23 Dekabr 2021 02:17
2589
SİYASƏT
A- A+

Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza

 

Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan ötən əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin ən şərəfli dövrünü yaşayır.

Bu yolun başlanğıcı çox mürəkkəb və keşməkeşli oldu: ölkəmiz siyasi, iqtisadi, sosial böhran keçirdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, torpaqlarımız işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Məhz bu ağır dönəmdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı.

Ölkədə ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edildi, köklü islahatlar aparıldı, dövlət idarəçiliyinin möhkəm təməli yaradıldı. Həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan Ulu Öndər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakar mübarizəsinin nəticəsini görə bilmədi. Axıra çatdıra bilmədiyi bu taleyüklü məsələni isə onun siyasi varisi İlham Əliyev həll edib, Ulu Öndərə və əziz xalqına övladlıq borcunu yerinə yetirdi, son iki yüz illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran müzəffər dövlət başçısı, qalib sərkərdə kimi əbədi şöhrət qazandı... Ömrünün 60-cı ilində bu şöhrət də, xalqın tükənməz sevgisi də cənab İlham Əliyevin halal qisməti, çoxşaxəli ictimai-siyasi və dövlətçilik fəaliyyətinin nəticəsidir.

 

Vətənin taleyinə bağlılıq

 

…Öz xalqının böyük liderinin, müdrik rəhbərinin, dahi bir şəxsiyyətin, həmçinin dünya şöhrətli siyasətçinin övladı kimi İlham Əliyev daim məsuliyyət hissi ilə yaşayıb, atasının ali vəzifələrdə işlədiyi dövrdə də, keçmiş sovet imperiyasının və onun yerli əlaltılarının təqiblərinə məruz qaldığı vaxtda da xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqil dövlət quruculuğunun sınaqları ilə üzləşdiyi zamanlarda da Ulu Öndərin ən yaxın sirdaşı, məsləkdaşı, ideya-mənəvi dəstəkçisi olub, bütün situasiyalarda təmkin, iradə, cəsarət, dəyanət nümayiş etdirib. Bu, yəqin ki, ailəsinə - həyat yoldaşına və övladlarına sıx bağlılığı ilə milli əxlaqi dəyərlərimizə sədaqətini mənalı ömründə nümunəvi bir şəkildə sübuta yetirən qayğıkeş atanın öz arzusu idi: sovet hakimiyyəti dövründə çəkilmiş fotoşəkillərdə biz yeniyetmə İlham Əliyevi yüksək rütbəli hərbçilərlə, kosmos qəhrəmanları ilə görüşlərdə, Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında Ulu Öndərin yanında görürük. Heydər Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyinin qarşısına gəlib, sovet rəhbərliyinə etirazını bildirəndə də İlham Əliyev onunla birlikdə idi. Bu, sadəcə ata-oğul həmrəyliyi deyildi, xalqa, onun ideallarına, vətənin taleyinə bağlılığın aydın təzahürü idi. Cənab İlham Əliyev bu hadisəni yada salaraq deyib: “...O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il var idi. Bəlkə də heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağıla bilər. Ona görə məhz o anda, xalqımız üçün ən ağır anda Heydər Əliyevin bu addımı, bu bəyanatı, əlbəttə ki, böyük cəsarət tələb edirdi, bir daha onu göstərirdi ki, o, hər zaman Azərbaycan xalqı ilə bir yerdədir”.

 

“Əsrin müqaviləsi”: etimadın doğrulması

 

