19 Dekabr 2021 00:48
1117
SİYASƏT

BMT İlham Əliyevin daha bir qlobal təşəbbüsünü dəstəklədi

 

Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə qarşı mübarizəsini təqdir edir

 

Dünya hələ də qlobal pandemiya bəlasından qurtulmayıb. Hətta bəzi mütəxəssislərin proqnozları deməyə əsas verir ki, bununla bağlı qarşıdakı dövrdə bəşəriyyət daha ciddi problemlə üzləşə bilər. Belə ki, dünya əhalisi vaksinasiya ilə COVID-ə qarşı kütləvi immunitet qazanmayana qədər epidemioloji vəziyyət gərgin olaraq qalacaq. Epidemioloji vəziyyətin belə olması isə dünya əhalisinin normal həyata dönməsinin hələ də mümkün olmadığını göstərir.

 

İlk töhfə

 

Ötən müddət ərzində koronavirus pandemiyası daha da artaraq yoluxma sayını və arealını ağlasığmaz miqyasda böyüdüb. Tibb elmi də sübut edir ki, koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Yalnız peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazana və COVID-19 bəlasından qurtula bilər.

Amma peyvəndlənmənin bərabər şəkildə həyata keçirilməməsi, “peyvənd millətçiliyi” buna imkan yaratmır. Bu da reallıqdır ki, dünyada bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi hər zaman bu hala qarşı çıxıb və bu məsələdə ədalətin bərqərar olunmasını tələb edib. Hətta bu məqsədlə 80-ə yaxın ölkəyə yardımlar da edib.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid etmişdi. Dövlətimizin başçısı  bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdi.

Noyabrın 4-də Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumunda da dövlətimizin başçısı bir daha bu məsələyə toxundu və peyvəndlənmə ilə bağlı real həqiqətləri açıqladı.

Prezident qeyd etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanın təşəbbüsü ilə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirilib: “Qoşulmama Hərəkatının Sammitində biz BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdik və bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutdu. Bu, bizim qlobal məsələlərin müzakirəsinə olan töhfəmiz idi.  Eyni zamanda, biz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürdük.

Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”.

 

Azərbaycanın təşəbbüsü ilə məlumat bazası yaradılıb

 

Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 80-dən artıq ölkəyə yardım edib. Yəni təmənnasız olaraq bir neçə ölkə peyvənd dozaları ilə təmin olunub. Eyni zamanda Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı edib.

Noyabrın 28-də isə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”.

Həmçinin Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdi.

Dekabrın 16-da isə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.

Bu qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi.

Göründüyü kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir.  Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək bu bəlanın  öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdəndir.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidentinin “peyvənd millətçiliyi”nə, varlı və kasıb ölkələr arasında vaksinasiyaya əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlaması, Azərbaycanın indiyədək 80-ə yaxın ölkəyə birbaşa və ÜST xəttilə maliyyə və humanitar yardım etməsi, bir sıra ölkələrə təmənnasız olaraq COVID-19 əleyhinə vaksinlər göndərməsi beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video