16 Yanvar 2022 00:44
883
SİYASƏT
A- A+

Biz müzəffər liderin qalib xalqıyıq

 

Rauf ARİFOĞLU: “İlham Əliyev bizə göz yaşı, ürək dağı ilə yaşadığımız 30 ilin əvəzini Zəfərlə, qürurla qaytardı”

 

“...Ümumiyyətlə, siyasətdə var olmamızın mahiyyəti nədir?! Qarabağ, Vətən torpaqlarımızın bütövlüyü. Azərbaycan xalqına bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan İlham Əliyev yaşatdı. İlham Əliyev bizə göz yaşı, ürək dağı ilə yaşadığımız 30 ilin əvəzini Zəfərlə, milli qürurla qaytardı. Bu xalqa qələbə daddırdı, bu xalqı böyütdü... Daha bizdə 2020-ci il 26 sentyabr təfəkkürü yoxdur, heç zaman da olmayacaq. 26 sentyabrda biz başqa xalq idik, 27 sentyabrda başqa xalq olduq. 8 noyabrda isə biz artıq müzəffər liderin qalib xalqı idik. Bu bir tarixdir və Azərbaycan xalqının qürur zirvəsi kimi salnamələrə qızıl hərflərlə həkk olundu...”

 

Bu köç hayana gedir?!

 

Təbiətin bütün məharətini, naz-qəmzəsini sərgilədiyi bahar çağında, gül-çiçəyin bir-biri ilə gözəllik yarışına çıxdığı, meşələrin zümrüd don geydiyi, günəşin yalnız dağların quzeyində qalan ala-tala bəyaz qar üzərində bərq vurduğu may ayında, fikrinin zaman tunelində iki köç qarşılaşardı...

Bu köçlərdən biri Vətəndən gələrdi, digəri Vətənə gedərdi...

O da çar-naçar düz 30 ilin o tayından, Vətəndən baş götürən qəm köçünə qoşular, üzü nagümanlığa, məğlubiyyətə sarı yol alar, cənnət Qarabağdan sürətlə uzaqlaşardı...

Bu da taleyin cilvəsi idi ki, yaşanan o məşum zamandan düz bir qərinə sonra, yenə də elə may ayında, indi Zəfər yoluna çevrilmiş həmin yollarla o, Vətənə dönürdü... İllər əvvəl məğlub Azərbaycanın vətəndaşı, media nümayəndəsi kimi tərk etdiyi Qarabağa indi qalib Azərbaycanın qürurlu vətəndaşı, media nümayəndəsi kimi qədəm basırdı. Vətənimizin azadlığına qovuşdurulan büllur sarayı Şuşada keçirilən “Xarıbülbül festivalı”nda iştirak etmək, mədəniyyət paytaxtımızdakı ilk böyük tədbiri işıqlandırmaq kimi möhtəşəm şərəfə nail olurdu. Gövhər ağa məscidində namaz qılırdı, beynində, fikrində, qəlbində heyrətqarışıq sevinclə dəfələrlə təkrar edirdi: “İlahi, bu ilyarımda yaşadıqlarımız möcüzənin özüdür. Biz doğma torpaqlarımıza qayıtmışıq, Vətəndəyik. Bəs bir insana Allah mükafatı başqa necə verilə bilər ki?!”

Azərbaycanın əməkdar jurnalisti, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur “Qarabağ söhbətləri”ndə...

Rauf müəllim Qarabağın keşməkeşli ötənlərinin, Qarabağa aparan 44 Zəfər gününün, Qarabağın xoşbəxt sabahının təməlinin qoyulduğu bu çağlarının da şahidi və media təmsilçisi olaraq işıqlandırıcısı, tarixə çevirəni kimi söyləyir ki, indi yaşının bu ixtiyar çağında qəzetçi olaraq ən xoşbəxt günlərini yaşayır, çünki qələbəmizi şərh edir...