Məhz xalqın alternativsiz lideri kimi 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil dövlət quruculuğuna başlayanda sovet hakimiyyəti illərində onun təşəbbüsü ilə respublikada yaradılmış iqtisadi potensialın böyük bir qismi dağıdılmış, əhalinin yaşayış səviyyəsi pisləşmiş, Ermənistanın deportasiya siyasəti və hərbi təcavüzü nəticəsində bir milyona yaxın soydaşımız qaçqınlığa və köçkünlüyə düçar olmuş, vəziyyət humanitar fəlakət həddinə çatmış, daxili çəkişmələr, separatizm meyilləri vətəndaş qarşıdurmasına qədər gəlib çıxmış, milli sərvət olan azadlıq və müstəqillik gözdən düşmüşdü. Mənəvi dəyərlərin itirilməsinə biganəlik, gələcəyə ümidsizlik hökm sürürdü. Geniş dünyagörüşü, xalq ruhuna bələdliyi və siyasi müdrikliyi Heydər Əliyevə qısa müddətdə ölkədəki vəziyyəti nəzarətə götürərək, əlindəki məhdud resurslarla dövlət müstəqilliyini qorumaq, dövlətçilik ənənələrini dirçəltmək, işlək idarəçilik mexanizmi yaratmaq, düzgün xarici siyasət yeritmək imkanı verdi.

Bu dövrdə Ulu Öndər yüksək intellektinə, praqmatik düşüncəsinə bələd olduğu İlham Əliyevə gələcək sosial-iqtisadi inkişafın təməli kimi müəyyənləşdirdiyi yeni neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmək vəzifəsi tapşırmışdı. Dövlət Neft Şirkətində əvvəlcə vitse-prezident, sonra birinci vitse-prezident vəzifələrində çalışarkən İlham Əliyev çox gənc yaşlarından əxz etdiyi diplomat keyfiyyətlərini, zəngin tarixi və iqtisadi biliklərini  xalqımızın və ölkəmizin gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”nin hazırlanmasına, bu zaman milli-dövlətçilik maraqlarımızın tam təmin edilməsinə sərf etdi və göstərilən etimadı doğrultdu. O vaxtkı vəziyyətinə görə dünyada riskli ölkə kimi tanınan Azərbaycanın investisiya üçün əlverişli olduğuna dünyanın aparıcı neft şirkətlərini inandırmaq mümkünsüz görünürdü. Ulu Öndərlə birlikdə İlham Əliyev də ölkəmizə sərmayə qoymağın gələcəkdə böyük fayda verəcəyinə investorları inandırmaq üçün çox böyük səylər göstərdi. Nəticə həm investorlara, həm də Azərbaycana milyardlarla gəlir gətirdi.  “Əsrin müqaviləsi” və ondan sonra imzalanan çoxsaylı neft sazişləri ölkəmizə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandıraraq, onun qlobal iqtisadi mühitə və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasını təmin etdi...

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda imzalanan, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş saziş isə tarix səhifəsinə “Yeni əsrin müqaviləsi” kimi yazıldı. Beləliklə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu gün ölkəmiz üç əsas ixrac boru kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Novorossiysk və Bakı-Supsa vasitəsilə neftini, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Qaz Boru Kəməri - TANAP, Trans Adriatik Boru Kəməri - TAP və digərləri ilə təbii qazını Avropaya ixrac edir.

 

Millətin vəkili: Qaradağdan Avropayadək...

 

Azərbaycan Respublikasının Milli Məclisində 1995-ci və 2000-ci illərdəki deputatlıq fəaliyyəti İlham Əliyevi cəmiyyətə həm vətəndaşlarla birbaşa ünsiyyət qurmağa, onların arzu və istəklərindən şəxsən xəbərdar olmağa üstünlük verən, sosial baxımdan həssas əhali qruplarının problemlərini qısa müddətdə həll etməyə çalışan ictimai-siyasi xadim, həm də xalqımız və ölkəmizlə bağlı həqiqətləri beynəlxalq tribunalarda qətiyyətlə və cəsarətlə səsləndirən millət vəkili kimi tanıtdırdı. Parlamentdə təmsil etdiyi Qaradağ rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfələr verməklə yanaşı, İlham Əliyev ölkəmizin beynəlxalq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində də çox böyük fəallıq göstərirdi. Mükəmməl xarici dil bilgisi ona Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) cəsarətli və təsirli çıxışlar etmək imkanı verirdi. Həmin dövrdə ölkəmizin Avropa məkanında nüfuzunun daha da artmasında, indi keçmişdə qalan münaqişə, Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti barədə Qərb dünyasında doğru-dürüst rəy yaradılmasında, erməni terrorunun ifşa olunmasında İlham Əliyevin xidmətləri böyükdür.  O, AŞ PA-da səmərəli və yorulmaz fəaliyyəti sayəsində böyük hörmət və nüfuz qazanaraq, hətta bu sanballı təşkilatın vitse-spikeri və Büro üzvü də seçilmişdi...

