25 Noyabr 2022 02:22
346
DÜNYA
A- A+

Bacıların Frankofoniya fiaskosu

 

Bu günlərdə Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Tunisdə baş tutan növbəti  sammitinin 43-cü sessiyasında hansı meyarlara əsasən bu quruma üzv olmasının səbəbi bilinməyən Ermənistanın  xarici işlər naziri Ararat Mirzoyan ölkəmizin əleyhinə bəyanat səsləndirib və öz cəfəng sərsəmləmələrinin dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədə əlavə olunmasını təklif edib. 
Lakin BFT-nin bir sıra üzv və assosiativ üzv ölkələri, habelə  müşahidəçi qismində tədbirdə iştirak edən dövlətlərin nümayəndələri ermənilərin növbəti fitnə-fəsadına etiraz əlaməti olaraq iclası tərk ediblər.
Bundan bir müddət əvvəl isə Fransa senatının qəbul etdiyi qərəzli və absurd anti-Azərbaycan qətnaməsi rəsmi Parisin Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasını istəmədiyini sübuta yetirib. Parisin irqçi, türkofob və islamofob siyasəti tək Azərbaycanın yox, həmçinin Türkiyənin əleyhinə yönəlib.
Yeni Azərbaycan Partiyasının  yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Fransa-Ermənistan cütlüyünün növbəti təxribatına lakonik tərzdə, dəqiq və kəskin münasibət bildirərək xalqımızın və dövlətçiliyimizin düşmənlərini yenidən susdurub: " Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir..."
Dövlət başçısı bidirib ki, senatda hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. "Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni bu onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk".

 

Frankofoniya nədir?

 

Frankofoniya daimi əməkdaşlıq çərçivəsində əsasən Afrikadakı fransızdilli dövlətləri - Fransanın "qara qitə"dəki keçmiş müstəmləkələrini birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır.
" Frankofoniya" termini ilk dəfə 1880-ci illərin əvvəllərində fransızca danışan insanların mədəni icmasının ifadəsi kimi ortaya çıxıb. Fransa ilə yanaşı, fransızdilli əhalinin qruplarının kompakt yaşadığı ölkələr - Belçika, İsveçrə və Kanada da nəzərdə tutulurdu. Sonralar bu anlayış Fransa müstəmləkə imperiyasının yerli əhalisinə yayılıb və imperiyanın dağılması ilə Fransa İttifaqı məkanında, sonra isə Frankafrikada qorunub saxlanılıb.
Müasir formada BFT 1960-cı illərdə mərhələlərlə yaradılıb və  bunda təkcə Paris deyil, həm də müstəmləkəçilikdən azad edilmiş gənc dövlətlərin ayrı-ayrı liderləri - L. S. Senqor (Seneqal), A. Diori (Niger), X. Burgiba (Tunis) və N. Sianuk (Kamboca) fəal rol oynamışlar. 
Həmin liderlər fransız siyasi mədəniyyəti çərçivəsində formalaşmış və öz ölkələrinin modernləşdirilməsində keçmiş metropoliyadan hərtərəfli kömək olacağına ümid edirdilər. 
Hazırda təşkilata 58 üzv dövlət, 3 assosiativ üzv və 26 müşahidəçi ölkə daxildir.
Ovaxtkı Fransa rəhbərliyi, Prezident Şarl de Qoll yeni müstəmləkəçilikdə ittihamlardan çəkinərək Beşinci Respublikanın artıq əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri olan afrikalı tərəfdaşlarının təşəbbüsünə əvvəlcə ehtiyatla yanaşırdı. Lakin tədricən bu ehtiyatlılıq zəifləyərək, yerini Fransanın dünyada siyasi, mədəni və ideoloji təsirini genişləndirmək üçün yeni kanallar yaratmaq marağına verib.
1970-ci il martın 20-si BFT-nin yaranma tarixi hesab olunur və 1988-ci ildən Beynəlxalq Frankofoniya günü kimi geyd edilir. Senqorun təklifi ilə 1973-cü ildən Fransa-Afrika sammitləri müntəzəm olaraq təkcə mədəni-maarif deyil, həm də ümumi siyasi və iqtisadi məsələləri müzakirə etmək üçün çağırılır. 1986-cı ildə Versalda 42 fransızdilli dövlətin liderlərinin iştirakı ilə ilk sammiti keçirilib.
Hər il dövlət və hökumət başçılarının görüşləri ilə yanaşı, əvvəlki sammitdə qəbul edilmiş qərarların icrası və növbəti sammitin hazırlanması məsələlərini müzakirə etmək üçün xarici işlər nazirlərinin və ya Frankofoniya nazirlərinin konfransları keçirilir.

 

Fransa uşaqları mədənlərdə istismar edir

 

Heç kimə sirr deyil ki, BFT, bəzi ölkələr istisna olmaqla, əsasən keçmiş Fransa koloniyalarını, ilk növbədə Afrika müstəmləkələrini birləşdirir. Əsrlərboyu Fransanın Afrikada törətdiyi çoxsaylı cinayətlər indi qitə ölkələrində Parisə qarşı nifrəti son həddə çatdırıb. Malidə, Əlcəzairdə, Nigerdə və müstəmləkəçilərdən  dəhşətli iztirablar görmüş və zərər çəkən digər dövlətlərdə fransızların antiinsani hərəkətlərinə qarşı etiraz aksiyaları son günlərdə Burkina Fasoda baş verir.
Bununla bağlı İtaliyanın Baş naziri Corca Meloninin Fransanın Afrikadakı müstəmləkə siyasətini kəskin şəkildə xarakterizə edən çıxışını xatırlatmaq yerinə düşər. Nazir Burkina Fasonun qızıl mədənlərində işləyən uşaqlardan danışıb və Fransanın Afrikadakı müstəmləkəçilik siyasətini sərt tənqid edib: "Afrika frankı Parisin 14 Afrika ölkəsi üçün çap etdiyi müstəmləkə pul vahididir və ondan xərac almaqla yanaşı, resurslarını istismar edir. Burkina Fasoda qızıl mədənində xeyli sayda uşaqlar işləyir. Burkina Faso dünyanın ən kasıb ölkələrindən biridir. Fransa qızıl ehtiyatlarının olduğu Burkina Faso üçün müstəmləkə pullarını çap edir. Bunun müqabilində Paris ölkənin bütün ixracatının 50 faizinin Fransa xəzinəsinə daxil olmasını tələb edir. Bu uşaqların tunellə arxasınca getdiyi qızıllar əsasən Fransa dövlətinin xəzinəsində yer alır".

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video