 

Qarabağ - milli mücadiləmizin mərkəzi

 

- Qarabağ mahiyyət etibarilə milli-azadlıq hərəkatı, Azərbaycan xalqının dirçəlişi, əzmi deməkdir. Qarabağ Azərbaycan xalqının 30 illik məğlubiyyəti, daha sonra isə 44 günlük Vətən müharibəsi sayəsində Zəfəri, xalqımızın hədəflərinin böyüməsi deməkdir. Vaxtilə “Dağlıq Qarabağ” münaqişəsi kimi tanınan problem Azərbaycanın taleyində elə bir iz buraxıb ki, o iz Azərbaycanın son 100 illik tarixi deməkdir. Qarabağ uğrunda müharibə hələ ötən əsrin əvvəllərində də gedib və əslində, Birinci Qarabağ müharibəsi konkret olaraq 1919-cu ildə olub. Yəni tarixə dayanaraq saysaq, baş verən bu üç Qarabağ müharibəsi son 100 ilimizə damğasını vuran və milli mücadiləmizin mərkəzində dayanan bir faktordur. Bu baxımdan Qarabağ bizim üçün ənənələrin, Ordu, Parlament, İstiqlal Gününün geri qayıtmasıdır. Əgər o münaqişə vasitəsilə Azərbaycan milli-azadlıq müharibəsinə və mübarizəsinə qatılmasaydı, bu gün nə o ənənələri geri qaytarmaq, nə də Azərbaycanın müstəqilliyi mümkün olacaqdı.

 

Sovetlərə qarşı qeyri-formal mübarizəyə başladıq

 

Rauf Arifoğlu söyləyir ki, elə onun da milli mücadilə yolu 1988-ci ildə Qarabağda, Topxana meşəsində ağacların qırılmasına qarşı xalqın ayaqlanması ilə başlayır. Həmin ilin avqust ayında Bakıya gələrək Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlayan 22 yaşlı gəncin əsl hədəfi elm yolunda irəliləmək olsa da, düşdüyü mühit yeni trendlərin, yeni düşüncənin daşıyıcısı olur.

- Bir gün dedilər ki, Bakıda mitinqlər başlayıb və noyabr ayının 18-də mən də meydana gəldim, oradakı çıxışlara qulaq asdım və hiss etdim ki, mən elə bu mühiti axtarıram, bura üçün doğulmuşam. Bu minvalla düz 16 gün meydanda qaldım. O zaman baş verən hadisələr büsbütün həyatımı dəyişdi. Sonradan rus qoşunları gəlib mitinqi dağıtdılar; amma elə o vaxtdan, necə deyərlər, “meydanda”yam. Elm sahəsində irəliləmək, iş perspektivləri hamısı qaldı kənarda, günlərlə mitinqin keçirildiyi baş meydanda qaldım. Həmin vaxt rəhmətlik Məhəmməd Hatəminin “Qurtuluş” hərəkatına qoşulduq və sovetlərə qarşı qeyri-formal mübarizəyə başladıq.

 

Xalq “Yeni Müsavat” adına yatırım qoyurdu

 

Payızın soyuq, Azərbaycan xalqının isə sözün əsl mənasında qaynar günlər yaşadığı həmin noyabr ayından bir il sonra, 1989-cu ilin 10 noyabrında növbəti bir mitinqdə “Yeni Müsavat”ın ilk nömrəsi yayılır. Qeyri-formal fəaliyyət göstərən bu qəzet sürətlə yayılırdı. Yaradıcısı Rauf Arifoğlu olan “Yeni Müsavat”da məqalələr əvvəlcə gizli imzalarla yazılırdı...

- Çünki qeyri-formal qəzet buraxmaq sovet qanunları ilə ağır cinayət sayılırdı və o zaman buna görə bizi axtarırdılar. Elmlər Akademiyasının alimi Mənsur Əlisoy özünə “Gülgün Kəfən”, qəzet quruculuğunda böyük köməyi olan Bəxtiyar Tuncay isə başqa bir imza götürmüşdü. O həm də öz imzası ilə yazırdı. Bəxtiyargil mənə də təklif etdilər ki, “Şenol” imzası ilə yazım. Dedilər ki, Türkiyədə “əjdaha” bir qapıçı var - Şenol Günəş, elə sən də onun adını götür...

Məqalələr yazıb broşür şəklində yayırdıq, bunlara çox yüksək ehtiyac var idi... “Yeni Müsavatın” ilk nömrəsini Mehdiabadda qaldığımız yataqxanada özüm maşinkada yığdım, sonra onun surətini çıxarıb yaydıq. Qəzetin əsas mövzusu kommunizmə və sovetlərə qarşı mübarizə, Kommunist Partiyasının, sovet hökumətinin işğalçı bir hakimiyyət olmasının sübutu və çağırışlar idi. Yazırdıq ki, “Azərbaycan müstəqil olmalıdır, Azərbaycan öz bayrağına qayıtmalıdır”.

