16 Avqust 2022 00:52
963
İQTİSADİYYAT
A- A+

Bitkilər də canlıdır

 

Onları da xəstəliklərdən qorumaq lazımdır

 

Son dövrlər dünya üzrə kənd təsərrüfatında məhsuldarlıq xeyli yüksəlib. Səbəb isə bu sahədə elm və texnologiyanın son nailiyyətlərindən geniş istifadə edilməsidir. Elmin nailiyyətlərindən istifadə edərək aqrar sektorda iqlim dəyişikliyi ilə bağlı quraqlığa və şaxtaya dözümlü məhsul növlərinin yetişdirilməsinə də diqqət yetirilir. 
Ölkələr əldə etdikləri yeni toxum növlərini yerli şəraitə uyğunlaşdırmaq, həmçinin ziyanvericilərdən qorumaq üçün elmi təcrübələr və sınaqları davam etdirirlər. Məqsəd məhsul itkisini aradan qaldırmaqla daha çox istehsala nail olmaqdır.
Azərbaycan da son dövrlər xarici tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Xüsusilə türkiyəli və israilli mütəxəssislərlə aqrar sektorda əməkdaşlıq daha yüksək səviyyədədir. Bununla yanaşı, xarici ölkələrdən keyfiyyətli, ziyanvericilərə qarşı təsirli dərman vasitələri də gətirilir. Onlardan istifadə müxtəlif yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqla yanaşı, məhsul itkisini də aşağı salır. Bu baxımdan üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) Abşeron Təcrübə Təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri diqqəti cəlb edir. İnstitutun İnteqrir mübarizə texnologiyaları laboratoriyası"nın işçiləri salxım yarpaqbükəni zərərvericisinin birinci, ikinci və üçüncü nəslinə qarşı mübarizədə feromon tələlərdən istifadə etməyi məsləhət görürlər.
Məlumdur ki, keyfiyyətli toxumdan istifadə yüksək məhsulun əldə edilməsində mühüm rol oynayır. Bununla belə, keyfiyyətli toxumun zərərvericilərdən qorunması da önəmli şərtdir. O üzdən kənd təsərrüfatı mütəxəssisləri vaxtaşırı fermerlərə bununla bağlı dəyərli  tövsiyələr verirlər. Bildirirlər ki, kənd təsərrüfatı bitkilərinin toxumları infeksiya daşıyıcılarıdır. Toxumların həm daxilində, həm də səthində müxtəlif növ xəstəliklərin törədicilərinin sporları, göbələklərin mitselləri və s. olur. Belə toxumlarla səpin aparıldıqda ya bitki tamamilə məhv və ya alınmış cücərtilər zəif olur ki, bu da vegetasiya müddətində bitkilərin zəif olmasına və ya 30 faizədək məhsul itkisinə gətirib çıxarır. Odur ki, bol və keyfiyyətli məhsul əldə etmək üçün toxumun dərmanlanması başlıca şərtlərdən biridir.
Mütəxəssislər deyirlər ki, dərmanlama toxumları həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsi azalır. Payızlıq əkinlərin soyuğa qarşı davamlılığı artır və ətraf mühitə mənfi təsirlər azalır. Bunun sayəsində məhsulun keyfiyyəti yaxşılaşır və dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır. Bundan əlavə,  cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stresə qarşı davamlı olur və nəticədə keyfiyyətli məhsul alınır. Həmçinin toxumların dərmanlanması sayəsində bitkilər güclü inkişaf etdiyindən məhsuldarlıq artır. Səpin üçün nəzərdə tutulan toxumluq materialın dərmanlanması fiziki, bioloji və kimyəvi üsullarla həyata keçirilir. Kimyəvi maddələrlə dərmanlama üstünlük təşkil edir və bu məqsədlə müxtəlif fungisidlərdən istifadə olunur.
Alimlərin fikrincə, kimyəvi dərmanlanma prosesi növündən, zərərli orqanizmin biologiyasından və toxumun xüsusiyyətlərindən asılı olaraq bitki mühafizəsi təcrübəsinə əsasən quru, yarım quru, yaş və nəmləndirmə yolu ilə aparılır. Məhsul sahədən yığılıb çeşidləndikdən, təmizləndikdən və müvafiq nəmliyə çatdırıldıqdan sonra dərhal dərmanlanmalıdır. Belə olduqda toxumun üzərində və ya daxilindəki xəstəlik törədiciləri inkişaf etməmiş məhv olur və toxum steril qalır. Toxumun  vaxtında dərmanlanaraq anbarlara yığılması onun  sağlam və itkisiz saxlanmasının başlıca şərtlərindəndir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video