18 Avqust 2022 02:11
1656
SİYASƏT
A- A+

Azərbaycanın humanist siyasətindən Ermənistan dərs almalıdır

 

Məğlub ölkə bəhanələr səsləndirib təxribatlar törətməkdənsə, götürdüyü öhdəliyi yerinə yetirib özünü düşdüyü acınacaqlı vəziyyətdən xilas edə bilər

 

"Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq".
Ötən il noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında qalib komandan kimi bu fikirləri səsləndirən İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan bütün dövrlərdə - 20 faiz torpağı düşmən tapdağı altında olarkən də, 44 günlük Vətən müharibəsində Zəfər qazanarkən də, eləcə də savaşdan sonrakı dönəmdə də humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirib.
 Bu, tarixi həqiqətdir ki, otuz ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında olarkən beynəlxalq təşkilatlar daim ölkəmizə qarşı ikili standartları tətbiq etdilər və Ermənistan da bu cəzasızlıq mühitindən lazımınca yararlandı. 
Azərbaycan dövləti humanizm prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirməklə dünyaya əsl mövqeyini göstərmiş oldu. Son 17 ildə (2003-2020-ci illərdə) İlham Əliyev keçirdiyi bütün görüşlərdə səsləndirdiyi fikirlərlə, sərgilədiyi mövqe ilə bu prinsipə sadiqliyini sübuta yetirdi. Həmçinin beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan Qarabağ probleminə cəlb etdi.  
Lakin Azərbaycanın bu mövqeyindən Ermənistan nəticə çıxarmadı. Əksinə, işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Bu azmış kimi şəhər və kəndlərimizi yerləyeksan edib tariximizi, irsimizi silməyə çalışdı. Hətta havadarlarına arxalanıb Azərbaycana qarşı dəfələrlə cəbhə xəttində təxribatlar törətdi, çirkin əməllərindən əl çəkmədi. Bütün bunlar isə Azərbaycanın səbr kasasını  doldurdu və nəticəsi də işğalçıya çox ağır başa gəldi. İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə Azərbaycan Ordusu özünə, silahlı birləşmələrinə güvənən Ermənistanı 44 günə qarşısında diz çökdürdü. 
Məğlub düşmən düşdüyü acınacaqlı durumdan qurtulması, daha çox itki verməməsi üçün İlham Əliyevdən mərhəmət istədi. Əlbəttə ki, Ermənistan rəhbərliyi yaxşı bilirdi ki, Azərbaycan Prezidenti buna "yox" deməyəcək. Hər zaman humanist addımları ilə nümunə olan İlham Əliyev təbii ki, ənənəsinə sadiq qalaraq düşmənin Ağdamı, Laçın və Kəlbəcəri boşaltması üçün vaxt verdi. Dünya şahiddir ki, qalib sərkərdə Vətən müharibəsindən öncə dəfələrlə Ermənistana səslənərək Azərbaycan torpaqlarından nə zaman çıxacağı ilə bağlı qrafik istəmişdi. Əgər işğalçı ölkə bu məsələdə İlham Əliyevin təklifinə razılıq versəydi, hər iki tərəfdən itkilər də olmazdı...
Amma Ermənistan özünə, illərlə hazırladığı və "keçilməz" adlandırdığı hərbi səddlərinə güvəndi. Elə bildi ki, Azərbaycan Ordusu 30 il bundan əvvəlki durumdadı. Daha xəbəri yox idi ki, Azərbaycan tarixdə bir ilk edəcək, dünyada ilk "smart müharibə" aparan ölkə olacaq. İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycanın Müzəffər Ordusu dünyaya səs salalacaq. 
Bu savaşla İlham Əliyev əsl sərkərdə qətiyyəti nümayiş etdirdi. Söz anlamayan düşməni qarşısında diz çökdürüb hərbi kapitulyasiya sənədinə imza atdırdı. 3 rayonun bir güllə atılmadan boşaldılması isə İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsi kimi tarixə yazıldı.   
  Məğlub ölkəyə Ağdamı, Laçını və Kəlbəcəri boşaltması üçün yenə də vaxt verildi. Bəs, nə baş verdi?
Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi. İlham Əliyev öz humanist xarakterini bir daha nümayiş etdirərək bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verdi.
Bu qərarı qəbul edərkən Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə aldı. Dövlətimizin yürütdüyü siyasətdə daim humanizm prinsiplərini rəhbər tutduğunu nəzərə alsaq, Azərbaycanın bu məsələyə razılıq verməsi də bu qəbildən olan növbəti addım idi.
