21 Iyun 2022 01:43
1521
SİYASƏT
A- A+

Azərbaycanı dünyaya tanıdan uğurlu platforma

 

IX Qlobal Bakı Forumunun iştirakçıları İlham Əliyevin qətiyyətli siyasətinə şahidlik etdilər

 

Bu günlərdə Bakı növbəti beynəlxalq idman tədbirinə evsahibliyi etdi. 16-18 iyun tarixlərində keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda isə dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan bəşəriyyətdə artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda müzakirələr aparıldı.

 

Ölkəmizə olan yüksək etimadın ifadəsi

 

Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olması və müstəqil siyasət həyata keçirməsi ilə tanınmır. Vətən müharibəsindəki zəfəri ilə dünyanın daha yaxından tanıdığı Azərbaycanı beynəlxalq aləmə layiqincə təqdim edən başqa bir səbəb respublikamızın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Artıq xeyli müddətdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan Bakı Prosesi qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir.

Qlobal forumun Bakı şəhərində keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına  töhfələrinə verilən qiymətin real ifadəsidir. Bu forum dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bu müzakirələrə onlarca ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq dünya gündəmi ilə bağlı geniş diskussiya və dialoq aparırlar. Bu mənada forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq üçün birgə səylərə şərait yaradır. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli imkan yaratdığı şübhəsizdir.

 

Bakıdan sülhə verilən töhfələr

 

Təhlükəsizliklə bağlı yaranan problemlər beynəlxalq arenada və qlobal gündəlikdə duran əsas məsələlərdən biri kimi son dövrlər daha da aktuallaşıb.  IX Qlobal Bakı Forumunda çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev bildirib ki, Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir: "Bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq".

IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən indiki və sabiq  dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi bu tədbirin dünyada sülhə böyük töhfələr verən mühüm siyasi platforma olduğunu bir daha nümayiş etdirir. Forumun təşkilatçısı olan  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.

 

Zəngəzur dəhlizinin açılması gələcək regional təhlükəsizliyin fundamental elementlərindəndir

 

Qlobal Bakı Forumu da daxil olmaqla belə tədbirlər həm də Azərbaycanın beynəlxalq təbliğində müstəsna rol oynayır. Bu tədbirlər vasitəsilə dünya ictimaiyyəti Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və respublikamızın inkişafının, artan gücünün, regiondakı rolunun, habelə ölkəmizdəki multikultural dəyərlərin şahidinə çevrilir.

Prezident İlham Əliyev bu forumlarda çıxışı zamanı həmişə Azərbaycanın üzləşdiyi ədalətsizliklər, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması barədə tədbir iştirakçılarını məlumatlandırıb. Ötən ilin noyabr ayında keçirilən VIII və bu günlərdə keçirilən IX forumlarda isə tədbir iştirakçıları Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə daha aydın təsəvvürlərə malik oldular. "Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq" deyən Prezident İlham Əliyev respublikamızın müharibədən sonra sülhün əldə olunması üçün təşəbbüslərini diqqətə çatdırdı.

Ermənistanla münasibətlərin normallaşması ilə əlaqədar indiyədək Brüssel prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunub və ötən ay dövlət sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüş keçirilib. Bununla yanaşı, Azərbaycan kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməsini gözləyir.

Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından ötən ilyarımdan çox müddət ərzində Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən kommunikasiyaların açılmamasının qəbuledilməz olduğunu diqqətə çatdıran Prezident İlham  Əliyev bəyan etdi ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq: "Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq".

 

İlham ƏLİYEV: "Minsk qrupu funksiyasını itirib"

 

Prezident İlham Əliyevin forumda diqqətə çatdırdığı həqiqətlərdən biri də ATƏT-in Minsk qrupu barədə oldu. Xatırladaq ki, Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanırdı. Lakin  bu missiya heç vaxt öz mandatına uyğun fəaliyyət göstərə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail ola bilmədi. Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan hərbi yolla həll etdi. Elə buna görə də 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev   Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.

Artıq uzun müddətdir ki, Minsk qrupunun adı çəkilmir. ABŞ və Fransanın Minsk qrupu formatı çərçivəsində Rusiya ilə əməkdaşlığı dayanıb. Bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq - bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək: "Yəni Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır".

IX Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda forum Vətən müharibəsindən sonra regiondakı yeni reallıqların, Azərbaycanın sülh prosesi ilə bağlı təşəbbüslərinin, bu istiqamətdəki addımlarının bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.  Bu tədbirdə iştirak etmək üçün Bakıya gələn siyasətçilər bir daha Azərbaycanın yürütdüyü qətiyyətli siyasətə şahidlik etdilər.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video