Onu da deyim ki, 13 min nüsxəlik ilk nömrəmizin hamısı satılmışdı. Sonradan bizə o pullar, həm partiya quruculuğunda, həm də silah-sursat alıb səngərə, sərhədə göndərmək üçün böyük kömək etdi...

Ta 1991-ci ilə qədər əsas mahiyyət və məzmunumuz sovetlərə qarşı mübarizə olub. Ondan sonra isə fəaliyyətimizin mərkəzi Ermənistan və işğala qarşı mübarizə, xalqın səfərbər olunması, müharibə ideologiyası idi.

 

Həm qələm, həm də silahla döyüşürdük

 

- Həmin dövrdə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının (AMDP “Yeni Müsavat”) 5 qurucusundan biri də mən oldum. Bakıda fəaliyyət göstərmək daha çətin olduğu üçün (Sovet hakimiyyəti əsasən burada güclü idi, bölgələrə getdikcə, zəifləyirdi) qərar verdik, partiyanın mərkəzi və “Yeni Müsavat” qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından Gəncə şəhərinə köçürüldü. Biz orada Azərbaycan qadını, 5 ünvanındakı gizli mənzilimizdə 1991-ci ilin sonuna qədər fəaliyyət göstərdik. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü. Gəncəyə gedən kimi ilk olaraq “Yeni Müsavat”ın ilk könüllü silahlı dəstəsini yaratdıq. 400 nəfərlik dəstəyə Qərbi Azərbaycandan qaçqın olan, Əfqanıstan müharibəsi veteranı 21 yaşlı Səfər Hümbətov rəhbərlik edirdi. Dəstənin qatıldığı döyüşlərin birində, 12 yanvar 1990-cı ildə Çaykənd-Todan istiqamətində döyüşçülərimiz Bəxtiyar Əliyev, Ruzigar Qasımov, Abbasqulu Məmmədov, Neman Vəliyev və başqaları şəhid oldular.

O silahlanma olmasaydı, ermənilər rusların dəstəyi ilə Xanlar rayonunu götürə bilərdilər, hətta Gəncənin özü də təhlükə altına düşərdi...

1990-cı ilin yanvarında da hadisələr çox gərgin idi. Sonra Bakıdakı hadisələr eskalasiya verdi. Ruslar Bakıya girib qanlı 20 Yanvar faciəsini törətdilər. Onlar Gəncəni də tamamilə dövrəyə almışdılar. Amma Gəncə Partiya Komitəsinin birinci katibi Süleyman Məmmədovun milli mövqedən çıxış etməsi sayəsində şəhərə qanla girməkdən çəkindilər. S.Məmmədov onlara dedi ki, burada böyük qan tökülər və ruslar da ölçüb-biçdikdən sonra anladılar ki, belə etsələr, həqiqətən onların böyük itkiləri olacaq. Çünki Bakıdan fərqli olaraq, Gəncədə hərəkatçılar, sadə vətəndaşların bir qismi silahlı idilər -  ov silahları, ermənilərdən qənimət götürülən, Gəncə şəhərində olan sovet  hərbi hissələrindən əldə etdiyimiz silahlarla təpədən-dırnağa silahlanmışdılar. Cihazqayırma zavodunda oranın işçisi rəhmətlik Rüştü Məmmədovun vasitəsi ilə  kustar üsulla da olsa, minlərlə əl bombası düzəltdirmişdik. Onu da deyim ki, sovet hökumətinin son illərində böyük anarxiya hökm sürürdü, rus zabitləri silah satırdılar. Daha sonra 1991-ci illərdə isə bir neçə milyon dollarlıq silah-sursatı olan hərbi hissələri 5-10 min dollara satmağa başladılar. Gəncənin güclü müqavimət göstərə biləcəyi ehtimalına görə ruslar şəhərə qanla girmədilər; amma belə olmasa da faktiki olaraq şəhərə yerləşib, bir müddət sonra Gəncədə də xüsusi rejim qurmağa nail oldular. Sonra Gəncəyə general Qromovun (Əfqanıstan müharibəsi qəhrəmanı) rəhbərliyi altında bir istintaq qrupu gəldi. Onlar məni və silahlı dəstəmizin üzvlərini axtarırdılar. Buna görə bir müddət gizli fəaliyyətə başladıq, təxminən 1990-cı ilin avqust-sentyabr ayına qədər belə qaldı...