 

Olimpiya hərəkatının önündə

 

Azərbaycanın dünya olimpiya hərəkatında müstəqil iştirakı dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılsa da, onun fəaliyyətinin canlandırılması, ölkənin idman həyatına heç bir təsir göstərməyən, qrup mənafelərinə xidmət edən təşkilatdan gənc nəslin sağlam həyat tərzinə təşviqinə, bədən tərbiyəsinin kütləviliyinin artırılmasına, üçrəngli dövlət bayrağımızın ən mötəbər arenalarda yüksəldilməsinə və himnimizin qürurla səsləndirilməsinə nail olan sanballı, intizamlı bir quruma çevrilməsi İlham Əliyevin adı və onun Vətənimizdə idmanın inkişafı naminə çoşğun fəaliyyəti ilə birbaşa bağlıdır. Onun 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra paytaxtda və regionlarda idmanın güclü maddi-texniki bazası yaradılıb, indiyədək 40-dan çox olimpiya kompleksi tikilib istifadəyə verilib. İlham Əliyevin MOK-a rəhbərlik etdiyi dövrdə Azərbaycan altı Olimpiadanın iştirakçısı olub və onların hər birində idmançılarımız müxtəlif əyarlı medallar qazanıblar. Ən mühüm olan odur ki, məhz bu dövrdə Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, qitə və dünya miqyaslı çoxsaylı idman yarışlarına evsahibliyi edib. Bu günlərdə keçirilən növbəti hesabat-seçki yığıncağında İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. Özünün qeyd etdiyi kimi, idman dövlətimizin başçısının həyatında çox mühüm rol oynayır. İdmana və idmançılara qayğı ölkəmizin idman şərəfini yüksəltməklə yanaşı, sağlam və güclü gənc nəsil yetişdirilməsində də mühüm rol oynayır. Bu məqsədyönlü idman və gənclər siyasətinin nəticəsini təkcə idman arenalarında deyil, həm də Vətənimizin müdafiəsinə hazır olan, xüsusən də erməni faşizmi üzərində qələbə qazanılması üçün misilsiz şücaətlər göstərən döyüşçülərimizin qəhrəmanlıq nümunələrində görürük.

 

Ulu Öndərin inamı və ümidləri

 

Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdə-xilaskardır, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Azərbaycan liderinin çoxşaxəli və möhtəşəm dövlətçilik fəaliyyətini istənilən qədər epitetlə səciyyələndirə bilərik. Ancaq onun haqqında ən sadə təqdimat və indiki mövqeyi üçün verilmiş ən obyektiv proqnoz Ulu Öndər Heydər Əliyevə məxsusdur. Müstəqil dövlətimizə 10 il rəhbərlik edən, bu dövləti quran və əbədi müstəqilliyi üçün möhkəm təməl yaradan dahi şəxsiyyət növbəti prezident seçkiləri ərəfəsində,  2003-cü il 1 oktyabr tarixli müraciətində əziz xalqını özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Müraciətdəki bu sözlər Ulu Öndərin ideyalarına sadiq olan hər kəsin qəlbində rahatlıq və dərin razılıq hissi doğurdu: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Buna qədər Ulu Öndəri dəstəkləmək məqsədilə seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq vermiş, bir müddət əvvəl isə Azərbaycanın Baş naziri vəzifəsində fəaliyyətə başlamış İlham Əliyev ata nəsihətini, Ümummilli Liderin tövsiyəsini qəbul etdi.