Hansı ki gecə evlərində yatan insanları raket atəşinə məruz qoyan, Xocalı faciəsini törədən Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Odur ki, ermənilər Azərbaycan Prezidentinin növbəti humanist addımını heç vaxt unutmamalı idilər.
Görünən odur ki, ermənilər çox unutqan millətdirlər. Əgər belə olmasaydı, Azərbaycanın tarixi torpaqlarından sakit şəkildə çıxmalarına icazə verilən ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmazdılar. Meşələrə od vurmaq, ağacları kəsmək əsl ekoloji terrordur. Özü də bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.
Müqayisə üçün deyək ki, 1993-cü ildə Kəlbəcərin əsl sakinləri dağları, meşələri, keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtardılar. Yüzlərlə kəlbəcərli qırğına məruz qaldı, cəsədləri belə təhqir edildi. Çoxlu sayda insan girov və ya itkin düşdü. Kəlbəcərlilər özləri ilə heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı ermənilər tərəfindən qarət olundu.
27 il sonra isə Azərbaycan hər zamankı kimi humanist xarakterini bir daha nümayiş etdirib ermənilərə Kəlbəcəri tam boşaltmağa, hər şeylərini aparmağa imkan yaratdı, yetər ki, tarixi yurdumuz düşməndən təmizlənsin. Yəni, 27 il əvvəl baş verənlər və 2020-ci ildə şahidi olduğumuz mənzərə isə bizim fərqimizi - iki ölkə arasındakı fərqin bariz təcəssümüdür. 
Bu gün Azərbaycan Prezidenti yenə də öz humanist siyasətinə sadiq qalaraq Laçın şəhərindən, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün onlara vaxt verib. Ermənilərin orada qanunsuz məskunlaşması ilk növbədə hərbi cinayətdir, çünki bu, Cenevrə konversiyalarının qaydalarına ziddir: işğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. 
İndi yenə də ermənilər boşaltdıqları ərazilərdə yanğınlar törədir, yaşayış evlərinə, flora-faunaya ciddi ziyan vururlar. Bu isə bir daha əsl erməni xislətinin dəyişmədiyini sübuta yetirir. 
Azərbaycan Televiziyasına müsahibəsində İlham Əliyev bu məsələyə toxunarkən bildirib ki, Laçın şəhərinin, Zabuxun, Susun əzəli sakinləri öz yurd-yuvasına qayıtmalıdırlar. Ona görə də həmin ərazilərdə qanunsuz məskunlaşanlar tez bir zamanda torpaqlarımızı tərk etməlidirlər. Bunun üçün onlara vaxt da verilib. Lakin onların bəziləri ərazini tərk etməyəcəyini iddia edir. Azərbaycan Prezidenti isə həmin şəxslərə bir daha xəbərdarlıq ünvanlayıb: "Xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".
Cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan hakimiyyəti indi yenə də "maskasını" geyinib bəhanələr, uydurmalar səsləndirir.  Məğlub ölkə sülh danışıqlarından, müqavilənin imzalanmasından yayınır. Hərdən olmayan "Dağlıq Qarabağ"dan, "status"dan söz açıb müxtəlif iddialar səsləndirirlər.  Yəni bu ölkə  vədinə, üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəliklərə konkret şəkildə əməl etmir. Bu da təsdiq edir ki, Ermənistan hər zaman olduğu kimi verdiyi sözdən qaçmağa meyillidir. 
Reallıq isə budur ki, qalib sərkərdə kimi İlham Əliyev regionda yeni reallıqlar yaradıb və hər kəs bu regionda Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk edir. Vətən müharibəsinin nəticələri bütün dünyaya Azərbaycanın yaranmış indiki reallıqda sülhə,  beynəlxalq hüquqda təsbit olunmuş ölkələrin dinc yanaşı yaşaması prinsiplərinə nə qədər sadiq qaldığını nümayiş etdirdi. Həm də bəyan etdi ki, davamlı sülh modeli region və eləcə də bütün dünya üçün ən güclü nemətdir, bu gün bütün dünyanı fəlakətdən qurtaracaq yeganə ümumbəşəri dəyərdir. Buna görə də davamlı sülhə nail olmaq bu gün ən prioritet vəzifədir. 
Amma görünən odur ki, Ermənistan regionda sülhün bərqərar olmasını istəmir. Təbii ki, bu, qeyri-mümkün olan məsələdir. Çünki beynəlxalq təşkilatlar, böyük güclər  Cənubi Qafqazda təhlükəsizliyin təminatı ilə bağlı ortaya konkret mövqe qoyublar. Əgər Ermənistan öz ənənəsinə sadiq qalarsa, onda humanizm yox, "dəmir yumruq" işə düşmək məcburiyyətində qalacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video