20 May 2022 01:35
1986
SİYASƏT
A- A+

Azərbaycanın mövqeyi qətiyyətli, aydın və konstruktivdir

 

Öhdəliklərini yerinə yetirməməsi və razılaşmaları sabotaj etməsi isə Ermənistana yenidən baha başa gələ bilər

 

İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın bölgədə və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən hadisə oldu. Savaşa qədər regionda aparıcı mövqeyi ilə fərqlənən, dünyada isə söz sahibi olan Azərbaycan indi beynəlxalq münasibətlərdə daha böyük ehtiram göstərilən dövlətdir. Şuşada beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycana gələn xarici rəsmi nümayəndə heyətlərinin Qarabağa səfər etmələri göstərir ki, dünya xalqımızın qələbəsini və regionun yeni reallıqlarını tam qəbul edir.

 

İrəvan yeni reallığa uyğun davranmağa məhkumdur

 

Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. İndi 30 il əvvəlki dövr deyil, zaman Azərbaycanın xeyrinə işləyir. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur. Bu reallıqlardan irəli gələrək İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında öz əksini tapıb. Münasibətlərin normallaşdırılması Ermənistanın bu öhdəlikləri yerinə yetirməsindən keçir.

Ötən ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə start götürən "Brüssel prosesi"nin də məqsədi üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş məsələlərin reallaşması, münasibətlərin normallaşması və sülhün əldə olunmasıdır. Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri konstruktivdir. Təsadüfi deyil ki, Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstək, bu məsələləri daim diqqətdə saxlaması da bunu təsdiq edir.

 

Azərbaycan nümunə ortaya qoyur

 

Azərbaycanın qətiyyətli və haqlı mövqeyi Ermənistanı yeni reallıqlara uyğun mövqe qoymağa məcbur edir. Çünki Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təşəbbüsləri həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.  Ona görə bir müddət əvvəl Bakının irəli sürdüyü prinsiplərə Ermənistanın etiraz etməyə bəhanəsi qalmadı.

Digər tərəfdən, Azərbaycan münasibətlərin normallaşdırılmasına xidmət edən fəaliyyət nümunəsi ortaya qoyur. Aprelin 6-da keçirilmiş Brüssel görüşünün nəticələrinə uyğun olaraq respublikamız dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini müəyyən edib, danışıqlara hazır olduğunu vurğulayıb.

Bununla bağlı Ermənistanın mövqeyi ilk vaxtlarda müəyyən nikbinlik yaratsa da, görünən odur ki, kapitulyant dövlət hələ də xəstə təfəkkürdən və xislətdən əl çəkə bilmir. İndiyədək yalnız deklarativ bəyanatlarla kifayətlənən Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı konkret addımlar atmaqdan uzaq olması, üçtərəfli razılaşmalara əməl etməkdən boyun qaçırmağa başlaması başqa cür düşünməyə imkan vermir.

Məsələn, Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermınistan tərəfindən real fəaliyyət ortaya qoyulmur. Aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, müvafiq görüşlər keçirilməli idi. Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azırbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Bununla da Ermənistan razılaşdırılmış görüşdən boyun qaçırdı.

Bu barədə Litva Prezidenti ilk birlikdə mətbuata bəyanatında məlumat verən Prezident İlham Əliyev bildirib ki, Ermənistan hökumətinin bu addımları yaranan müəyyən etimadı pozur: "Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur".

 

Ermənistan aldığı dərsdən düzgün nəticə çıxarmaq istəmir

 

Ermənistan hələ İkinci Qarabağ müharibəsindən əvvəl aparılan danışıqlar prosesində də özünü qeyri-konstruktiv aparırdı, nəticədə isə Azərbaycan güc yolu ilə, "dəmir yumruqla" onu işğal etdiyi ərazilərimizdən çıxardı. Bu müharibədə ermənilər elə bir dərs aldılar ki, tarix boyu onu unuda bilməyəcəklər.

44 günlük müharibəyə qədərki dövrdə olduğu kimi, yeni reallıqlarda da Ermənistanın yersiz və əsassız iddialarına yer yoxdur və heç vaxt olmayacaq. Amma görünür Ermənistan aldığı dərsdən düzgün nəticə çıxarmaq istəmir. Görünən odur ki, Ermənistan 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəlikləri, sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozur. Habelə İrəvan kommunikasiyaları açmaqdan, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.

Postmüharibə dövründə Azərbaycanın yürütdüyü siyasət, münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi sülhpərvərdir və Bakı qarşı tərəfdən eyni mövqenin ortaya qoyulmasını gözləyir. Əks təqdirdə, Ermənistanın Azərbaycanın "dəmir yumruğunun" zərbəsini bir daha hiss etməsi qaçılmaz olacaq. 44 günlük müharibədən nəticə çıxarmaması Ermənistana yenidən baha başa gələ bilər.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video