18 Mart 2023 01:49
405
Mədəniyyət
A- A+

Bahar gözəlliyin başlanğıcıdır

 

Şimal bölgəsinin Novruz ənənələri

 

Azərbaycanın bölgələrində tarix bərabərliyi olsa da, adətlər az və ya çox dərəcədə fərqlidir. Bu baxımdan multikultural dəyərlərin hörmətlə yanaşıldığı ölkəmizin şimalında yaşayan xalqlar da Novruzu özlərinə məxsus tərzdə müxtəlif cür qarşılayırlar. 
Qusar və Xaçmazda boz ayın əvvəlində odun  yığmağa başlarlar. Qədərincə topladıqdan sonra öz aralarında Kosa və Keçəli müəyyən edirlər. (Novruz sözü ləzgi dilində "Yaransuvar" - yeni gün deməkdir.) Çərşənbə günlərində 7 su dolu qabı  7 evə apararlar. Əgər su hamıya çatarsa demək arzular həyata keçəcək. Qabları daşıyanlar sonra bir yerə yığışar, deyib-gülər, şənlənərlər. Qusarlılar yeyib-içən olduğundan həmin günlər evlər qonaqlı-qaralı olar.     
Bayram axşamı tonqal qalanar, hamı ocaq başına yığışar. "Ləzgi qızı"nın ("Ləzginka"nın) sədaları altında yorulana qədər rəqs edərlər. Sonra lətifə yarışı başlar. Kimin danışdığı daha çox gülməli olarsa, hərə ona bir hədiyyə verər. 
Axşam hər ləzginin evində plov bişirilməsi vacib sayılar. Amma ev sakinləri həmin plovu qonşulara paylar, qazan boşalandan sonra şükür edərlər: Sən bizim qəlbimizi təmiz, ruhumuzu sağlam, gözümüzü tox eylə. Qoy əlimizin bərəkəti hamıya yetsin! 
Bir də subayların toyunu çox vaxt bayram gününə salar, həmin evlilikdən doğulan uşaqlara Bahar və Novruz adını qoyarlar. Ümumiyyətlə, Qusarda bu adları daşıyan insanlara hörmətlə yanaşılır.
Siyəzəndə  çərşənbə axşamları hündür  yerdə tonqal qalayar, hərə gətirdiyi azuqəni bir yerə toplar. Sonra onu birlikdə yeyər və şənlənərlər. Sədan kəndində duzlu və şirin qoğal bişirər, onu paylarlar. Kim şirin qoğalı götürübsə, onu duzlu qoğal  götürənlər evə qonaq çağırarlar. Bir də bayram axşamı bütün küsülülər barışar, etdiklərinə görə üzr istərlər. Barışmaq istəməyəni "qonaqlıqla" o qədər yüklərlər ki, tərsliyinə peşman olar. 
Bir də bayram günü dağ kəndlərində camaat bir yerə yığılar, il boyu bəslədikləri xoruzları döyüşdürərlər. Məğlub tərəfin xoruzunu qoltuğuna verib yola salarlar.   
Şimal bölgəsində Qubanın "bahar xonçası" daha maraqlıdır. Multikultural dəyərlərə söykənən bu rayonda xeyli sayda azsaylı xalqların və etnik qrupların  nümayəndələri yaşayırlar.  Qubada 20 minə yaxın tat və ləzgi, 3 min mehseti türkü, 3500 buduqlu, 4 min xınalıqlı, 1000 rus, 4 minə yaxın yəhudi, tatar, gürcü, ukraynalı, belarus yaşayır. Rayonda onlar bir ocaq ətrafına topalanan mehriban ailəni xatırladır. Bu ailənin üzvləri ötən əsrin əvvəlində erməni qəsbkarlarına qarşı birlikdə mübarizə aparıblar. Novruzda isə bayram xonçasına hərə öz adətini, inancını, mətbəxini əlavə edir.       
Qubada axır çərşənbədə evdəki qabları su ilə doldurar, bayram gecəsi onu həyətə, bostana bağçaya səpərlər ki, il ruzulu gəlsin. Kosa və Keçəl cütlüyü üç gün ərzində qapıları gəzər, paylarını toplarlar. Bayram axşamı həmən torba açılar, içindəkilər uşaqlara paylanar. Buduqda qovurmalı, yaxud cücə-plov bişirər və onu 7 qonşuya paylarlar. Buduqlular bayram günü şorqoğalı bişirməz, süfrəyə yalnız şirin nemət düzərlər.
Xınalıqlılar axır çərşənbədə nişanlı qız evindən oğlan evinə yeddi növ pay göndərərlər. Xınalıq dilində buna "yiq tikə" deyilir. Sədaqət, sağlamlıq, məhəbbət, ruzi, bərəkət, mehribanlıq və övlad rəmzi sayılan yeddilik yeni qurulan ailəyə edilən dualardır.
"Qırmızı qəsəbə"də yaşayan yəhudilər də baharı coşqu ilə qarşılayırlar. Axşam qalanan tonqallar bu yaraşıqlı qəsəbəni nura boyayır. Sakinlər yolda rastlaşdıqları hər kəsə qoğal, paxlava və şəkərbura paylayır, sonra etiqadından asılı olmayaraq, bir yerdə tonqal başında yanaşı oturar, əllərindəki ruzini dadarlar. Dünyanın müxtəlif yerlərində yaşayan qırmızı qəsəbəlilər bahar bayramında doğma yurda qayıdırlar. 
Qubada bayramın 13-cü günü  gənclər Qudyalçayın ətrafına yığışar və səməniatma mərasimi keçirər. Bu adətin təxminən 1000 ilə yaxın yaşı var. Səmənini axar suya atar, niyyət edərlər. 
Şabranda  yaşayan dağlı, ləzgi, tat  və məhsəti türkləri bayramın keçirilməsinə martın əvvəlində başlarlar. Hər çərşənbə tonqal qalayar, şeir məclisləri keçirər, bayatı deyərlər. Burada səməni halvası bişirər, onu bütün evlərə paylarlar.
Adət və ənənələr min illərin sınağından keçib bu günümüzə adlayan ruh şəcərəsidir. Bəşəriyyəti sabahlara, insanları gözəlliklərə daşıyan hər nə varsa, yadigar kimi qorunmalıdır. Səmanın hökmünü yerlərə çatdıran bahar isə böyük gözəlliyin başlanğıcıdır. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video