06 Iyul 2022 01:38
1328
İQTİSADİYYAT
A- A+

Bakı parklar, bağlar şəhəridir

 

Yay aylarında Bakı sakinlərinin çoxu məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün ölkəmizin bölgələrində təbiətin qoynunda istirahət yerlərinə, sanatoriya və müalicəxanalara, ya da xarici ölkələrə, uzaq şəhərlərə üz tuturlar.

Etiraf edək ki,  ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 30 illik erməni işğalından azad edilən ərazilərə, qədim Qarabağa getmək, xüsusən də möhtəşəm Şuşada olmaq, o cənnətməkan yerləri gəzmək, görmək, dincəlmək istəyənlər lap çoxdur. Ancaq erməni quldur birləşmələri 44 günlük Vətən müharibəsində həmin əraziləri minalayıblar. Odur ki, zəfər qələbəsindən sonra dövlətimiz insanların sağlamlığı naminə təhlükəsizlik tədbirlərini ön plana çəkib, işğaldan azad edilmiş ərazilərdə sürətlə minatəmizləmə əməliyyatı keçirir və quruculuq işləri aparır. İctimaiyyət birmənalı şəkildə inanır ki, növbəti yay fəslində Qarabağın ən ucqar guşələrinə səfər edə, gəzintidə ola və ürəkləri istədiyi yerlərdə dincələ biləcəklər.  

Hazırda yayın bu qızmar günlərində Bakıda ailə qayğıları və ya işi ilə əlaqədar harasa gedə bilməyənlər istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da deyək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin sayı çoxdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır.

Ta qədimdən Bakının gəzməli, görməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin boyunbağısı adlandırılan Sahil bağı - Bakı bulvarı yada düşür. 104 ilə yaxın yaşı olan 3,5 hektarlıq bu bağ  Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və sərəncamı əsasında genişləndirilərək 16 hektara çatdırılıb. Biz də yolumuzu yeni bulvardan salırıq. Görülən iş, yaradılan şərait göz oxşayır. Gəzintidə olanların əksəriyyəti sahildə  Vətən müharibəsinin qələbəsindən, rəşadətindən söhbət açan Hərbi Qənimətlər Parkını ziyarət etməmiş geri dönmür. Burada gəzintidə olanlardan biri də Əhmədli qəsəbəsinin sakini, ali dərəcəli həkim-kardioloq Həsən Məmmədovun ailəsi, onun köhnə bakılılardan hesab olunan, 25 ilə yaxın Avropada - Avstriyanın Vyana şəhərində yaşayan qonağı, vaxtilə Əhmədli qəsəbəsinin sakini olmuş Füzulidir. O, özünün dediyi kimi, həyat yoldaşı Pərvanə xanım, qızları Lalə, Cənnət, nəvələri Rəhimə və Atəşlə Bakıda qonaqdılar. "İstirahətinizi necə keçirirsiniz?" sualına əvvəlcə Həsən Məmmədov cavab verir:

- Bir həftədən çox qonaqlarla birlikdə Qubada, Qəçrəşdə, Nabranda idik. Gəzdik-dolandıq, əyləndik. Amma harada olmuşuqsa, hey deyiblər, sabah gedək Bakıya. İki gündür qayıtmışıq, yeni bulvar bizə yaxındır, demək olar ki, hər gün günortadan sonra bura gəzməyə, uşaqları əyləndirməyə çıxırıq. Hər cür şərait var, rahat və sərfəlidir.

25 il bundan əvvəl Bakıdan Avstriyaya köçən Füzuli kişi və Pərvanə xanım bugünkü Bakının gözəlliyindən, füsunkarlığından ağızdolusu danışdılar. Şəhərin görməli yerlərini mobil telefonlarına çəkdiklərini göstərdilər. Sonda Füzuli kişi dedi:

- Bundan sonra hər il yay aylarında ailəliklə Bakıya gəlməyi, Xəzərin ləpədöyənində, Qubada, Qusarda, Qarabağda, Şuşada, Xankəndidə dincəlməyi qərara almışıq. Çox ölkələrdə olmuşuq, Azərbaycan, Bakı doğrudan da çox gözəldir.       

Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən son illər şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılmış, 52-dən çox yeni, 90-dan çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parklarıdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtda yeni salınan parklarda yaradılan şəraitlə tanış olarkən demişdir: "Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir".

Artıq bu parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilib. Yeni parklardan birində - Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq. Günün qüruba gedən çağıdır, hava bürkülüdür. Parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də yaxın ərazilərdə yaşayan sakinlərdir. Xan çinarın kölgəsində skamyada əyləşmiş ortayaşlı Şahlar  Səfərovla həmsöhbət oluruq. O deyir:

-  "Bakı Metropoliteni"ndə işləyirəm. Hər il bu vaxtlar məzuniyyətimi Bakıda, Xəzər çimərliklərində, ya da yaxında yaşadığımdan bu bağda keçirirəm. Bir neçə gün əvvəl məzuniyyətə çıxan kimi getdim ata-baba yurdum Qusarın Avaran kəndinə. Bir həftə orada dincələndən sonra Bakıya qayıtdım. Əvvəlki vaxtlara baxanda indi Bakıda istirahət etməyə, dincəlməyə o qədər yer, elə qəşəng şərait var ki, heç rayona getməyə, xərc çəkib evindən-eşiyindən olmağa dəyməz. Qusardan söhbət düşmüşkən, Bakıda yaşayan, yazıçı-publisist Elbrus Şahmarla Qusar şəhərinin mərkəzi parkında oxucularla görüşdə tanış oldum. Mənə "Xanimanım Qubadlı" kitabını avtoqrafla hədiyyə etdi.

