Konstitusiya hazırlanaraq qəbul edildi;
* Sərbəst bazar iqtisadiyyatına keçidi şərtləndirən əsaslı islahatlar aparıldı və s.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gördüyü nəhəng işlər arasında iki mühüm məqamı xüsusi qeyd etmək istəyirik:
* Azərbaycanın sürətli, davamlı və sabit inkişafını təmin edən doğru istiqamətin - Heydər Əliyev siyasi kursunun müəyyən edilməsi;
* Ulu Öndərin siyasi varisinin yetişdirilərək xalqın və dövlətin gələcək taleyinin etibarlı əllərə tapşırılması!
***
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində saysız-hesabsız işlər görülmüş, fabrik və zavodlar, yeni müəssisələr tikilib istifadəyə verilmiş, kəndlər, şəhərlər yenidən qurulub abadlaşdırılmış, yüz minlərlə gənc təhsil alıb əmək fəaliyyətinə başlamış, insanların həyatı əsaslı şəkildə yaxşılaşmış, vəzifə pillələri ilə irəliləmiş, özlərinə xoş güzəran qurmuşlar.
Heydər Əliyevin bilavasitə rəhbərliyi altında işləyənlər, onunla haçansa təmas quranlar, səxavət və comərdliyindən bəhrələnənlər böyük rəhbəri heç zaman unutmamış, onun xeyirxahlıqlarını və gördüyü işləri daim minnətdarlıqla xatırlamışlar.
Bütövlükdə Heydər Əliyevin ictimai-siyasi və dövlət rəhbərliyi ilə bağlı çoxsaylı məqalələr, əsərlər yazılmış, cild-cild kitablar buraxılmışdır.
Yeni Azərbaycan Partiyası uzun illər boyu yazılan məqalələrin toplanaraq ayrı-ayrı kitablara çevrilməsi sahəsində səmərəli işlər görmüşdür.
Heydər Əliyev Fondu da bu məsələyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Heydər Əliyevin bir insan kimi fəaliyyəti, böyük ürək sahibi və qayğıkeş rəhbərliyi, ayrı-ayrı insanlara xüsusi mərhəməti, çətinliyə düşənlərə daim əl uzatması ilə bağlı saysız-hesabsız faktlar da mövcuddur.
Bu tip xatirələrin toplanması, qələmə alınması və kitablara çevrilməsi missiyasına "Azərbaycan" qəzeti xüsusi həssaslıqla yanaşmışdır.
Qəzetimizdə "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" adlı xüsusi rubrika açılmış, müxtəlif insanların müxtəlif dövrdə Ulu Öndərlə bağlı xatirələri sistemli şəkildə dərc edilmişdir.
Çox keçmədən "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" adlı ilk kitab (Bakı, "Təhsil" nəşriyyatı, 2005, 372 səh.) işıq üzü görmüşdür.
Kitab böyük maraqla qarşılanmış, cəmiyyətdə güclü əks-səda doğurmuşdur.
Ayrı-ayrı insanlar redaksiyaya gəlir, məktublar vasitəsilə Ulu Öndər haqqında ən qiymətli və əziz xatirələrini bölüşür, həyatlarında xüsusi rolu olmuş bu böyük şəxsiyyət barəsində ürək sözlərini və minnətdarlıq duyğularını oxucularımıza çatdırmaq istəklərini söyləyirdilər.
Uzun illər davam edən bu rubrikada gedən materialların məzmunu və dəyəri, Ulu Öndərin bir insan kimi əzəmətini göstərən real faktların insanlar tərəfindən məhəbbətlə anılması "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" adlı daha bir ikicildliyin (Bakı, 2013, 396 səh. və Bakı, 2013, 184 səh.) yaranması ilə nəticələndi.
***
Bu il Azərbaycanda və dünyanın bir sıra ölkələrində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd ediləcəkdir.
Dövlət başçısı cənab İlham Əliyev bu münasibətlə xüsusi tədbirlər planı imzalamışdır.
Qələm əhli olaraq biz də Ulu Öndərimiz haqqında xatirələrin oxuculara çatdırılmasını özümüzə mənəvi borc sayırıq.
Heydər Əliyevlə görüşmüş, rəhbər səxavətindən bəhrələnmiş və bu barədə işıqlı xatirələrini yazmış insanların bir çoxu artıq əbədiyyətə qovuşmuşdur.
Faktlar və hadisələr isə daim tarixdə yaşayır.
"Azərbaycan" qəzeti yubiley ilində yenidən "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" rubrikasını davam etdirərək ayrı-ayrı insanların müxtəlif dövrlərdə söylədiklərini yeni nəsillərə də çatdırmaq məramındadır.
Beləliklə, oxucu marağını nəzərə alaraq "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" kitablarında çap olunmuş bəzi xatirələri yenidən dərc edirik. Bu silsilədə ilk məqalə olaraq Ulu Öndər Heydər Əliyevin 87 il öncə Naxçıvan Pedaqoji Texnikumunda birgə təhsil aldıqları Zərqələm Əliyevanın xatirələrini çap edirik.
Ən böyük istəyimiz isə bu xatirələrin ingilis, rus, ərəb dillərinə tərcümə olunaraq yenidən kitab halında nəşr edilməsidir.
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib
23 Aprel
Xankəndidə silah-sursat aşkarlanıb
23 Aprel
Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava
23 Aprel
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
23 Aprel
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
23 Aprel
Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb...
23 Aprel
Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz
23 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi
23 Aprel
Hesabat: Dünyanı ən çox narahat edən 15 problem
23 Aprel
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!