20 May 2022 01:33
715
İQTİSADİYYAT
A- A+

Böyük işin kiçik zəhmətkeşləri

 

BMT faydalı həşəratları, xüsusən də arıları qorumaq üçün proqram hazırlayıb

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 5 il öncə, 2017-ci ilin may ayının 20-nin Ümumdünya Arılar Günü kimi qeyd edilməsinə dair qərar verib.

Bunun təşəbbüskarı qədimdən arıçılıq ənənələrinə malik olan Sloveniya ölkəsidir. 20 may tarixi təsadüfən seçilməyib. 1734-cü ilin bu günü müasir arıçılığın əsasını qoyan sloven əsilli arıçı və rəssam Anton Yanşa anadan olub.

Mütəxəssislərin fikrincə, bütün kənd təsərrüfatı məhsullarının 75 faizindən çoxunun istehsalı tozlandırıcılardan, o cümlədən arılardan, kəpənəklərdən və digər həşəratlardan, eləcə də bəzi növ quşlardan və hətta yarasalardan asılıdır. İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, kənd təsərrüfatında insektisidlərin istifadəsi və bir çox digər mənfi amillər onların mövcudluğunu təhlükə altına alır.

 

Davamlı inkişaf məqsədləri

 

BMT diqqəti təkcə arıların deyil, həm də bütün digər tozlandırıcıların qorunması probleminə cəlb etməyə çalışır və bunlar təkcə həşəratlar deyil, həm də bəzi quşların və yarasaların növləridir. Yeni kənd təsərrüfatı texnologiyalarına baxmayaraq, insan tozlandırıcıların "xidmətləri" olmadan məhsul əldə edə bilməz.

Belə ki, bütün bitki məhsullarının 75 faizinə qədər istehsalı onlardan asılıdır. Lakin öz köməkçilərinin mövcudluğunu təhdid edən də məhz insanın iqtisadi fəaliyyətidir: iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, urbanizasiya, meşələrin və çəmənliklərin məhv edilməsi, insektisidlərin istifadəsi bütün dünyada həşəratların sayının azalmasına səbəb olur.

 

Təbii tozlandırıcılara alternativ yoxdur

 

Bu problem tərəvəz, meyvə və taxıl yetişdirmək üçün ənənəvi üsullardan istifadə edən fərdi fermerlər və kiçik kənd təsərrüfatı müəssisələri üçün xüsusilə aktualdır - onlar üçün təbii tozlandırıcılara alternativ yoxdur. 

Bu problemlər mütəmadi olaraq BMT-nin Baş Qərargahında və Romada Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) keçirilən tematik sessiyalarda müzakirə olunur. FAO-nun baş direktoru Xose Qratsiano da Silvanın dediyinə görə, Ümumdünya Arılar Günü aclıqla mübarizə, ərzaq təminatı, insanlar üçün qidanın keyfiyyətinin yüksəldilməsi və planetin əsas ekosistemlərinin qorunması ilə bağlı böyük işdə arıçılığın, arıların və tozlandırıcıların əhəmiyyətini vurğulamaq üçün bir fürsətdir.

Faydalı həşəratları qorumaq üçün BMT proqram hazırlayıb. Təşkilatın ekspertləri ilk növbədə iri kənd təsərrüfatı istehsalçılarını geniş ərazilərdə monobitkilərin becərilməsindən imtina etməyə və kimyəvi maddələrdən istifadəni məhdudlaşdırmağa çağırır. BMT-də əmindirlər ki, hətta  adi bağbanlar da arılara kömək edə bilərlər. Bunun üçün nəinki kənd yerlərində, həm də meqapolislərdə daha çox çiçəkli, balverən bitkilər əkməlidirlər, çünki arılar şəhərlərdə də yaşayırlar.

BMT-nin mənzil-qərargahında "Sərhədsiz Arılar" Qeyri-Hökumət Təşkilatının köməyi ilə bir neçə il əvvəl yaradılmış miniarıxana da var. Həmin arıxana maarifləndirici məqsədlərə xidmət edir. Ümumdünya təşkilatına gələnlər arıçılığın kənd təsərrüfatı, qida istehsalı, ənənəvi tibb və xalq təbabəti üçün əhəmiyyəti haqqında öyrənə bilərlər.

Xatırladaq ki,  bir müddət bundan əvvəl BMT-nin Baş Qərargahında qurumun Poçt Administrasiyası tərəfindən hazırlanmış markaların təqdimatı da keçirilib. Bu markaların özəlliyi ondan ibarətdir ki, onlar bal iyi verən kağız üzərində çap olunub.

 

Azərbaycanda arıçılıq yeni inkişaf mərhələsində

 

Azərbaycanda arıçılığın inkişafına  dövlət tərəfindən böyük dəstək göstərilir. Prezident İlham Əliyev 2 fevral 2009-cu il tarixdə "Arıçılıq haqqında" qanun imzalayıb. Bu qanun Azərbaycanda arıçılığın təşkilinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə tədbirlər həyata keçirilib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və digər istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Böyük zəfərdən sonra torpaqlarımızın işğaldan azad edilməsi həm də arıçılığın inkişafına böyük töhfə verib. Təkcə bu il Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsinin köçürülməsi barədə qərar qəbul olunub. Ötən aylarda bir neçə arıçı ailəsi Kəlbəcərə köçürülüb. Bu da bir daha onu deməyə əsas verir ki, tezliklə işğaldan azad olunmuş ərazilərimizdə arıçılığın inkişafı daha da sürətlənəcək.  

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video