Bir çox ölkələrdə, şəhərlərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri gördüklərimdən qat-qat üstündür. Bu parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi, oturacaqlar göz oxşayır. Uşaqların gəzintisi, istirahəti, əylənmələri üçün hər cür şərait var. Bunlar valideynlərin uşaqlarla birgə gəzintisi və istirahəti üçün çox vacib şərtlərdəndir.

Belarusun Mogilyov şəhərində yaşayan və son 20 ildə ilk dəfə Bakıya səfər edən Qalib Süleymanovla  Zabitlər parkında görüşdük.

Bura şəhərin ən köhnə parklarından biridir, alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib.

4 hektar sahəsi olan Zabitlər parkının siması əsaslı yenidənqurmadan sonra tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər qoyulub: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun "bürünc fotoqraf" oturub. Bir az aralıda bir "qız yoldan ötənlərə çiçək satır". Başqa birisi isə "xana-xana" oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var...

Qalib Süleymanov bunlara işarə edərək dedi: - Mən Bakının bir neçə görməli-gəzməli istirahət məkanında - Heydər Əliyev Mərkəzində, Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, köhnə Sovetski ərazisində yaradılan parkda, təzəlikcə istifadəyə verilən "Çəmbərəkənd" parkında olmuşam. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmədim, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi. Boş vaxtlarımı, istirahətimi bu gözəl parklarda keçirirəm. Çoxlu şəkillər və videoçəkiliş etmişəm, aparıb Belarusda həmyerlilərimizə göstərəcəyəm. Belarusda, Mogilyovda məni tanıyanların çoxuna gələn il istirahətə və ya turist gəzintisinə Bakıya gəlmələrini məsləhət görəcəm.

Qalib müəllimin ailə üzvləri - həyat yoldaşı Aynurə xanım, qızı Şükufə, oğlu Kamal da Bakının müxtəlif yerlərindən, Dənizkənarı bulvardan, Hərbi Qənimətlər Parkından, İçərişəhərdən, Şirvanşahlar sarayından, "Sovetski" ərazisində aparılan abadlıq və quruculuq işlərindən heyranlıqla danışdılar. Bildirdilər ki, yenə də istirahətə Bakıya gələcəklər.

Daha sonra Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkına yollanırıq. Sovet dönəmindən qalma bu mədəniyyət-istirahət parkı da son illər əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə əlaqədar yenidən qurulan bu parkda yerli arxitektura elementlərini özündə əks etdirən mədəniyyət mərkəzinin binası yenidən tikilib. Sovetlər dönəmində Dəmiryolçular parkı kimi tanınan bu park da sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqlarla təchiz edilib. Parka axşamçağı gələnlər daha çox olur. Gəzinti iştirakçılarından qızı Elnarə, bacısı Şəfiqə, nəvəsi Yusif və qonşuları ilə parka dincəlməyə gələn qəsəbə sakini, pensiyaçı Rəfiqə Əsgərova ilə həmsöhbət oluruq.

- Mən uşaqlıqdan Biləcəridə yaşamışam, dəmiryolçu ailəsində böyümüşəm, atam gəncliyindən maşinist-sürücü işləyib, yaxşı işinə görə dəfələrlə Zaqafqaziya Dəmir Yolları İdarəsi (sovet dönəmində belə adlanırdı) tərəfindən orden və medallara layiq görülüb, Bakının fəxri dəmiryolçularından olub. Elə parkın yaxınlığındakı dəmiryolçular binasında yaşayırıq. Həyətimizin sakinləri, xüsusilə vaxtilə dəmir yolu sistemində çalışmış insanların ailələri bu parkı öz həyətləri, doğma yerləri bilirlər. Qonşularımdan eləsi var ki, oğlunun, ya qızının Xəzərsahili ərazilərdə bağ evi var, amma onların çoxu istirahət üçün bu parka üstünlük verirlər. Qollu-budaqlı ağacların kölgəsi, rahat oturacaqlar, sakitlik, hər yan gül-çiçək, havası da yüngül və təmiz. Bir azdan müasir işıqlandırma sistemi parkın gecəsini gündüzə çevirəcək.

Sağ olsun dövlətimizin başçısı, onun tapşırığı ilə bu park beş-altı il öncə başdan-başa yenidən qurulub, belə gözəl, rahat şərait yaradılıb. Bu gün Biləcəri qəsəbəsində 77 mindən çox əhali yaşayır, onların qəsəbədə gedəcəkləri yeganə istirahət yeri buradır. Ərazisi 4 hektar olan bu istirahət məkanında gördüyünüz kimi, geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi və fəvvarə quraşdırılıb, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılıb.

Rəfiqə xanımın qonşusu, pensiyaçı, əmək veteranı Raya Ağsaqqalova və Bülbül Məmmədov, Elmira Qasımova, Şəfiqə Əsgərova, Tahirə Ağayeva, Sevda Əliyeva, Aydın Əsgərov, Şahin və Gülşən İbayevlər və başqaları "Bakı parkları əsl istirahət yeridir, buranı qoyub, uzaq şəhərlərə nə gəzməyə, nə də istirahətə getməyə, nə də yersiz xərcə düşməyə dəyməz" deyərək bizimlə sağollaşırlar.

 

Rəhman SALMANLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video