1991-ci ildə geriyədönməz proseslər başladı, SSR-i getdikcə zəiflədi. Bizim də silahlı müqavimət və könüllü dəstələr yaratma imkanlarımız genişləndi. Tovuzda, Qazaxda, Gədəbəydə və başqa istiqamətlərdə silahlı dəstələrin qurulmasına yardım etməyə başladıq, eyni zamanda qəzetimiz də güclənirdi. Həm döyüşçü, həm də yazar heyətimiz var idi, necə deyərlər, həm qələm, həm silahla döyüşürdük. Nəhayət, 1991-ci ilin oktyabrında sovet hakimiyyəti iflas etdi və 18 oktyabr 1991-ci ildə Azərbaycan Müstəqillik Aktını qəbul edərək, müstəqil dövlətə çevrildi. Biz də qəzetin redaksiyasını Gəncədən Bakıya qaytardıq. Həmin ilin dekabrında “Yeni Müsavat” qəzetinin rəsmiləşməsi baş tutdu. O zamandan etibarən qəzet və siyasət ağırlıqlı fəaliyyətə başladım...

 

Öncədən camaatı Laçından köçürmək dəhşətli dərəcədə xəyanət, həm də cinayət idi

 

1990-cı illərin əvvəlləri, torpaqlarımızın hissə-hissə işğalçı Ermənistan tərəfindən qəsb edildiyi və Azərbaycanın çox çətin dövrlər yaşadığı həmin günlərlə bağlı danışan Rauf Arifoğlu ürək ağrısı ilə onu da qeyd edir ki, “bir jurnalist olaraq çox pis tale yaşadım, çünki bir-birinin ardınca məğlubiyyət xəbərləri yazırdım...”

- Sovet dövründə elə bir şansım olmayıb ki, Şuşaya, Ağdama, Laçına, Qubadlıya, Zəngilana, Kəlbəcərə gedim, o gözəl yerləri görüm... Amma Birinci Qarabağ müharibəsi zamanı bir neçə jurnalistlə bərabər Laçında olmuşam. Oradan bütövlükdə Laçın camaatı çıxandan sonra, 1992-ci il may ayının 14-də çıxmışam. Artıq biz Laçına girəndən 2-3 gün əvvəldən orada köç var idi. Həmin vaxt əhalinin Laçından köçməsi üçün mərkəzi hakimiyyət Bakıdan 300 ədəd yük maşını göndərmişdi. Öncədən camaatı köçürmək dəhşətli dərəcədə xəyanət, həm də cinayət idi. Bilirsiniz, o zaman döyüşçülər əsasən mülki əhalidən ibarət idi. Həmin könüllü döyüşçülər də ailəsini köçürməli idi və bu prosesə başı qarışan bir şəxs döyüşə necə köklənə bilərdi?!

Gəldiyimizdən 3 gün sonra biz də Laçından çıxmağa məcbur olduq. O zaman Laçın özünümüdafiə batalyonunun rəhbəri Arif Paşayev və döyüşçülərin böyük bir qismi hələ Laçında qalmışdı, müqavimət göstərmək üçün plan qurulmuşdu. Biz Qayğı qəsəbəsindən çıxmalı olsaq da, ora atəş altında olduğu üçün dağ yolu ilə maşınla çıxdıq. Yolda, meşənin ortasında maşınımız da aşdı... Təxminən 8 saatdan artıq bir yolu piyada gəldik. Sadəcə mənim üzərimdə bir TT tapançası və cəmi 3 güllə var idi. Hətta aramızda danışırdıq ki, əsir düşsək elə edək ki, hamımızı öldürməyə güllə çatsın.

Qayıdan kimi həmin hadisələri “Yeni Müsavatın” növbəti sayı üçün yazdığım “Laçını saxlamaq olardı” adlı məqaləmdə işıqlandırmışam.

