Biz iqlim maliyyəsi məqsədinə daha ciddi yanaşmalı və bunu danışıqların mərkəzində yerləşdirməliyik. Ancaq yeni mətndə biz bunu görmədik. Az inkişaf etmiş dövlətlərin təmsilçiləri iclasdan çıxdılar. Biz onların bu cəsarətli addımını alqışlayırıq. Onlar bildirdilər ki, bu mətnlə işləmək fikrində deyillər.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un belçikalı iştirakçısı Rebekka Tissen jurnalistlərə müsahibəsində deyib.
"Sadəcə əlavə etmək istəyirəm ki, diqqəti yalnız rəqəmlərə deyil, həm də məsuliyyətə yönəltmək lazımdır. Hazırda bütün təklif olunan mətnlərdə gördüyümüz məhz budur. Heç kifayət etməyən və qeyri-adekvat rəqəmlər təklif edilir, eyni zamanda, xüsusilə tarixən çirkləndirici olanlar məsuliyyətdən yayınmağa çalışır.
İclas zamanı müzakirə edilmək üçün yeni mətn variantı təqdim olundu. Müzakirələrin başlanğıcında ən həssas dövlətlər, yəni, kiçik ada dövlətləri, ən az inkişaf etmiş ölkələr açıq şəkildə bildirdilər ki, onlar bu mətnlə bağlı öhdəlik götürə və danışıqlar apara bilməzlər. Buna baxmayaraq, digər tərəflər söz alıb danışıqları davam etdirmək istədiklərini bildirdilər və bu məsələdə israr etdilər. Biz onların cəsarətini həqiqətən alqışlayırıq, çünki hər şeyin dəqiq şəkildə ifadə olunması vacibdir. Biz burada, Bakıda, uyğun maliyyə razılaşmasını müzakirə etmirik. Masadakı rəqəmlər son versiyaya əsasən 300 milyarddır. Beləliklə, dünənki versiya ilə müqayisədə kiçik - 50 milyardlıq artım var. Bir daha vurğulamaq lazımdır ki, bu miqdar inkişaf etməkdə olan ölkələrin ehtiyacları ilə uyğun gəlmir”.