Müqəddəs dinimizə görə də öz mirasını övladına əmanət etmək atanın tanrı qarşısında borcudur: Heydər Əliyevin əbədi mövcudluğunu arzuladığı ən böyük mirası isə fədakarcasına qurduğu və ağır sınaqlardan keçirib qoruduğu Azərbaycan dövlətçiliyi idi. Xalqımız millət atasının çağırışına cavab olaraq İlham Əliyevi seçdi və ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunu davam etdirməsi üçün məhz ona etimad göstərdi. 2003-cü ilin 31 oktyabrında Vətənə, xalqa və dövlətə sədaqət andı içərkən Prezident İlham Əliyev bu böyük etimadı doğruldacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz verdi. Bu andı sonralar daha üç dəfə - 2008, 2013, 2018-ci illərdə xalqın etimadı ilə bir daha təkrarladı, hər dəfə verdiyi vədi layiqincə yerinə yetirərək, dövlətçilik ənənələrimizin qorunub saxlanması və zənginləşdirilməsi üçün əsl liderlik nümunəsi göstərdi və bu gün də quruculuq missiyasını şərəflə davam etdirir. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin prezidentliyinin ilk vaxtlarında olduğu kimi, cənab İlham Əliyevin də dövlət başçısı vəzifəsində fəaliyyətinin ilk illərində antimilli, xəyanətkar qüvvələr ölkədə çaxnaşma salmağa, xarici düşmənlərimizin fitvası ilə Azərbaycanın yeni rəhbərinin qətiyyətli idarəçiliyinə mane olmağa uğursuz cəhd göstərdilər. Dövrün ən gənc prezidenti, dövlət başçısı olmasına baxmayaraq, İlham Əliyev təmkin və cəsarət göstərərək, xalqın ona verdiyi hakimiyyətin möhkəmliyini təmin etdi, özünün liderlik keyfiyyətləri ilə qısa müddətdə cəmiyyətin konsolidasiyasına, xarici düşmənlərə və daxildəki səbatsızlara qarşı kəskin və qəti müqavimətinə nail oldu. Cənab Prezident and içmişdi ki, ölkədə sabitliyin pozulmasına kimsə can atarsa, buna imkan verməyəcək, xalqın rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcək. Bu gün hər bir vicdanlı vətəndaşımız bu vədin tam yerinə yetirildiyini əminliklə söyləyə bilər.

 

Liderlik missiyası və məsuliyyəti

 

Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq etməklə yanaşı, Prezident İlham Əliyev Azərbaycanın inkişaf potensialını sürətlə artırmağı və onu bölgənin lideri səviyyəsinə yüksəltməyi bacarıb. İlham Əliyevin liderlik missiyası yalnız 10 milyonluq bir ölkəni deyil, sayı bundan beş dəfə çox olan dünya azərbaycanlıları toplumunu əhatə edir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının cəmiyyətdə aparıcı roluna xüsusi əhəmiyyət verən dövlətimizin başçısı hansı coğrafiyada yaşamasından asılı olmayaraq, bu yurdun vətən təəssübü çəkən hər bir  övladı üçün əzizdir, dəyərlidir. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri kimi İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin birliyi, həmrəyliyi, diaspor hərəkatının gücləndirilməsi istiqamətində  də mühüm işlər görür, hər il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə xüsusi müraciətlə çıxış edir. İndiyədək dörd qurultayı keçirilmiş dünya azərbaycanlıları bu gün qalib xalqa mənsub olmağın qürurunu yaşayırlar və buna görə Müzəffər Ali Baş Komandana təşəkkür edirlər. 

Ulu Öndər Heydər Əliyevin yaratdığı, milli siyasi iradənin avanqardı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik İlham Əliyevin çoxşaxəli fəaliyyətinin daha bir mühüm istiqamətidir. Azərbaycanın ən ağır vəziyyətdə olduğu dövrdə tarixi zərurətdən yaranmış partiyanın gələn il otuz illik yubileyi qeyd ediləcək. Müstəqil dövlətçiliyimizin ideoloji təminatçısı olan YAP-ın Sədr müavini, Sədrin birinci müavini və 2005-ci ildən Sədri kimi İlham Əliyev Ulu Öndərin siyasi irsi əsasında onun fəaliyyətini daha da gücləndirib, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı vəzifələrin həllində səfərbəredici rolunu yüksəldib.  

