26 Yanvar 2023 01:06
1793
SİYASƏT
A- A+

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi başlayır

 

Ölkəmizin prioritetləri və planları bəllidir

 

İqtisadi Əməkdaşlıq Təşkilatına 2023-cü ildə sədrlik rəsmən Azərbaycana keçib. Təşkilatın strategiya və proqramlarının uğurla icra olunması, habelə "İƏT-2025" baxışlarının irəlilədilməsi, iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksəksəviyyəli görüşlərin keçirilməsi Azərbaycanın sədrlik dönəmində diqqət yetirəcəyi məsələlər olacaq.

 

İqtisadi əməkdaşlığa xidmət edən regional birlik

 

Xatırladaq ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların  davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.
Azərbaycan İƏT Nazirlər Şurasının 28 noyabr 1992-ci ildə İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul edilib. Həmin gün Azərbaycanla yanaşı, daha 5 digər ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da təşkilata daxil olublar. İƏT-in bu genişlənməsi hazırda "İƏT Günü" kimi qeyd olunur. Genişlənəndən sonra İƏT Avrasiyada əhəmiyyətli bir regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb. 
İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın 2021-ci il martın 4-də keçirilən XIV onlayn Zirvə toplantısında isə çıxış edən dost və qardaş Türkiyə, Pakistan dövlətlərinin liderləri, o cümlədən təşkilatın Baş katibi Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etmişdilər. 
Həmin Zirvə toplantısında İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi də imzalanmışdır. Xatırladaq ki, Bakıda bu mərkəzin yaradılması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü olub. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik".

 

Azərbaycanın təşəbbüsləri İƏT-in fəaliyyətini daha da canlandırır

 

Regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər zaman dəstəkləyən və bu işə böyük töhfələr verən Azərbaycan İƏT çərçivəsində də əməkdaşlığa önəm verir və təşkilatın daha  səmərəli fəaliyyət göstərməsinə maraq göstərir. Respublikamız İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.
Azərbaycan indiyədək çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, "Cənub qaz dəhlizi"nin,  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası İƏT üzvü olan dövlətlər üçün əlverişli iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz İƏT-in regionda daha səmərəli fəaliyyətini təmin edib. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri güclənib.
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və regionda yaranan yeni reallıqlar isə İƏT üzvü olan dövlətlər arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarını genişləndirir. Ermənistanın və onu dəstəkləyən siyasi mərkəzlərin nə etməsindən asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri reallaşdıracaq, o cümlədən Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Və bu dəhliz Azərbaycanla İƏT üzvü olan dost və qardaş dövlətlər arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin genişlənməsinə böyük təkan verəcək.
Onu da xatırladaq ki, İƏT-in bu günlərdə Daşkənddə keçirilən Nazirlər Şurasının iclasının yekun sənədində Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb. Zəngəzur dəhlizi, sadəcə olaraq, Azərbaycanın bir regionunu digəri ilə əlaqələndirməyəcək, eyni zamanda Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək ki, bu da İƏT çərçivəsində əməkdaşlıq imkanlarını daha da yüksəldəcək. 
Bütövlükdə Azərbaycanın İƏT-ə sədrliyi dövründə əməkdaşlığın inkişafına xidmət edən bütün məsələlər prioritet olacaq. O cümlədən Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı Təmiz Enerji Mərkəzinin və İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcək, Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.
Regional həmrəyliyə diqqətlə yanaşan Azərbaycan daim İƏT-in fəaliyyətinin daha da canlandırılmasına, onun daha səmərəli olmasına layiqli töhfələr verib. Təşkilata sədrliyi dövründə də Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video