27 Yanvar 2022 00:30
1722
SİYASƏT
A- A+

Bir ildə 3 min mənzil, 164 avtomobil, 45 min şəxsə 50 min növ xidməti fəaliyyət...

 

İlham Əliyevin qlobal böhran şəraitində təsdiqlədiyi sosial dəstək proqramı real nəticələr verir

 

Dövlətlərin demokratiklik  əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.

Xalqın böyük etimad göstərərək  mandat verdiyi  hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır. Yəni hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlamasıdır.

 

Şəhid ailələrinin, qazilərin sosial təminatı hər zaman prioritetdir

 

İki ildir bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhranla mübarizəyə baxmayaraq, Azərbaycanda bir dənə də olsa sosial layihə təxirə salınmayıb. Bu da bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bunu Prezident İlham Əliyevin sosial sahədə gerçəkləşdirdiyi islahatlar da bir daha təsdiqləyir. Təkcə postmüharibə dövründə reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik edərik.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezidentin sosial islahatları çərçivəsində prioritiet məsələ ilk növbədə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. Ötən il bu kateqoriyadan olanlara 3 min mənzil verilib. Postmüharibə dövründə bu kateqoriyadan olan 45 min şəxsə 50 min növ xidmət göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15,841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Mənzil proqramı 5 dəfə genişləndirilib və 2021-ci ildə bu kateqoriyadan olan şəxslərə 3 min mənzil verilib. 184 hərbçi son nəsil 193 yeni protezlə, 1200 müharibə əlili 13 minə yaxın reablitasiya vasitəsi ilə təmin olunub. 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.

Göründüyü kimi, İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

Ötən illərə nəzər yetirsək, aydın şəkildə görərik ki, bu sosial proqramlar ildən-ilə daha da genişlənir. Məsələn, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edilib.

Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verib. Bunun nəticəsi olaraq 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla şəhid ailələrinə və müharibə əlillərinə 3 min mənzilin verilməsi proqramı icra olunub. Həmçinin əlillərin avtomobillə təminatı da uğurla davam edir. Bu günədək 7400 müharibə əlilinə avtomobil verilib. Ötən il isə daha 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.

 

Hər bir addımını xalqın mənafeyinə uyğun atan Prezident

 

Bütün bunlar 18 il ərzində Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir.

Hər bir addımını xalqın mənafeyinə uyğun atması, xalqına sədaqəti cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Prezidentin qlobal pandemiyanın gərgin dövrlərində böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar, iqtisadi və struktur islahatları, regionlara səfəri zamanı rəsmi protokoldan kənara çıxaraq vətəndaşların problemləri ilə maraqlanması, səbirlə onları dinləməsi, arzu və istəklərini nəzərə alması, mehriban təmasları İlham Əliyevin Prezident kimi üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin, dövlət başçısı kimi qayğıkeşliyinin, səmimiliyinin bariz təcəssümüdür.

Son illərdə sosial sahədə inqilabi islahatlar sosial ödənişlərin ciddi şəkildə artırılmasına imkan verib. 2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olunub. 2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb. 2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub. COVID-19 pandemiyasının məşğulluğa və sosial rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra olunub. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edilib, yeni təqaüd növləri təsis olunub.

 

Elə bir sahə yoxdur ki, əməkhaqqında, pensiya və təqaüddə artım olmasın

 

Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artırılaraq 6,4 milyard manata çatdırıldı.

2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 400 minə yaxın artıb.

Ötən il pensiyalarda da artım oldu. İlin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırıldı. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatdı. Ümumilikdə isə son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb.

Prezidentin ötən il imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı bu sahədə islahatların uğurla davam etdirilməsinə real imkan yaratdı və islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə etdi.

Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatdı. Həmçinin müəllimlərin və digər təşkilatlarda işləyənlərin əməkhaqları 20-40 faiz aralığında artırıldı. Eyni zamanda əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırıldı.

Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) müavinət 55 manatdan 70 manata, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki 1 yaşadək uşaqlara aylıq müavinət 55 manatdan 70 manata yüksəldi. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavinət 300-dən 350 manata qaldırıldı.

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edildi. Bu kateqoriyaya aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürüldü. Qeyd edək ki, digər sosial ödənişlərdə artımlar edildiyi kimi, birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.

İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları üçün 2021-ci ilin əvvəlindən təqaüd təsis olunub. Elmlər doktorları üçün bu təminat 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 120 manatdan 200 manata, “Xalq” fəxri adı üçün 150 manatdan 180 manata, “Əməkdar” fəxri adı üçün 100 manatdan 120 manata  çatdırılıb.

Ümumilikdə əməkhaqqı və digər sosial ödənişlərin artımı üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə 4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə 600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə illik əlavə 1,5 milyard manat, son üç ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması üçün yalnız dövlət vəsaitləri hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.

 

Vətəndaşın gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürü

 

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Dövlət başçısının ötən 18 ili əhatə edən fəaliyyətinin təhlili göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. İmzaladığı fərman və sərəncamlar əsasında pensiya, ünvanlı sosial yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması ilə bağlı mühüm addımlar atılıb.

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında ölkəmizin adı öndədir. Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsini şərtləndirib. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür desək, yanılmarıq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video