25 Yanvar 2022 00:17
772
CƏMİYYƏT
A- A+

Bakının boğazında tıxac olmuş tıxac problemi

 

Səbəbi yazmaqla qurtaran, nəticəsi danışmaqla azalan deyil

 

Bakı təkcə regionda yox, bütün dünyada gözəl şəhər kimi tanınır və mübaliğəsiz deyək ki, həm də sevilir. Paytaxtımız nadir şəhərlərdəndir ki, burada tarixin bütün dövrlərinin memarlıq nümunələri ilə rastlaşmaq mümkündür. Özü də əksər hallarda bu müxtəlif yaşlı nümunələr bir-biri ilə o qədər “qaynayıb-qarışıb” ki, onları ayrılıqda hətta təsəvvür etmək belə çətindir.

Sözsüz ki, Bakını bu səviyyəyə qaldıran, onu dünyanın gözəl şəhərləri sırasına qoşan Prezident İlham Əliyevdir. Səmimiyyətimizə inanın, məhz İlham Əliyevin sayəsində paytaxtımızı bu gün Şərqin Parisinə, Qərbin Dubayına bənzədirlər. Ötən əsrin 90-cı illərinin Bakısını xatırlayırsınızmı? Keçmiş SSRİ-dən qalma yarıdağılmış infrastruktur, yaşıllıqları saralmış park və xiyabanlar, illərin çirkini üstündə saxlamış boz binalar, işləməyən sənaye müəssisələri, hər cür müasirlikdən uzaq olduqları üçün bu gün kəndlərimizin belə özlərinə rəva bilmədikləri ticarət və iaşə obyektləri... Saymaqla qurtarılası deyil paytaxtımızın dünənki simasının “atribut”ları. O “atribut”ları ki, ən yaxşılarını indikilərin yanında yalnız açıq səma altında muzey eksponatına bənzətmək mümkündür.

Bu üzdən İlham Əliyevi yeni Bakının müəllifi də adlandırmaq olar. Bəli, məhz İlham Əliyev “Əsrin müqaviləsi”nin ilk dividendlərindən həm də paytaxtımızın abadlaşdırılaraq müasir şəhər statusu qazanması üçün vəsait ayrılmasına qərar vermişdir. Həmin hesaba hansı işlər görülmədi, nələr edilmədi... Sadalayıb vaxtınızı almayacağıq, onsuz da hamısı gözümüzün qarşısında, başımızın üstündə, ayağımızın altındadır. Sadəcə, adət etdiyimizdən fərqinə varmırıq, elə bilirik belə olmalıdır. Yalnız o vaxt ayılırıq ki, başqa ölkələrin paytaxtlarında olanda onları Bakı ilə müqayisə və necə gözəl, abad, fərqli paytaxtda yaşamağımızı sözün həqiqi mənasında dərk edirik.         

Amma onu da dərk edirik ki, Bakı, sən demə, həm də... “kiçik” şəhərmiş. Biz bu iddianı irəli sürərkən heç də paytaxtımızın inzibati sərhədlərini və həmin sərhədlər çərçivəsində yaşayan əhalinin sayını nəzərdə tutmuruq. Qərbdə Ələtdən başlayıb şərqdə Zirədə dənizə dirənən Bakını götürsək, onda paytaxtımız inzibati ərazisinə görə bəlkə də dünyanın ən böyük şəhərləri sırasındadır. Amma necə fikirləşirsiniz, Bakının mərkəzindən 80 kilometr kənarda yerləşən Ələt qəsəbəsinin və bu aralıqdakı bir neçə iri sənaye müəssisəsi, pərakəndə halda tikilmiş şəxsi evlər və Xəzəri görünməz edən hasarların şəhərə aidiyyəti və oxşarlığı varmı? Təbii ki, yoxdur! Sadəcə olaraq, ötən əsrin 70-ci illərində - köhnə SSRİ dövründə şəhərlər əhalinin sayına görə kateqoriyaya bölündüyündən həmin vaxt respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev Bakını 1-ci kateqoriyaya daxil etmək üçün paytaxta nisbətən yaxın yaşayış məntəqələrini şəhərin inzibati ərazisinə daxil etməyi bacarmış və bu hesaba Bakı keçmiş ittifaqın azsaylı “milyonçu” şəhərləri cərgəsinə qoşulmuşdur. Təkcə bir faktı qeyd edək: əhalisi milyon nəfər olmayan şəhərdə metro tikintisi də mümkün deyildi.

Və soruşa bilərsiniz ki, bütün bunların mətləbə nə dəxli var?

