Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Dubaydakı baş konsulluğunun təşkilatçılığı ilə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Əbu-Dabi və Dubayda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının üzvləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri, Əbu-Dabi və Dubay Əmirliklərinin hakim ailələrinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə cəmi 44 gün ərzində Azərbaycan Ordusunun Zəfəri təmin etdiyini və müharibənin işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndiyini qeyd edib.
Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov çıxışında vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb və öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimiz əzəli torpaqlarına geri dönüblər.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş müvəqqəti köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” Proqramı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində infrastruktur yollarının tamamlanma mərhələsində olduğu və Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə ətraflı məlumat verilib.
Tədbir konsert proqramı ilə davam edib.