25 Iyun 2022 02:54
1405
ELANLAR
A- A+

"Bir amalın iki qolu… Azərbaycan-Türkiyə"

 

Bir ananın iki oğlu,

Bir amalın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə!

 

Bu iki böyük və məğrur dövlətin dostluq və qardaşlıq bağları təkcə bizim yox, bütün ölkələr üçün hər zaman maraq mövzusu olub. Dünyada elə bir ölkə yoxdur ki, onun istənilən evinin qapısını açıb içəri keçmək istəyəndə başının üzərində digər bir dövlətin bayrağını öz dövlətinin bayrağı ilə yanaşı dalğalanan görəsən. Belə bir tarixi nümunə sadəcə Azərbaycan və Türkiyəyə məxsusdur. Onun ünvanı adı dillərdə əzbər olan "Bir millət, iki dövlət"dir.

Hazırda bu  amalla Azərbaycanda xeyli sayda türk iş adamı və iri türk şirkətləri, holdinqləri fəaliyyət göstərir. Onlardan biri də Azərbaycanda həyata keçirilən qlobal tikinti layihələrində öz imzası ilə etibar və hörmət qazanan tanınmış iş adamı Ufuk Aydındır. Ufuk Aydın türk dünyasına örnək olacaq layihələrin icrasında "SinerjiPro" adlı ailəsi ilə bərabər yorulmadan çalışır.

Türkiyənin "SinerjiPro" şirkətinin Azərbaycandakı filialının təsisçisi və baş direktoru olan Ufuk Aydın 1968-ci il dekabrın 25-də  Türkiyənin Zonquldağ şəhərində dünyaya gəlib. Ulu babaları 1890-cı il Osmanlı-Rus müharibəsi zamanı Qafqazdan Türkiyəyə köç ediblər. O üzdən U.Aydın həm də Azərbaycanı doğma vətəni  hiss edir.

Azərbaycanlı bir xanımla ailə qurub, 4 qız və 1 oğul atasıdır. İxtisasca elektronika və telekommunikasiya mühəndisidir. 1990-2004-cü illərdə Türkiyədə TV mediası ilə bağlı bir çox sahədə çalışıb. 2006-cı ildən Azərbaycana gəlib, ilk 3 il Naxçıvanda çalışdıqdan sonra Bakıda "SinerjiPro" şirkətinin Azərbaycan filialının əsasını qoyub.

Ufuk Aydın Azərbaycan və Türkiyə münasibətlərinə dair söhbətinə türk dünyasının Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Qarabağ zəfəri ilə başladı:

- Mən bu doğma məmləkətimdə bir iş adamı, bir şirkət rəhbəri kimi çox şanslı  olduğumu ifadə etmək istəyirəm. Azərbaycan hazırda dünyanın ən xoşbəxt ölkələrindən biridir. Çünki ona türk dünyasının Müzəffər Ali Baş Komandanı İlham Əliyev kimi şəxsiyyət rəhbərlik edir. O, Qarabağ zəfəri ilə bizi bir millət olaraq təkcə 30 illik ayrılıqdan deyil, əsrlərdir içimizdə yığılıb qalmış mənəvi ağırlıqdan da xilas etdi. Düşmənlərimizdən ulu babalarımızdan yarımçıq qalmış intiqamımızı aldı. "Dəmir yumruq" artıq bütün türk dünyasının simvoludur.

1997-ci ildə Türkiyədə təsis edilən və mərkəzi İstanbulda olan "SinerjiPro" müasir istilik, havalandırma və soyutma sistemləri (HVAC&PLUMBING), elektrik, inkişaf etmiş bina elektronikası, TV yayımçılığı, peşəkar səs və işıq sistemləri istiqamətində geniş məhsul çeşidləri istehsal edən, güclü mühəndis kadrları olan bir texnoloji şirkətdir. Ümumilikdə əsas fəaliyyət sahəmiz elektromexanika sistemləridir. Hazırda isə fəaliyyət prioritetini inşaat sektoru təşkil edir. Böyük muzeylər, iri obyektlər, hündür qüllələr, universitet inşaatları, xəstəxanalar, alış-veriş mərkəzləri, hotellərin binaları ilə bağlı elektrik, elektronika, avtomatlaşdırma və peşəkar istilik-soyutma sistemlərinin qurulmasını həm layihələndirir, həm də onların quraşdırılmasını həyata keçiririk. "SinerjiPro" Türkiyədə, türk cümhuriyyətlərində, Rusiya ərazisində, Bağdadda və digər ölkələrdə tanınmış bir çox inşaat firması ilə müştərək çalışaraq elektromexanika sahəsində çalışmalarımızı davam etdiririk.  Ən böyük şöbələr isə Azərbaycan və Gürcüstandadır. Azərbaycanda rəsmi filial kimi qurulan gündən bu günəcən eyni binada, eyni ünvanda yerləşirik.