Mən Laçından qayıdıb gələndə artıq Bakıda ovaxtkı prezident Ayaz Mütəllibova qarşı üsyan başlamışdı. Xalq Cəbhəsi iqtidara gəlmişdi, parlamenti nəzarətə götürmüşdü...

 

Başımızda fərsiz iqtidarlar olduğu üçün uduzurduq

 

- Bizim nəsil media mənsubları illərlə məğlubiyyətimizdən yazı, reportaj  yazdıq. Eyni zamanda məğlub duruma düşmüş cəmiyyətin ayaqda qalması üçün çalışdıq. Qarabağ hədəfinin bir an belə itirilməməsi, gözardı edilməməsi, məğlubiyyətlə barışılmaması üçün mücadilə etdik. Bu, çox çətin bir vəziyyətdir. Sən görəsən ki, əsgərin, könüllü döyüşçün, komandirin necə qəhrəmandır, amma sən millət olaraq  uduzasan. Çünki başında fərsiz iqtidarlar, bacarıqsız rəhbərlər vardı... Ta ki, Heydər Əliyev Azərbaycana gəlib sabitlik yaradana və onun arxasınca İlham Əliyev gəlib Azərbaycan dövlətini möhkəmləndirənə qədər düşdüyümüz ağır vəziyyət davam etdi. 

Əslində, Azərbaycan vətəndaşının və xalqının qəhrəmanlıqla bağlı heç bir problemi olmayıb. Sadəcə onu doğru-dürüst yönəltmək, zamanında savaşa aparmaq lazım idi. O olmadı deyə biz  bu acıları, itkiləri yaşadıq. Ərazilərimiz hissə-hissə işğal olunurdu və təəssüf ki, bizim edəcək bir şeyimiz yox idi...

Düzdür, düşmənlə empati qurmaq olmaz, amma onların indiki halını yaxşı anlayıram. Çünki bunu vaxtilə ermənilər bizə yaşadıblar. Sadəcə fərq ondadır ki, onlar öz torpaqlarını itirməyiblər. Ermənilərə elə gəlir ki, bu, onların torpaqlarıdır. Onlar bir yerdə 30 il yaşayanda elə bilirlər ki, 300 ildir burada yaşayıblar. Yəni bu millətin beynində o xəstəlik var. Amma bizim üçün fəlakət idi. 1993-cü ilin aprelində Kəlbəcər getdi. Bu rayonun getməsi sayəsində bir iqtidar düşdü. Bu elə-belə şey deyil. Xalq bağışlamadı ki, sən Kəlbəcəri əldən verdin... Biri var ki, bu itki kommunist hakimiyyəti dövründə ola, xalqın gücü çatmaya, biri də var xalqın seçdiyi iqtidar ola, onun gücü çatmaya... Ardınca başqa bölgələr işğal olundu...

 

Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi

 

- Heyrət edirəm ki, ağır neqativ içərisində son 30 ili biz necə yaşadıq?! Vətəndaş müharibəsi olmadı, ölkə bölünmədi, parçalanmadı, köç olmadı... Hər zaman deyirəm, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də o oldu ki, 1993-2003-cü illəri əhatə edən 10 illik hakimiyyəti dövründə Qarabağı gələcəkdə azad etmək şansını saxlamaq adına, böyük güclərin ikinci erməni dövləti yaratmaq layihəsinə imkan vermədi. Bu illər ərzində status-kvonun olduğu kimi qorunub saxlanması belə  qəhrəmanlıq imiş. Bəli, bu gerçəyi hamımız bir yerdə, hətta siyasətdə olanlar belə indi anlayırıq, başa düşürük. O zaman Azərbaycan təkrar müharibəyə getsəydi, biz bütövlükdə məhv olardıq. Eynilə paralel aparıram, indi revanşistlər Ermənistanı müharibəyə soxsa, Ermənistan da məhv olacaq. O zaman revanşistlərin, yaxud o təftişçilərin, macərapərəstlərin iddiaları ilə Heydər Əliyev Azərbaycanı təkrar-təkrar, hazır olmadan müharibəyə qoşsaydı, biz məhv olardıq. Demək ki, o zamanın ən ağıllı taktikası status-kvonu qorumaq, de-yure torpaqlara sahibliyi saxlamaq, BMT-nin qətnamələrini qüvvədə saxlamaq və hazır olan zaman döyüşə girmək idi...