Prezident İlham Əliyevin liderlik fenomeni beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Dünyada onu müdrik, uzaqgörən, etibarlı, əməkdaşlığa açıq, dəqiq və qətiyyətli mövqeyi, böyük idarəçilik təcrübəsi, yüksək intellekti və diplomatik bacarığı olan lider kimi tanıyırlar. Bu amil ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçildi və bu qurumun iclaslarına sədrliyi dövründə cənab İlham Əliyev  dünyanı düşündürən, narahat edən, təhlükəsizliyə təhdidlər törədən, yoxsulluğun aradan qaldırılması, zəif inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı məsələlərin müzakirəyə çıxarılmasına nail oldu, qlobal miqyaslı lider kimi BMT-nin özünü islahatlar aparmağa çağırdı. İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatının üzvü, 2019-cu ildən isə sədridir və bu missiyanı gələn il də davam etdirəcəkdir. Azərbaycan 2020-ci ilin əvvəlində dünyanın COVID-19 pandemiyasına məruz qaldığı dövrdə hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq, pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib, pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Elə bü günlərdə dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.

Prezident İlham Əliyev türk dünyasının da nüfuzlu liderlərindən, Türk Dövlətləri Təşkilatının qurucularındandır. Azərbaycanın 3 il bu quruma sədrlik etməsi, onun sıralarının genişlənməsinə nail olması mühüm nailiyyətdir. Təşkilatın bu il keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidentinin  Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlətimizin başçısının türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə verilən yüksək qiymətdir.

Ötən ay Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlərinin dəyərləndirilməsi Prezident İlham Əliyevin müstəqil, qətiyyətli siyasətinin gələcəyə hesablandığını bir daha təsdiqlədi. İşğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycana təbrikin də  yer aldığı Aşqabad Bəyannaməsini Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından üçünün - Qazaxıstan, Qırğızıstan və Tacikistanın imzalaması öz haqlı mübarizəsinə postsovet məkanındakı ölkələrdən də dəstək alan Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi.

Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bütün müstəvilərdə əzmlə çalışır.

Qətiyyətli, cəsarətli dövlət başçısı kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacaran, qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə nüfuzu gündən-günə daha da yüksələn Prezident İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasətlə ölkəmizi daha böyük zəfərlərə doğru aparır. Məhz bu siyasət və onun nəticəsi olan vüsətli inkişaf Azərbaycanı siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirib.

 

İqtisadi müstəqillik dövlət maraqlarını təmin edir

 

Dövlət müstəqilliyi milli iqtisadiyyatın inkişafını şərtləndirdiyi kimi, iqtisadi müstəqillik də müstəqillik ideallarının gerçəkləşməsinə, dövlət maraqlarının və xalqın mənafeyinin təmin edilməsinə zəmin yaradır. 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafda yeni mərhələyə keçidi ilə əlamətdar oldu. Həmin ilin noyabrında imzalanmış “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanı ilə yeni iqtisadi strategiyanın əsas istiqamətləri müəyyənləşdirildi. Növbəti ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramları respublikamızın şəhər və rayonlarının simasını əsaslı şəkildə dəyişdi. Bu proqramlar regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun, emal sənayesinin inkişafına nail olmaq, aqrar sektorda islahatları sürətləndirmək, əlverişli investisiya şəraiti yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürərək, ilk növbədə, infrastruktur layihələrinin gerçəkləşdirilməsinə, inzibati-ərazi vahidlərinin bərabər səviyyəli, tarazlı və mütənasib inkişafının təmininə, şəhərlə kənd arasında fərqin azaldılmasına istiqamətlənib. Hazırda bu proqramlardan dördüncüsünün icrası davam etdirilir.

Beynəlxalq miqyaslı mühüm tədbirlərin keçirildiyi məkanlardan biri olan paytaxtımızın siması isə ilbəil dəyişir, Şərq və Qərb memarlıq ənənələrinin birgə təcəssümü ilə seçilən Bakı dünyanın ən gözəl və müasir şəhərlərinin sırasında öz yerini möhkəmləndirir. Burada son vaxtlar inşa edilən bir sıra tikililər - Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Bakı kristal zalı” paytaxtın yeni rəmzləri sayılırlar. Əvvəllər cəmi bir neçə kilometr ərazini əhatə edən Bakı bulvarı isə indi 16 kilometr uzunluğundadır və orada insanların istirahəti üçün dünya standartlarına uyğun şərait yaradılıb.  

