21 May 2022 01:00
682
Mədəniyyət
A- A+

Bəşəriyyətdə sülhə nail olmaq qarşılıqlı anlayış sayəsində mümkündür

 

Əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini, dəyərini dərindən dərk etmək imkanı vermək, dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənmək olan Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib və ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.

 

Məqsəd müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığı genişləndirməkdir

 

Dünya mədəniyyətini çox müxtəlif amillərin təhdid etməsi - həm milli özünəməxsusluğun həddən artıq qorunmasının müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaratması, həm dinin mədəniyyətə təzyiq göstərməsi, həm də qloballaşmanın təsiri altında dünyanın əksər ölkələrində ənənələrin itirilməsi, zəif mədəniyyətlərin kənarda qalması, bəzən tamamilə yox olması faktlarının nəzərə alınması, əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə UNESCO-nun "Mədəniyyətlərin müxtəlifliyinə dair" bəyannaməsinin qəbul olunmasını zəruri edib. Bəyannamənin həyata keçirilməsi üçün 20 əsas istiqamətdən ibarət Fəaliyyət Planı qəbul olunub. Sənəddə müxtəliflik, dialoq və inkişaf arasında əlaqənin yeni anlayışı önə çəkilib.

2003-cü ildə BMT Baş Məclisi qeyri-maddi mədəni irsin - bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında konvensiya qəbul edib. UNESCO-ya üzv olan dövlətlər bu qurumun bəyannaməsini təsdiq etməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınması, qorunması, yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğini öhdələrinə götürüblər.

Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günündə mədəniyyətlərarası dialoqun vacibliyi barədə məlumatlılığın artırılmasına istiqamətlənən tədbirlər düzənlənir. Məqsəd müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa səy edənlərin dünya cəmiyyətini formalaşdırmaqdır. Çünki tarix də göstərir ki, bütün bəşəriyyətdə sülhə nail olmaq, dünya cəmiyyətini formalaşdırmaq qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq sayəsində mümkündür.

 

Azərbaycanda da milli-mədəni müxtəlifliyin qorunub saxlanması, inkişafı üçün məqsədyönlü işlər aparılır

 

BMT konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanaraq daha çox həmrəyliyə nail olmağa səy göstərir. Xatırladaq ki, UNESCO tərəfindən 2005-ci il 20 oktyabrda "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya" qəbul olunub. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabrda imzaladığı qanunla ölkəmiz sözügedən konvensiyaya qoşulub. Konvensiyaya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyətləri, incəsənəti və adət-ənənələri, eləcə də dillərinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.

Bu da təsadüfi deyil. Azərbaycan fərqli din və mədəniyyətlərin qovşağında yerləşir. Unikal coğrafi, geosiyasi və mədəni məkan olan ölkəmizdə müxtəlif milli-etnik xalqların nümayəndələri yaşayır. Əsrlərdir ki, Azərbaycanda yaşayan onlarca etnik-dini birliklərin qarşılıqlı münasibəti, mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzinin müxtəlifliyinin vəhdəti yaranıb.

Dinindən, millətindən asılı olmayaraq, Azərbaycanda bütün xalqlar, milli azlıqlar, etnik qruplar mehriban ailə, dost, qardaş kimi yaşayırlar. Dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar bu ənənələri daha da möhkəmləndirir. Respublikamızda milli-mədəni müxtəlifliyin qorunub saxlanması və inkişafı naminə Azərbaycan dövləti məqsədyönlü siyasət həyata keçirir. Bunun sayəsində ölkəmizdəki bütün xalqlara, milli azlıqlara, etnik qruplara eyni münasibət göstərilir, onların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə olunur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bır sıra mədəniyyət mərkəzləri yaradılıb. Hazırda belə mərkəzlərin sayı onlarcadır. Respublikamızda yaşayan milli azlıqların nümayəndələri öz dillərində danışır, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır və inkişaf etdirirlər. Bunlardan əlavə, dini və milli mənsubiyyətlərindən asılı olmayaraq, Azərbaycan ərazisindəki bütün qədim tikililər tarix və mədəniyyət abidələri kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa edilir. Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndlərindəki alban kilsələrini, Qax rayonu ərazisindəki xristian kilsəsini, Masallı rayonunun Ərkivan kəndində XIX əsrdə tikilmiş məscidi buna misal göstərə bilərik. Eyni zamanda azsaylı xalqların mədəniyyətlərinin, o cümlədən folklorlarının təbliği üçün yaradılan bədii özfəaliyyət kollektivləri hətta xarici ölkələrdə tez-tez qastrol səfərlərində olurlar. Ümumiyyətlə, bu gün az ölkə tapılar ki, ərazisində yaşayan milli azlıqların öz ənənələrini yaşatmalarına, mədəniyyətlərinin qorunaraq nəsildən-nəsilə ötürülməsinə Azərbaycan qədər səy göstərsin.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video