 

İlham Əliyev Azərbaycanı 30 ilin məğlubiyyətindən qurtardı

 

- Bax, bunu da müzəffər Ali Baş Komandan İlham Əliyev etdi. Qürurla, sevə-sevə deyirəm ki, nəhayət, Azərbaycanın başında bir şanslı lider oldu ki, o, Azərbaycanı 30 ilin məğlubiyyətindən qurtardı. O zamana, 26 sentyabr 2020-ci ilə qədər İlham Əliyevə hətta siyasi opponent münasibətləri bəsləyənlər belə 27 sentyabrdan sonra dəyişməli oldular. Yəni sənin, mənim, bütövlükdə xalq hərəkatının bir yerdə edə bilmədiyini 44 gündə İlham Əliyev etdi. Xalqı düzgün təşkilatlandırdı, ordunu təmin etdi, dostlar və düşmənlər sırasını dostların xeyrinə dəyişdirdi. Ermənilərin hücumunun olacağını düşünərək mükəmməl hazırlaşdı. Hələ ona qədər, 2019-cu ildən başlayaraq müxalifəti, siyasi rəqiblərini belə yanına aldı. Onlarla münasibət qurmaq üçün şöbə yaratdı. O zaman kimsə bunu anlamırdı, başqa məsələlərlə bağlı olduğu düşünülürdü. Demə, İlham Əliyev ermənilərin növbəti təxribatı olacağı zaman Azərbaycan xalqını əks-həmlə ilə döyüşə çıxarmağa, Vətən savaşına hazırlaşırmış deyə bunları edirmiş. O, xaricdəki dostların, Türkiyəsi, Pakistanı olsun, hətta İtaliyası, İngiltərəsi ilə illərlə işlədi, bunlar elə-belə deyil. Eyni zamanda düşməni dosta, dosta çevirə bilmədiyini heç olmasa neytral münasibət bəsləyənə çevirərək, Rusiyanı da həmçinin Ermənistanın yanından alıb neytral bir pozisiyaya salaraq savaşa qatıldı.

Və biz də elə bunu, Vətən torpaqlarımızın bütövlüyünü istəyirdik. İlham Əliyev bizə bu bütövlüyü verdi, bizi xalq olaraq böyütdü. Reallıqdır ki, il yarım, lap elə 13-14 il əvvəl Azərbaycan cəmiyyəti hazır idi ki, 2 rayon qayıtsın, ermənilərə ən yüksək statusu verək, nə desələr edək, hətta Şuşanı da sonra danışardıq. İndi isə qələbəmiz bizi xalq olaraq o qədər böyüdüb ki, bizə bu zəfəri yaşadan Ali Baş Komandana deyirik ki, bizə tarixi torpaqlarımız Xankəndini, Zəngəzuru, İrəvanı qaytar... Yəni bu, özünəinamdır, xalqın böyüməsidir...

 

44 gündə həm də Azərbaycan Prezidentinin informasiya sahəsində “master-klass”larını izlədik

 

- Vətən müharibəsi dövründə biz həm də Azərbaycan Prezidentinin informasiya sahəsində “master-klass”larını izlədik. Dünyanın tanınan qlobal TV-lərinin ən “əjdaha” reportyorları Azərbaycana gəldilər. Əslində, onların çoxu müsahibə almağa yox, ermənilərin əvəzinə revanşa gəlmişdilər. Azərbaycan Prezidentini səhv buraxmağa məcbur etməyə, onu ittiham etməyə, Prezidentin adı ilə həm də Azərbaycan xalqını ittiham etməyə gəlmişdilər, prokuror kimi danışırdılar. Amma İlham Əliyev müharibə dövründə verdiyi müsahibələrdə tutarlı faktlarla onların bütün məkrli niyyətlərini alt-üst etdi, həm də öz dillərində, beynəlxalq media dillərində. Mən bütün bunları heyrətlə izləyirdim. Çünki öz Prezidentimin müharibədəki performansını, hərbi zəkasını görmüşdüm, hər gün Azərbaycan Ordusu irəliləyirdi. Amma Prezidentimin informasiya sektorunda yüksək qabiliyyətini bilmirdim. Özü də kimlərlə?! Təkcə bir nümunə deyim: Prezidentimiz ermənilərin hər zaman güclü olduqları rusdilli məkanda möcüzələr etdi, Paşinyanı polemik janrda, müqayisəli şəkildə çox çətin vəziyyətlərə düşürdü. Bununla rusdilli məkanda da gördülər ki, kim kimdir? Kimin gücü, səviyyəsi nədir və əslində, Rusiyanın dostu kimdir? Reallıqdır ki, rusun dostu və Rusiyanın dostu tolerantlığına görə Azərbaycandır, nəinki monoetnik Ermənistan.

