17 Avqust 2022 01:25
577
CƏMİYYƏT
A- A+

Bakıda "Dəniz kuboku" müsabiqəsinin təntənəli açılış mərasimi olub

 

Avqustun 15-də Moskvanın Patriot Parkında 37 ölkəni, o cümlədən ölkəmizi təmsil edən 275 komandanın qatıldığı VIII Beynəlxalq Ordu Oyunlarına start verildikdən sonra Bakı şəhərində həmin gün "Dəniz kuboku" müsabiqəsinin açılışına həsr olunmuş təntənəli mərasim olub. 
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq müsabiqədə iştirak edən komandaların və ictimaiyyətin nümayəndələri əvvəlcə Hərbi Dəniz Qüvvələrinin qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xəzər dənizinin sahilində keçirilən təntənəli açılış mərasimi hərbi orkestrin ifa etdiyi "Azərbaycan fanfarası" ilə başlanıb. 
Tədbirin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani və aparıcılar - ikinci dərəcəli kapitan Mixail Sklyamin və Rəna Qurbanova mərasim iştirakçılarını salamlayaraq Xəzər dənizinin sahilində yenidən görüşdüklərindən məmnun olduqlarını bildiriblər. 
Qeyd edilib ki, Xəzər dənizi xoşbəxtlik, səadət, gözəllik və həyat rəmzidir. Xəzər dənizi sahilində yaşayan bütün xalqlar üçün ümumi bir dəstərxandır. Dostluq, səmimiyyət, qarşılıqlı anlaşma, etimad və əməkdaşlıq dəstərxanı. 
Aparıcıların söylədikləri "Qoy Xəzərimiz həmişə sülh, əmin-amanlıq içində sakit, rahat nəfəs alsın! Gəmilərimiz sahilləri xoş müjdələrlə sevindirsin, xalqlarımıza əmin-amanlıq, firavan günlər bəxş etsin! Xəzər məhəbbətimiz, sevgimiz heç vaxt tükənməsin!" fikirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 
Beynəlxalq müsabiqənin hakimlər kollegiyasının üzvləri, eləcə də Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət bayraqları altında həmin ölkələri təmsil edən komandalar təntənəli mərasimə dəvət ediliblər. 
Ənənəyə uyğun olaraq müsabiqəyə evsahibliyi edən ölkənin - Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xalid İbrahimov bayrağımızı qaldırıb. 
Fəxri qarovul "Beynəlxalq Ordu Oyunları-2022" və "Dəniz kuboku" müsabiqəsinin bayraqlarını təntənəli mərasimə gətirib. 
Beynəlxalq Ordu Oyunlarının himninin sədaları altında bayraqlar qaldırıldıqdan sonra Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov nazirliyin rəhbərliyi adından müsabiqə iştirakçılarını və qonaqları salamlayaraq deyib: "Azərbaycan Beynəlxalq Ordu Oyunları başladığı 2015-ci ildən heç də dünya olimpiadalarından seçilməyən bu yarışlarda fəal iştirak edərək müxtəlif növlər üzrə müsabiqələrdə həmişə fərqlənib.
Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan "Dəniz kuboku" artıq beşinci ildir ki, bizim gündən-günə gözəlləşən paytaxt Bakımızda təşkil olunur. Hər dəfə də çalışırıq ki, yarış iştirakçıları Odlar Yurdu Azərbaycandan xoş təəssüratlarla ayrılsınlar. Əminəm ki, bu il də qonaqlarımız respublikamızdan xoş təəssüratlarla öz doğma Vətənlərinə dönəcəklər".
General-mayor E.Xəlilov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır" fikirlərini mərasim iştirakçılarına xatırladaraq diqqətə çatdırıb ki, Xəzəryanı dörd dövlətin Hərbi Dəniz Qüvvələri nümayəndələrinin bu gün Bakıda bir yerdə olması bir daha təsdiq edir ki, həqiqətən Xəzəryanı ölkələrin xalqları və orduları bu şərəfli missiyanı uğurla davam etdirirlər".
Müdafiə Nazirliyinin rəsmisi müsabiqənin "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı", "Dəniz hazırlığı" üzrə mərhələlərində 6 epizod üzrə keçiriləcək yarışlarda iştirakçılara uğurlar arzulayıb. 
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikası artıq dünyada həm də idman dövləti kimi tanınır. I Avropa Oyunları, 
IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının bizim ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu ənənə bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı uğurların nəticəsidir. 
"Dəniz kuboku-2022" Beynəlxalq müsabiqəsinə xalqımızın və ordumuzun böyük qələbə əhvali-ruhiyyəsi ilə yaşadığı bir vaxtda start verilir. Bu, hər bir Azərbaycan əsgərini sevindirir.
Beynəlxalq Ordu Oyunlarını ölkələrimizin hərbi qulluqçuları arasında qarşılıqlı etimad mühitinin inkişafı, hərbi əməkdaşlığın möhkəmlənməsi, dostluq və rəqabət gücünün artırılması, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, şəxsi heyətin qabaqcıl təcrübələrdən bəhrələnməsi, onlarda yüksək iradi keyfiyyətlərin aşılanması məqsədinə xidmət etdiyini vurğulayan kontr-admiral S.Bəkirov əmin olduğunu bildirib ki, bu yarışlar iştirakçı dövlətlərin hərbi qulluqçularında həmrəylik hissi oyatmaqla bərabər, həm də bütün iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaqdır. Onlar ölkəmizi daha yaxşı tanımaq, tarixi yerləri, abidələri ziyarət etmək, xalqımızın milli adət-ənənələri, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaq və günəşli Azərbaycanımızdan xoş təəssüratlarla, bir də bu yerlərə qayıtmaq arzusu ilə ayrılacaqlar. 
Müsabiqə iştirakçılarını bir daha səmimi-qəlbdən salamlayan, yarışlarda öz ölkəsini təmsil etmək şərəfinə nail olmuş bütün komanda üzvlərinə gərgin yarışlar zamanı yüksək nəticələr və uğurlar qazanmağı arzulayan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı alqışlar altında Beynəlxalq Ordu Oyunları çərçivəsində paytaxtımızda keçirilən "Dəniz kuboku-2022" beynəlxalq müsabiqəsini açıq elan edib.
İştirakçı dövlətlərin nümayəndələri adından çıxış edən Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi kontr-admiral Tryapiçnikov Vladimir Aleksandroviç təntənəli mərasim iştirakçılarını salamlayaraq onlara yarışlarda müvəffəqiyyətlər arzulayıb və 5 ildir ki, Azərbaycanın evsahibliyi etdiyi "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə və Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib. 
2017, 2018, 2019, 2020-ci illərdə Azərbaycanda keçirilən "Dəniz kuboku" müsabiqələrinin xronikasını əks etdirən videosüjetlər nümayiş etdirilib.
Teatrlaşdırılmış konsert proqramında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Nigar Şabanova, Fərid Əliyev, tanınmış ifaçılardan Vüqar Qarabağlı, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və "Səma", "Asiman" rəqs qruplarının təqdim etdiyi komandaların mənsub olduqları xalqların milli musiqi, mahnı və rəqsləri, videoçarxlar açılış mərasimi iştirakçılarının böyük marağına səbəb olub. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video