Ölkə iqtisadiyyatı dəqiq düşünülmüş proqramlar, dövlətimizin başçısının bu sahədə müəyyənləşdirdiyi islahatlar çərçivəsində uğurla inkişaf etdirilir. Sənayeləşmə sürətlə aparılır, ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması, idxal asılılığının azaldılması, ölkə üçün vacib olan strateji məhsulların istehsalı diqqət mərkəzindədir. Aqrar sektora dövlət dəstəyi ilə regionlarda aqropark və yerli fermer təsərrüfatlarının, eləcə də aqroservislərin və logistik mərkəzlərin yaradılması, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli və  suvarma suyu ilə təchizatın daha da yaxşılaşması, qeyri-neft sektorunun, əlverişli biznes mühitinin, sahibkarlığın, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, yol-nəqliyyat və digər infrastruktur layihələrinin icrası, elektrik enerjisi sisteminin generasiya gücünün yüksəldilməsi, yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması iqtisadiyyatın inkişafının mühüm istiqamətləridir. Azərbaycan bu gün özünün elektrik enerjisinə daxili tələbatını tam ödəməklə yanaşı, onu ixrac edən ölkəyə çevrilib.

Bir vaxtlar dünyadakı bəzi dairələrin gerçəkləşəcəyinə skeptik yanaşdığı, hətta müəyyən vasitələrlə mane olmağa cəhd göstərdiyi Bakı-Tbili-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin özünəməxsus qətiyyətinin və təşəbbüsçüsü olduğu irimiqyaslı layihələrin gələcəyinə dərin inamının təcəssümüdür. Tarixi İpək yolunun bir hissəsi, dünyanın 100 böyük layihəsindən biri  olan və iki qitəni ən qısa yolla birləşdirən bu beynəlxalq nəqliyyat infrastrukturundan indi Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Çin, Qazaxıstan, Orta Asiya və Avropa ölkələri də böyük fayda götürürlər.

İqtisadi müstəqilliyin nailiyyətləri bütün sahələrə sirayət edir. Davamlı sosial islahatlar həyata  keçirilir, mədəniyyətin, incəsənətin tərəqqisi təmin olunur, elmin, təhsilin, yeni texnologiyaların, İKT-nin və kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. İndi artıq ölkəmiz kosmik dövlətlər sırasında yer alır.

Ulu Öndərin mədəniyyət siyasətini uğurla davam etdirməklə milli-mənəvi sərvətlərimizin daha da zənginləşməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarının bu sahənin inkişafına dəstəyini daim artırır. Bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə təbliğ olunur, çoxəsrlik tarixi mədəni incilərimiz dünya mədəni irsində öz layiqli yerini tutur. Birinci vitse-prezident, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edim ki, çoxşaxəli uğurlu fəaliyyəti ilə xalqımızın böyük rəğbət və sevgisini qazanmış Mehriban xanın Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması onun ölkəmizin inkişafına dəyərli töhfələr vermək imkanlarını artırıb. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanılması sahəsində irimiqyaslı layihələr həyata keçirilir.

Qaçqın və  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində həyata keçirilən proqramlar çərçivəsində onlar üçün indiyədək 116 qəsəbə və ya yaşayış kompleksi inşa edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi gücləndirilib.

Sırf Azərbaycan məhsulu və brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən və dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən uğurlu model kimi dünya miqyasında öyrənilən “ASAN xidmət” əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir.

Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitliyin  qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası təmin edilib, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi üçün mühüm işlər görülüb. Gələn ilin əvvəlindən reallaşdırılacaq sosial islahatlar vətəndaşların rifahının daha da yüksəldilməsinə imkan yaradacaqdır.

Bu gün ölkəmizin valyuta ehtiyatları artıq 53 milyard dolları ötüb. Bu, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında mühüm amillərdəndir. Azərbaycan regionun iqtisadi güc mərkəzi kimi öz rolunu daha da gücləndirməkdədir.

