13 May 2022 00:23
1989
SİYASƏT
A- A+

Biz bu torpaqlarda əbədi yaşayacağıq

 

Azad edilmiş yurdlarımız bərpa edilir və tezliklə burada yeni həyat başlayacaq

 

"...Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".

Mayın 10-da - Ulu Öndərin doğum günündə Ali Baş Komandan İlham Əliyev Qarabağımızın incisi Şuşadan səsləndirdiyi tarixi haqq və ədalətin təntənəsini ifadə edən bu möhtəşəm fikirləri ilə bir daha dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır və dünya durduqca bu, belə olacaq...

 

Tarixi torpaqlarımız dirçəlir

 

44 günlük şanlı Vətən müharibəmizin zəfərlə başa çatmasından çox qısa zaman sonra azad edilən torpaqlarımız böyük quruculuq meydanına çevrilib. Azərbaycanın bu gün Qarabağda və Şərqi Zəngəzurda nümayiş etdirdiyi bu misilsiz bərpa, yenidənqurma layihələrini dünya da heyrətlə izləyir, təqdir edir. Çünki dünya müharibələrinin tarixində savaşdan sonra bu sürətlə heç bir yerdə bərpa-quruculuq işləri aparılmayıb və bu gün bu parlaq nümunənin əsasını Azərbaycan qoyub. Bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz gücünə görən dövlətimiz tezliklə yurdundan didərgin düşən həmvətənlərimizi doğma ocaqlarına qaytarmağı qarşısına prioritet qoyub.

Azadlığına qovuşdurulan yurdlarımızda gerçəkləşdirilən bütün bu genişmiqyaslı layihələr birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilir.

Təsadüfi deyil ki, ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub.

Elə bu il də uğurlu ənənə davam etdirilir. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur.

 

Yenidən yaradılan şəhərlər, kəndlər

 

İşğalçı Ermənistanın 30 il ərzində darmadağın etdiyi yurdlarımız günbəgün dəyişir, onlara yeni nəfəs verilir. Doğma torpaqlarımızda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Müzəffər lider işğaldan azad etdiyi vətən torpaqlarında yeni şəhərlərin təməlini qoyur, müfəssəl hazırlanmış baş planları təsdiq edir, "ağıllı kənd"lər salır...

Öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurur.

Mayın 10-da mədəniyyət paytaxtımızdan müraciəti zamanı dövlət başçısı da vurğuladı ki, bu gün Qarabağ dirçəlir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur: "Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".

 

Müqəddəs and yerinə yetib

 

Məhz Qarabağımızın incisi Şuşadan qalib sərkərdə İlham Əliyev tərəfindən duyurulan bu tarixi nailiyyətlər ümumilikdə xalq olaraq Vətənə qovuşma arzularımızın, müqəddəs andımızın gerçəkləşməsinin bir daha təntənəli təzahürüdür.

Hələ illər öncə, xalqın böyük etimadını qazanaraq ilk dəfə Prezident seçildiyi zaman İlham Əliyev Qarabağı azadlığına qovuşduracağına and içmişdi.

Qafqazın incisi Şuşada Ulu Öndərin doğum günündə və elə Heydər Əliyev amallarını gerçəkləşdirməyin qürur və fəxarəti ilə İlham Əliyev bu sözləri dilə gətirdi: "Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır".

Ali Baş Komandan tarixi torpaqlarımızı azad etdiyi kimi, indi o yurdları yenidən yaradır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edir. İllərdir əziyyət, mənəvi əzab içində yaşamış keçmiş məcburi köçkünlərin ən qısa müddətdə öz doğma torpaqlarına qaytarılması üçün müstəsna layihələr gerçəkləşdirir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video