Bu gün Bakının yollarında avtomobil, ictimai nəqliyyatda insan tıxaclarından şikayətçi olmayan yəqin ki, az adam tapılar. Hökumət körpü və yolötürücüləri inşa etsə də, küçə və prospektləri genişləndirsə də, nəqliyyatın intellektual idarəolunması sistemi qursa (?) da, tıxaclar yenə səbrimizi kəsməkdə, vaxtımızı almaqda, planlarımızı pozmaqda davam edir. Səbəbi? İlkini və “ən səmərəli bəhanə” sayıla biləni bütün böyük şəhərlərdə tıxacların olmasıdır.

Amma iddiamız var axı, Bakı şəhər kimi kiçikdir. Məsələn, paytaxtın şimal girəcəyi sayılan 20 Yanvar dairəsindən Nizaminin şəhərin mərkəzindəki heykəlinin yanına piyada 45-50 dəqiqəlik məsafədir. Oradan da cənub istiqamətinə start götürülsə, Bakının şəhər kimi qurtardığı Bayılacan olan yol maksimum bir o qədər vaxt alar. Deməli, Bakının şimalından cənubuna piyadalıq yol təxminən heç 2 saatlıq da deyil. Yaxud götürək Bakının mərkəzi hesab edilə bilən, qonağa göstəriləsi küçələrinin sayını. Barmaqla sayılan qədərdir.

Amma gəl ki, təkcə paytaxtın yox, bütün ölkənin əksər mərkəzi icra strukturları, o cümlədən nazirlikləri, komitələri, ASC və QSC-ləri, eləcə də ali və orta ixtisas təhsil müəssisələri, bankların baş ofisləri, hətta tanınmış ticarət, iaşə və digər xidmət obyektləri bu kiçik əraziyə sığınıblar. Dövlət Gömrük Komitəsi üçün yeni inzibati binanın tikildiyi yerə fikir vermisinizmi? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və komitənin indiki binasının arasına birtəhər pərçimləyirlər. Guya şərqdən qərbə 130-140 kilometr ərazi olan Bakıda yer yoxmuş. Ən azından DGK-nın yeni binası Heydər Əliyev prospektində inşa edilə bilərdi. Çünki həmin prospektdə artıq bir neçə şirkət və nazirlik üçün inzibati bina tikilmişdir və həm məzmun, həm də forma cəhətdən bu qərar təqdirəlayiqdir. Çünki SOCAR, yaxud İqtisadiyyat Nazirliyi kimi qurumların şəhərin mərkəzindən nisbətən uzaqlaşdırılması bu gün hamımızı rahatsız edən avtomobil və insan tıxaclarının qarşısını dolayısı yox, birbaşa alan tədbirdir. Elə isə DGK bundan niyə kənarda qalmalı idi ki? Axı vətəndaşların, xüsusən sahibkarların ən çox üz tutduqları qurumlardan biri də odur. Elmlər Akademiyası, 3 universitet, eləcə də Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Vergi Xidməti, üstəgəl Dövlət Gömrük Komitəsi - kiçik bir ərazi üçün çox deyilmi?

Hərdən dəniz, okean, çay sahilləri boyu yerləşən şəhərlərə baxanda adamın paxıllığı tutur. Elə bizim Bakının Bayraq meydanından Xəzərin sahilinə sığınmış kiçik mərkəzini seyr edəndə də paytaxtımıza valeh olmamaq mümkün deyil. Memarlıq nümunələri sayıla bilən müasir tikililər dənizlə qol-boyun olanda necə ecazkar görünürmüş. 

Bu yerdə adamı od götürür ki, niyə Bakı Xəzər sahili boyu genişlənməməli idi? Allah rəhmət eləsin Ulu Öndərə, bunun üçün şərait yaratmışdır. Yaratmışdır ki, gələcəkdə paytaxtımız hündürlüyə yox, eninə böyüsün. Amma bu işə birbaşa  cavabdeh olan təşkilatların rəhbərləri nə etdilər?! Xəzərin kilometrlərlə uzanan sahilini hasarlayıb mərkəzdə eni-uzunu metrlə ölçülən ərazilərdə müxtəlif təyinatlı köndələn göydələnlər tikməyə icazə verdilər. İndi hündürlükdən baxanda Bakının mərkəzi kortəbii surətdə qırılmış meşəyə bənzəyir. Yaxşı ki, Dənizkənarı Milli Park, Neftçilər prospekti, Nizami, İstiqlaliyyət və daha bir neçə belə küçə, meydan, park varmış. Yoxsa, nə ilə öyünərdik?!

Elə bilirsiz, Bakının boğazında tıxac olmuş tıxac probleminin həlli təkcə şəhərin inzibati mərkəzinin bir ovuc əraziyə sığınmasıdır? Belə olsaydı, nə dərdimiz olardı ki... Başqaları səhrada yeni şəhər salıb paytaxtı ora köçürürlər. Azərbaycan kimi ambisioz layihələrdən çəkinməyən ölkənin əlində inzibati ərazini bütün şəhərboyu səpələməyə nə var. Amma problem elə həddə gəlib çatıb ki, həlli təkcə bundan asılı deyil axı...