 

Möhtəşəm Zəfərin müəllifi

 

“Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, düşməni torpaqlarımızdan qova bilməyəcəyik,” - möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu il ilk dəfə qeyd etdiyimiz Zəfər Günündə Şuşada hərbçilər qarşısında çıxış edərkən belə deyib. Cənab Prezidentin sərkərdəlik istedadı və qətiyyəti sayəsində ən müasir silah-sursatla təchiz edilmiş, şəxsi heyəti vətən uğrunda canından keçməyə hazır olan və bunu əməli olaraq sübuta yetirən ordumuzun Ermənistanın işğalçı və təcavüzkar qüvvələri üzərində parlaq qələbəsi dövrümüzün ən mühüm tarixi hadisəsi oldu.

Bu möhtəşəm Zəfərin müəllifi olan Prezident İlham Əliyevin “nəyi nə vaxt və necə etmək” intuisiyası onun xalqın arzu və istəklərinə, milli ideallara və potensiala, həmçinin müasir dünya siyasətinin trendlərinə dəqiq bələd olmasından, ətrafda baş verənləri özünün fenomenal analitik təfəkkürünün qüdrəti ilə dəqiq proqnozlaşdıraraq, ən düzgün qərar qəbul etməsindən irəli gəlir. Ötən il sentyabrın 27-də Ermənistanın işğalçı qüvvələri hərbçilərimizə və mülki əhaliyə qarşı növbəti təxribata əl atanda Ali Baş Komandan düşmənə əks-hücumla cavab vermək və ərazilərimizi işğaldan azad etmək barədə qəhrəman Azərbaycan Ordusuna qəti əmr verərək, döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürdü. Xalqımız və bütün dünyadakı azərbaycanlılar 44 gün Ali Baş Komandandan qələbə xəbərləri gözlədilər və bu xəbərləri sevinclə, qürurla qarşıladılar. Lider-xalq, xalq-ordu birliyi Zəfərə gedən yolun möhkəm zəmini oldu. Bu birlik Prezident İlham Əliyevə ümumxalq etimadın, onun qəbul etdiyi qərarlara inamın növbəti təzahürü idi.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi tarixi ədalətin bərpası - Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi oldu. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək torpaqlarımızı işğaldan qurtardı. Azərbaycan xalqının apardığı 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxmasını tələb edən, ikili standartlar üzündən illərdən bəri kağız üzərində qalan BMT  qətnamələrini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu  yerinə yetirdi. Bu Zəfər regionumuzda yeni reallıqlar yaratdı, həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu.

Qələbəni yaxınlaşdıran və mümkün edən amillər çoxdur: ilk növbədə, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı nailiyyətlərini, sosial-iqtisadi islahatlarını, neft strategiyasını, güclü ordu yaratmaq istiqamətində fəaliyyətini və təbii ki, tamamlaya bilmədiyi işləri başa çatdırmağa qadir lider yetişdirməsini və onun siyasi hakimiyyətə gəlişinə dəstək verməsini qeyd etmək lazımdır. Bu təməl üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın bütün sahələrdə, xüsusən də iqtisadi, hərbi və beynəlxalq müstəvilərdə əldə etdiyi üstünlüklər Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsi və 2019-cu ilin mayında uğurlu Naxçıvan əməliyyatı böyük zəfərə doğru yolda uğurlu hərbi əməliyyatların məşqləri idi. “XXI əsrin müharibəsi” - ən yeni və müasir hərbi texnologiyaların geniş tətbiqi ilə ordumuzun apardığı 44 günlük hərbi əməliyyatı belə səciyyələndirən dünyanın aparıcı dövlətləri Azərbaycanın Zəfər təcrübəsini öyrənməyə böyük maraq göstərirlər.

Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda müasir tələblərə cavab verən müdafiə və hərbi sənaye kompleksinin yaradılması təşəbbüsü də cənab İlham Əliyevə məxsusdur. Bu sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində ordumuzun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynaylb. Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub. Əgər 2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcəkdir. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir.

