20 May 2022 16:26
193
SİYASƏT

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının videokonfrans rejimində iclası olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb. Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq.

Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət qiymətləndirib. Pandemiyanın aradan qaldırılmasında vaksinasiya prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki, Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.

Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib: “Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.

Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.

Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.

Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.

Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.

Həmçinin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.

Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.

Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.

MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb.

Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video