Götürək şəhərdaxili, xüsusən mərkəzi və mərkəzə yaxın ərazilərdə yeni yollar çəkilişini. Əgər şəhər ətrafında Bakının qəsəbə və kəndlərini birləşdirən belə yolların çəkilişi sürətlə aparılırsa, içərilərdə olsa-olsa ən yaxşı halda əsasən təmir işləri görülür. Türk qardaşlarımız demiş, nədəni məlumdur. Bakının tarixi mərkəzi və buna yaxın ərazilərində torpaq o qədər bahadır ki, həmin məbləğin qarşısında tab gətirmək elə də asan deyil. Tərəzinin bir gözündə bahalı “biznes layihələri”, digərində  ucuz yox, hətta bədava geniş, rahat yol. Əlini əlinə sürtən məmurun onlardan hansını götürəcəyi, daha doğrusu, artıq neçə ildir götürdüyü məlumdur. İnanmırsınızsa, sökülən gecəqonduların, köhnə binaların yerində nəyin - müxtəlif təyinatlı obyektlərin, yoxsa geniş yolların inşa olunduğunu yadınıza salın. Köhnə Sovet küçəsi və Qış parkından savayı bir geniş ərazini xatırlamaq çətindir ki, onlar da dövlət başçısının birbaşa tapşırığı və nəzarəti altında mümkün olmuşdur. Qalan əksər ərazilərdə  isə hətta yerləşdiyindən artıq ya yaşayış binaları, ya da biznes və ya ticarət mərkəzləri tikilmişdir və necə deyərlər, “proses bu gün də davam edir”.  Özü də bu vaxt nə həmin ərazinin infrastruktur imkanları nəzərə alınır, nə də perspektiv inkişafı. Belə halda hansı yol genişləndirilməsindən, avtomobillər üçün  park yerlərinin salınmasından söhbət gedə bilər.

Park yerləri demişkən. Bu gün Bakıda hamını cana yığmış tıxacların əmələ gəlmə səbəblərindən birinin də şəhərdə müasir yeraltı və yerüstü park yerlərinin sayının az olması məlum həqiqətdir. Olanların isə qiymətləri DYP-nin və BNA-nın parketməyə görə yazdıqları cərimədən az fərqlənir. Neçə ildir bu tarif məsələsi həll olunmur ki, küçənin kənarlarında 2-3 cərgə dayanmış avtomobillərə sərfəli alternativ park yeri təklif edilsin. Düzdür, biz heç də bütün sürücülərin həmin təklifə vətəndaş mövqeyindən çıxış edərək cavab verəcəyinə əmin deyilik. Amma bu halda ən azından həmin işə cavabdeh qurumların həm dili uzun, həm də yazdıqları cərimələr ədalətli olar.  

Söz ki ədalətdən düşdü, yolun hərəkət hissəsini ədalətsizcəsinə “işğal” edən taksi sürücülərindən yazmamaq mümkün deyil. Niyə yazmayasan ki, onlar bəlkə də paytaxtın bugünkü tıxaclarının əsas günahkarlarıdır. Bakının onsuz da dar olan küçələrini daraldan taksi sürücülərinə nə yol polisinin gücü çatır, nə də Bakı Nəqliyyat Agentliyinin cərimələri təsir edir. Şəhərin şimal girəcəyi sayılan 20 Yanvar və 3-cü mikrorayon dairələri, metronun əksər, xüsusən “İnşaatçılar”, “Neftçilər”, “Xalqlar dostluğu” stansiyalarının və paytaxtın biz bilmədiyimiz, yaxud xatırlamadığımız digər əraziləri şəhərimizin təkcə tıxac mənbəyi yox, həm də üz qarasıdır. Amma nə olsun, gəlin görək onlara qarşı radikal tədbirlər həyata keçirən varmı?! Yoxdur. Bizim də qeyd etdiyimiz həmin ərazilərdə BNA-nın yazdığı cərimələr və DYP-nin ara-sıra səsləndirdiyi “sirena”lar sanki gözdən pərdə asmaq üçündür, aralandılarmı, “işğalçı” taksilər yenə mövqelərindədir. Vallah, adam bilmir həmin taksi sürücülərinin “qorxmaz”lığını hara yozsun - ehtiyacın hər cür hissi üstələməsinə, yoxsa DYP və BNA ilə razılaşdırılmış “tamaşa”ya.