Prezidentimizin hərbi və diplomatik sahə ilə yanaşı, informasiya sahəsini də mükəmməl yönləndirməsi bizə qələbə bəxş etdi.

 

Bu möcüzənin müəllifi Azərbaycan xalqı, baş qəhrəmanı Azərbaycan Prezidentidir

 

- İndi Azərbaycan barbar ermənilərin xaraba qoyduğu Qarabağda və Şərqi Zəngəzurda möcüzələr yaradır. Azad edilən yurdlarımız Azərbaycan xalqının içindəki sevgidən dirçəlir. Özüm neçə dəfə “Zəfər yolu” ilə Qarabağa yollanmışam, orada necə böyük layihələr gerçəkləşdirildiyinin şahidi olmuşam. Biz tankların, topların yerləşdiyi o məkanı yeni yolların çəkildiyi, müasir infrastrukturun qurulduğu, “ağıllı kənd”, “ağıllı şəhər”lərin salındığı, iki dəhlizin keçəcəyi, meqaproyektlərin yürüdüləcəyi bir ünvana çevirmişik. Azərbaycan bir Qarabağı azad etməklə həm Türk dünyasını dirçəltdi, təşkilatlandırdı, həm dünyanın iqtisadi axın istiqamətlərini dəyişdi və dalanları dəhlizlərə çevirdi.

Gerçəkləşdirilən bütün bu möhtəşəm işləri gördükcə düşünürəm ki, İlahi, biz ordu kimi bir xalq imişik. Mən bu xalqın ordu olduğunu 20 Yanvarda görmüşdüm, amma o zaman matəm ordusu idi, öz şəhidlərini çiynində daşımaq üçün təşkilatlanmışdı. İndi isə xalq Qarabağı, Şərqi Zəngəzuru dirçəltmək üçün birlikdə əzmlə çalışır, Azərbaycan möhtəşəm, dünya çapında bir  qayıdışa hazırlaşır...

Bu möcüzənin müəllifi Azərbaycan xalqı, baş qəhrəmanı Azərbaycan Prezidentidir...

 

Bu köç Vətənə gedir!

 

O, 1992-ci ilin 14 mayında qəlbindən qara qanlar axa-axa Laçını tərk etmiş, ötən bu müddət ərzində dəfələrlə öz-özünə bu sualı vermişdi: “Görəsən, bir daha o yerlərə, Qarabağa dönə biləcəyikmi?! Və hər dəfəsində nagüman cavablarla qarşılaşsa da, ümidini gerçəkləşməsi çətin görünən möcüzəyə bağlamışdı... Bir gün mütləq bu möcüzənin reallaşacağına və Vətənə dönəcəyimizə ürəkdən inanmışdı...

Bu da taleyin xoş gərdişi idi ki, o, düz 29 ildən sonra, 2021-ci ilin ilıq bir yaz günündə, Topxananın başına dolanan azadə qartalların qələbə qıyları altında Şuşadan Azərbaycanın möhtəşəm zəfərini şərh edir, Qarabağın parlaq gələcəyindən yazırdı...

“Zəfər yolu”nu, Şuşanın gözəlliyini, minbir gül-çiçəyin arasından seçilən Xarıbülbülü görür, Cıdır düzündən göz işlədikcə uzanan Vətənə baxır və ürəkdən sinədolusu nəfəs alaraq qürurla deyirdi: “Şükürlər olsun Tanrıya ki, biz qalib gəlmiş Azərbaycan vətəndaşı olaraq təkrar o yerlərə qayıda bildik, Qarabağa, Xankəndiyə Şuşa zirvəsindən baxdıq. Çünki Qarabağ Şuşadan gözəl görünür. Və həm də Qarabağ Şuşadan tam görünür...”

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video