27 May 2022 03:21
520
DÜNYA
A- A+

BMT həyəcan təbili çalır

 

Dünyada 10 həftəlik buğda ehtiyatı qalıb

 

Dünya anbarlarında təxminən 10 həftəlik buğda ehtiyatları qalıb. Bu barədə BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker məlumat verib. Onun dediyinə görə, bir-biri ilə münaqişə aparan  Rusiya və Ukrayna taxılın ümumi həcminin təxminən üçdəbirini istehsal edirdi. Bununla belə Menker vurğulayıb ki, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı qlobal qıtlığın əsas səbəbi deyil.

 

Problem tezliklə aradan qalxmayacaq

 

Ekspert hesab edir ki, COVID-19 pandemiyasından çox əvvəl aşkar edilən  böhran təchizat zəncirlərinin kövrəkliyini üzə çıxarıb. "Münaqişə sabah bitsə belə razılaşdırılmış tədbirlər olmadan ərzaq təhlükəsizliyi problemi tezliklə aradan qalxmayacaq", - deyən Menker xatırladıb ki, hazırda təxminən 400 milyon insan qida riski zonasındadır. İndi təkcə Ukraynada baş verən hadisələr fonunda deyil, həm də gübrələrə çıxışın məhdudluğu və bir çox bölgədə davam edən quraqlıq səbəbindən dünyanın indiyə qədər gördüyü ən aşağı həcmdə taxıl ehtiyatı var.

2022-ci ildə gözlənilən rekord buğda məhsuluna baxmayaraq, Rusiya tənzimləyiciləri taxıl ixracına Avrasiya İqtisadi Birliyi (AİB) səviyyəsində nəzarət etməyə çalışırlar. İndi Rusiya AİB üzvlərinə taxıl ixracına kvota və rüsumlar tətbiq etməyi təklif edir.

Menkerin fikrincə, bu gün vəziyyət 2007-ci və 2008-ci illərdəkindən daha ağırdır. Hazırda dünyada indiyə qədər görünməmiş taxıl ehtiyatlarının ən aşağı səviyyəsini yaşayırıq, halbuki gübrəyə çıxış ciddi şəkildə məhduddur və buğda əkən rayonlarda son 20 ildə ən ekstremal quraqlıq var. Oxşar ehtiyat problemləri qarğıdalı və taxıla da təsir edir.

 

44 milyon insan kritik vəziyyətdədir

 

BMT-nin Baş katibi Antonio Quterreş Ərzaq təhlükəsizliyi ilə bağlı hesabatında Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat səbəbindən 38 ölkədə 44 milyon insanın kritik vəziyyətdə olduğunu bildirib.

Onun dediyinə görə, müharibə 400 milyon insanı ərzaqla təmin edən Ukrayna ixracatını bağlayıb. Baş katib vurğulayıb ki, əsas ərzaq məhsullarının qiymətinin 30 faiz artması Afrika və Yaxın Şərq əhalisini təhdid edir, ona görə də ən vacib məsələ Ukraynada münaqişəni dayandırmaqdır.

Ukraynanın aqrar siyasət naziri Nikolay Solski isə hesab edir ki, cari ilin iyul ayında dünya ərzaq böhranını kəskin şəkildə hiss etməyə başlayacaq.

G7 ölkələri Rusiya Federasiyasını dünyada ərzaq böhranı təhlükəsi səbəbindən Ukrayna limanlarını dərhal blokdan çıxarmağa çağırıb. Prezident Ofisinin rəhbəri Andrey Yermak  bildirib ki, RF Silahlı Qüvvələrinin məhsul yığımına mane olduğu əraziləri azad etmək lazımdır.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli vurğulayıb  ki, 43 ölkədə 49 milyon insanın "qapısını aclıq döyür" və aclıqla birlikdə siyasi sabitliyin pozulması da gəlir: "Biz artıq Şri-Lanka, İndoneziya, Pakistan, Peruda baş verən iğtişaşlar və etirazların şahidi oluruq və bu hadisələr yalnız gələcəkdə baş verəcək olayların müjdəçisidir".

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində təxminən 1,7 milyard insan yoxsulluq, ehtiyac və aclıqla üzləşəcək.

 

Rusiya gübrələri və ərzaq məhsulları dünya bazarlarına buraxılmalıdır

 

BMT-nin Baş katibi Antonio Quterreş "Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Yol Xəritəsi - Fəaliyyətə Çağırış" adlı nazirlər görüşündə bildirib ki, ərzaq böhranını həll etmək üçün Rusiya istehsalı olan qida və gübrələrin dünya bazarlarına çıxarılmasına icazə verilməlidir.

Onun dediyinə əsasən, Rusiya hərbi əməliyyatı ondan əvvəl qüvvədə olan və ərzaq böhranına təsir edən bir sıra amillərin, xüsusən iqlim dəyişikliyi və COVID-19 pandemiyasının effektini artırıb. Quterreş Rusiya, Ukrayna və Belarusun gübrə və qida məhsullarının istehsalında lider olduğunu vurğulayıb: "Gəlin açıq deyək ki, Ukraynanın ərzaq məhsulları, habelə Rusiya və Belarusun istehsal etdiyi qida və gübrə dünya bazarlarına reinteqrasiya edilmədən ərzaq böhranının daha effektiv həlli mümkün deyil".

Baş katib qeyd edib ki, Moskva Ukrayna limanlarından ərzaq ixracına mane olmağı dayandırmalıdır. Eyni zamanda Rusiyadan gələn gübrələr və ərzaq məhsulları maneəsiz olaraq dünya bazarlarına buraxılmalıdır. "Mən bu məsələlərlə bağlı Rusiya Federasiyası, Ukrayna, Türkiyə, ABŞ və Avropa İttifaqı, eləcə də bir sıra digər əsas ölkələrlə sıx təmasdayam. Əminəm ki, hələ çox uzun yol var", - deyə BMT-nin Baş katibi bildirib.

Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya qarşı sanksiyaların dünyada ərzaq vəziyyətinin pisləşməsinə səbəb olması ilə bağlı ittihamları rədd edib. O bildirib ki, Vaşinqton gübrə və kənd təsərrüfatı məhsulları üçün məhdudlaşdırıcı tədbirlərə istisnalar edib.

Blinken hesab edir  ki, beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin hakimiyyət orqanları Ukrayna ərazisindən quru və dəniz yolu ilə ərzaq məhsullarının təhlükəsiz ixracına dəhlizlər açmaq üçün birgə işləyə bilərlər.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video