Amma yox, bu yerdə üçüncü bir ehtimal da var ki, onun da adı insan amilidir, başqa sözlə desək, bizim hər birimizin şəxsi məsuliyyəti. O üzdən bütün günahı yolların az qala yarısını zəbt edən taksi sürücülərinin, vəzifələrinin icrasına şəxsi maraqlarının təminatı çərçivəsindən baxan BNA və DYP-nin bəzi əməkdaşlarının üzərlərinə atmaq ən azından günah olardı. Bəs biz özümüz necə, tıxac probleminin həllində üzərimizə düşəni edirikmi? Təbii ki, aramızda bu suala müsbət cavab verə biləcək az adam olar. Avtomobilə sahib əksəriyyət bəzən fürsət düşəndə, bəzən tələsəndə, bəzən də sadəcə səbirsizlikdən yol hərəkəti qaydalarını pozur və həmin qayda pozuntuları sırasında qadağan edilmiş yerlərdə parketmələrin sayı az olmur.

O başqa məsələdir ki, paytaxtın, xüsusən, mərkəzində çox az küçə tapmaq mümkündür ki, orada “dayanma-durma” qadağan edilməsin. Həmin qadağalar sürücülər üçün əməlli-başlı problem yaratsa da, başqa ölkələrin paytaxt şəhərlərində və meqopolislərində daha ciddi tədbirlər görüldüyünü gözümüzə alıb anlamalıyıq ki, bütün bunlar tıxacların mümkün qədər qarşısını almaq üçündür. Əgər sabah Bakıda da avtomobillərin hansı gündə hərəkət etməsinə qeydiyyat nömrələrinin tək-cütlüyü ilə icazə verilərsə, yaxud “bir avtomobil-bir sərnişin” qadağan olunarsa, eləcə də şəhərin mərkəzində parketmənin bir neçə saatlıq qiyməti ölkə üzrə minimum əməkhaqqı səviyyəsinə qaldırılarsa, təəccüblənməməliyik. Sadəcə, ictimai nəqliyyatdan istifadə etməyə öyrəşməli, hər cəhətdən xeyirli olan piyada yeriməyə üstünlük verməliyik ki, bu cür radikal tədbirləri tətbiq edənlərin qarasına danışmayaq.  

Bütün bunlar özümüzdən asılı olanlardır. Yaxşı, bəs özümüzdən asılı olmayanlarla nə edək?! Məsələn, bir də görürsən, işıqforun normal nizamladığı yolkəsişməsində bir DYP əməkdaşı peyda olur və başlayır qaş düzəltdiyi yerdə göz  çıxarmağa, yəni yolun birini boşaldıb, digərində tıxac yaratmağa. Bakı da, qeyd etdiyimiz kimi, elə də böyük şəhər deyil ki, bir, yaxud bir neçə küçədəki tıxacı tezliklə aradan qaldırmaq mümkün olsun. Paytaxtımızda bir küçədə, məsələn, həmin DYP əməkdaşının yaratdığı, yaxud sadaladığımız və sadalamadığımız başqa səbəblərdən əmələ gələn tıxac az vaxtda bütün şəhərin nəqliyyat axınını iflic edir. Hətta iki maşının bir-birinə yüngül toxunması belə bəs edir ki, məsələn, Ziya Bünyadov kimi prospekt, Bakı dairəvi yolu kimi magistralda hərəkət dayansın.

Söz düşmüşkən. Yüngül qəza törədən avtomobillərin hadisə yerini sığorta müfəttişləri gələnəcən tərk edib yolu boşaltmamaları da Bakı tıxaclarının yaranma səbəblərindən biridir. Başa düşmürük, indi nə zamandır ki, müfəttiş hadisəni yerində gözü ilə görməlidir. Camaat bir şəhərdə  kompüter arxasında oturub başqa qitədə cərrahi əməliyyat edir, bizdə isə şəhərin az qala yarısı tıxaca düşür ki, nə var-nə var, cənab sığorta müfəttişi hadisə yerinə gələcək. Gülməli və ağlamalıdır, Vallah!       

Bütün bunlardan sonra oturub-durub tıxacların yaranma səbəbini axtarırıq. Daha fikirləşmirik ki, paytaxtın özü ağırlığında yükünü 2100 kvadratmetrlik Abşeron yarımadasının bir neçə yüz kvadratmetrinə yerləşdirmək istəyəndə, şəhərin boşalan ərazilərini əvvəlkindən daha basırıq edəndə, intellektual idarəetmənin yalnız adı qalanda və daha neçə-neçə qeyd etmədiyimiz hallarda tıxac da olar, üstəlik ondan artığı da. Hələ paytaxtın burnunun ucunda xaotik şəkildə salınan “Sulutəpə” kimi “yataqxana”ların yaratdıqları problemləri yazmırıq. Onun üçün qəzetimizin bir nömrəsinin bütün səhifələri də azlıq edər. Bu üzdən bəlkə  də “qatar artıq gedib”. Qalır növbəti qatarı gözləmək, o da gəlib çıxsa...

 

Raqif MƏMMƏDLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video