31 Dekabr 2021 01:50
690
Qanunlar

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272; 2018, № 7 (I kitab), maddələr 1393, 1412, № 10, maddə 1966; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 670, № 7, maddə 830; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 547) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.27. idman mərc oyunları - real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların   (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur;”;

1.2. 1.0.28-ci maddədə “maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş” sözləri “maddəsində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

1.3. 1.0.30-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.31 - 1.0.34-cü maddələr əlavə edilsin:

“1.0.31. virtual mühit - idman mərc oyunlarının operatorunun və ya virtual satıcının idman mərc oyunlarının oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri və digər texnologiyalara əsaslanan, idman mərc oyunlarının operatorunun əmtəə nişanı altında və idman mərc oyunlarının operatorunun mərkəzi mərc sisteminə bağlı olaraq fəaliyyət göstərən platformalar;

1.0.32. idman mərc oyunları satıcısı - real mühitdə idman mərc oyunları satıcısı və virtual satıcı;

1.0.33. real mühitdə idman mərc oyunları satıcısı - idman mərc oyunlarının operatoru ilə bağlanılmış müqaviləyə (idman mərc oyunlarının operatoru idman mərc oyunlarının satıcısı olduğu hallar istisna olmaqla) əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri stasionar və (və ya) səyyar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;

1.0.34. virtual satıcı - idman mərc oyunlarının operatoru ilə bağlanılmış müqaviləyə əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyunlarının iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri virtual mühit vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi şəxs.”;

1.4. 4.0.41-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.0.42-ci maddə əlavə edilsin:

“4.0.42. idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi.”;

1.5. 13.2-ci maddə 13.3-cü maddə hesab olunsun və aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:

“13.2. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.”;

1.6. 40-2.1.1-ci və 40-2.1.3-cü maddələrdən ismin müvafiq hallarında “, maliyyə bazarlarına nəzarət orqanı” və 40-2.1.4-cü maddədən isə “və maliyyə bazarlarına nəzarət orqanı” sözləri çıxarılsın;

1.7. 53-1-ci maddə üzrə:

1.7.1. 53-1.1-ci maddəyə “inkişafına” sözündən sonra “, habelə sosial əhəmiyyətli layihələrə” sözləri əlavə edilsin;

1.7.2. 53-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir.”;

1.7.3. 53-1.4-cü maddəyə “inkişafına” sözündən sonra “, habelə sosial əhəmiyyətli layihələrə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqavilə əsasında idarəetməyə verildikdə isə bu maddənin birinci cümləsində nəzərdə tutulan ödənilməli vəsaitin əvəzinə idarəetmə müqaviləsində nəzərdə tutulmuş məbləğ idarəedici tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hər il üzrə müəyyən etdiyi bölgüyə uyğun olaraq ödənilir.”; 

1.7.4. 53-1.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.7.5. 53-1.6-cı maddənin birinci cümləsində “İdman” sözü “İdman mərc oyunlarının operatoru idman mərc oyunlarının satıcısı olduğu hallar istisna olmaqla, idman” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

1.7.6. aşağıdakı məzmunda 53-1.6-1-ci və 53-1.6-2-ci maddələr əlavə edilsin:

“53-1.6-1. İdman mərc oyunlarının operatoru onun keçirdiyi idman mərc oyunlarını fərqləndirən əmtəə nişanının (işarənin) qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, idman mərc oyunlarını yalnız bir əmtəə nişanı (işarə) vasitəsilə (həmin əmtəə nişanının (işarənin) oxşarı da daxil olmaqla) həyata keçirə bilər.

53-1.6-2. İdman mərc oyunlarının operatoru idman mərc oyunlarını virtual mühit vasitəsilə ya özü, yaxud bu məqsədlə yalnız bir virtual satıcı ilə müqavilə bağlamaqla həyata keçirir.”;

1.7.7. 53-1.7-ci maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video