ATƏT-in artıq fəaliyyətinə ehtiyac qalmayan Minsk qrupunun vasitəçiliyi ilə aparılan səmərəsiz danışıqlar prosesinin gedişində Prezident İlham Əliyev daim bütün dünyaya bəyan edirdi ki, xalqımız işğal faktı ilə qətiyyən barışmayacaq və biz nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan qurtaracağıq. Sözü də imzası qədər keçərli olan dövlət başçımız Vətən müharibəsi dövründə təkcə döyüş əməliyyatlarına rəhbərlik etmir, həm də informasiya cəbhəsində əsas yükü öz çiynində daşıyırdı. Həmin dövrdə dünyanın 30-a yaxın media qurumunun bəzi hallarda açıq ermənipərəst mövqe nümayiş etdirən əməkdaşlarının bütün suallarını özünəməxsus təmkin və əminliklə cavablandıran cənab Prezident bu gün də həmin missiyanı yerinə yetirir, müxtəlif mötəbər beynəlxalq tədbirlərin və görüşlərin iştirakçısı olarkən jurnalistlərə müsahibələr verir.

 

Qarabağ Azərbaycandır!

 

Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” həqiqətini reallığa çevirdi, nəinki işğalçıların “bufer zona” kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə yaşayan ermənilər isə gec-tez öz gələcək talelərini müəyyənləşdirməli olacaqlar.

Hazırda isə dövlətimizin başçısının və onun rəhbərliyi ilə hökumətimizin diqqəti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, bərpa-quruculuq işlərinin sürətlə aparılmasına yönəlsə də, sosial-iqtisadi inkişaf tədbirləri, ümumiyyətlə, respublikanın hər yerində eyni templə davam etdirilir. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Prezident fərmanı tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafını nəzərdə tutur. İqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə  qarşılıqlı şəkildə uzlaşdırır.

Bu tarixi fərman özünün iqtisadi mənası ilə bərabər, böyük siyasi əhəmiyyətə  də malikdir. Belə ki, hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir.

Təəssüf ki, Ermənistanın uzun müddət

mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir. Bununla belə cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyət, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Belə ki, bu ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, müasir infrastrukturların yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb, gələn ilin büdcəsində də həmin həcmdə vəsait nəzərdə tutulub.

Bu gün Azərbaycan təcrübəsində ərazilərin tammiqyaslı bərpasının nadir nümunəsi həyata keçirilir və bütün işlər Strateji Fəaliyyət Planına uyğun olaraq, vahid konsepsiya əsasında aparılır. Qardaş Türkiyə və digər dost dövlətlər Azərbaycana bərpa-quruculuq işlərində böyük dəstək verirlər. “Biz Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” - cənab Prezidentin bəyan etdiyi məqsəd belədir. O, 1994-cü ilin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının baş icraçısı olduğu kimi, bu gün də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2021-ci ildən başlanan “Əsrin tikintisi”nin baş icraçısıdır. Prezident İlham Əliyevin birinci xanım Mehriban xanımla və övladları ilə tez-tez Qarabağa, Şərqi Zəngəzura səfər edib,  bərpa-quruculuq işləri ilə yerində tanış olması bu torpaqlara daimi sakinlərin, yurd həsrətinə son qoyulmuş həmvətənlərimizin tezliklə qayıdacaqlarını rəmzləşdirir.

Azərbaycan Prezidentinin bölgəmizdə dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır. Hərçənd hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var. Dövlətimizin başçısının bu günlərdə  Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxtı Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ömrünün ən gözəl çağında, möhtəşəm dövlətçilik  fəaliyyətinin məhsuldar dövründədir. Xalqın qəhrəmanı olmaq və ata vəsiyyətini yerinə yetirmək, otuz ildən sonra Qarabağın, Şərqi Zəngəzurun günbəgün dirçəldiyini görmək onun taleyinə yazılmış çox böyük xoşbəxtlikdir. Dövlətimizin qüdrətli rəhbərinin, xalqımızın qəhrəman liderinin bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə çatdıracağına əminik.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video