"SinerjiPro" şirkətinin çalışanları və məni yaxından tanıyan insanlar bilirlər ki, Azərbaycan aşiqiyəm. Ruhum Azərbaycanın havası, suyu, əkməyi ilə yoğrulub. Mən bu sevgimi həm iş, həm də özəl həyatımda bütün əməllərimlə təsdiqləmiş biriyəm. Böyük tikinti layihələrində uğurlu işlərimlə hər zaman güvən, etibar qazanmağa və bununla da hər zaman şirkətimizin adını uca tutmağa çalışıram. Azərbaycanda indiyə qədər çox böyük tikinti layihələrində əməyimiz olub. Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi, ADA Universiteti, Azərbaycan Xalça Muzeyi və özəl şirkətlərin qurulmasında uğurla iştirak etmişik. Hazırda üzərində çalışdığımız böyük layihələrimiz də var. Qarabağda start verilən yenidənqurma və bərpa işlərində bizim şirkətin fəaliyyəti barədə idarə heyətimizlə məsləhətləşmələr aparırıq. İnşallah ki, doğma Azərbaycanımızda hələ görüləcək işlərimiz çoxdur.

Ufuk Aydın sözünə davam edir:

- Bu gün gördüyümüz işləri xatırlayanda, tamamladığımız binaların yanından keçəndə çox qəribə bir sevinc hissi keçirirəm. Çünki bu qalib məmləkətin "şorba"sında "SinerjiPro" ailəsinin də "duz"u var. Təbii ki, biz iş adamıyıq və bizim özümüzə görə qaldıracağımız yük var. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan Vətən savaşında iki qardaş ölkə arasında hər kəs bir yumruq oldu. Sıravi vətəndaşdan tutmuş, iş adamları və dövlət rəhbərlərinə qədər hamının ruhu da, sözü də birlikdə idi. Və əlbəttə ki, bu birlik nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İyun ayının 26-sı Azərbaycanın ən önəmli tarixi günlərindən biri olan Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. Fürsətdən istifadə edərək, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevi və onun timsalında bütün türk dünyasını təbrik edirəm. Qoy bütün dünya türklərinin qolu güclü, “DƏMİR YUMRUĞ”U var olsun, bayraqları səmaları bəzəsin!

Ufuk Aydının sözünə qüvvət. Azərbaycan-Türkiyə birliyi hazırda bütün dünyada dostluğun, qardaşlığın və müttəfiqliyin rəmzinə çevrilib. Azərbaycan-Türkiyə münasibətlərinin indiki tarixi mərhələsinə gəlib yetişməsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı inamı, liderlik xüsusiyyətləri, regionun və dünyanın gələcəyinə ümumi baxışları, tarixin sınaqlarından çıxmış qardaşlıq etibarı çox mühüm rol oynayır. Bu iki güclü şəxsiyyət arasındakı sarsılmaz dostluq və onları birləşdirən liderlik xüsusiyyətləri Azərbaycan-Türkiyə münasibətlərinin uğur formuludur. Onlar milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını sözlə deyil, əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə də, Azərbaycan da çox böyük tarixi uğurlar əldə edib. O üzdən bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınıb qəbul edilməkdədirlər.

Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından artıq bir il ötüb. Bəyannamə bu il fevralın 1-də Azərbaycan parlamenti, fevralın 4-də isə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunub. Bu mühüm sənəd Azərbaycan və Türkiyə arasında ümumi maraqların qorunması baxımından çox əhəmiyyətlidir.  Şuşa Bəyannaməsi iki qardaş dövlətin siyasi, iqtisadi, müdafiə, mədəni və demək olar ki, bütün sahələr üzrə əlaqələrinin genişləndirilməsi, imkan və potensiallarının birləşdirilməsini ehtiva və münasibətlərin davamlı inkişafını təmin etməklə yanaşı, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını təşkil edir.

İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tək olmadığını, birmənalı və açıq şəkildə Azərbaycana öz dəstəyini bildirdi. Bunun ardınca Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın da yeni perspektivlərini açmış oldu. Bəyannamənin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanması isə tarixi hadisədir.

 

Səbuhi BAYRAMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video