16 Yanvar 2022 01:02
1996
SİYASƏT
A- A+

Azərbaycan-Ukrayna strateji tərəfdaşlığında yeni səhifə açıldı

 

Prezident İlham Əliyevin Kiyevə işgüzar səfəri, aparılan danışıqlar, imzalanan sənədlər mövcud əlaqələrin daha da inkişafına mühüm töhfə verdi

 

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət yürüdən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, əksər dövlətlər ilə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.

Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Lakin dostluq və qardaşlıq münasibətlərinə gəldikdə, bir neçə əsas dövlət yada düşür ki, onlardan da biri də Ukraynadır.

Yanvarın 14-də Prezident İlham Əliyevin bu ölkəyə səfəri, Ukrayna Prezidenti Volodimir Zelinski ilə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata bəyanatları, iki ölkə arasında imzalanan yeni sənədlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əlaqələrin şaxələnməsi üçün real zəmin yaratdı.  

 

30 illik diplomatik münasibətlər

 

İki ölkə arasında diplomatik münasibətlər müstəqilliklərinin bərpasından qısa müddət sonra, 1992-ci il fevralın 6-da qurulub. Yəni gələn ay Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin 30 illik yubileyi qeyd ediləcək.

1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb.

İki dövlət arasında münasibətlərin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.

Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.

İki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq genişləndirilir.

 BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edir.

Ötən ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki 611 milyon dollar ilə müqayisədə 51,4 faiz artım deməkdir. Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövrdə Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın payı 70 faizə bərabərdir. Bu, o deməkdir ki, Ukraynanın enerji təhlükəsizliyində Azərbaycanın payı həqiqətən çoxdur.

 

İki ölkə arasında yeni 6 sənəd imzalandı

 

İndiyədək iki ölkə arasında 155 sənəd imzalanıb. Prezident İlham Əliyevin yanvarın 14-də Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında daha bir neçə sənədin imzalanması gələcək əlaqələrin inkişafına real zəmin yaradıb.

Hər iki ölkənin Prezidenti Birgə Bəyannamə imzalayıblar. İki ölkə arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, “Aqrar sahədə əməkdaşlıq haqqında”, “Energetika sahəsində əməkdaşlıq haqqında” və “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma memorandumları imzalanıb.

Yəni iki ölkə arasında Birgə Bəyannamə, kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Əlbəttə ki, bu sənədlər həmin sahələrdə əlaqələrin daha da dərinləşməsinə real zəmin yaradacaq.

İlham Əliyev vurğulad ki, qobal pandemiyaya baxmayaraq, iki ölkənin ticarət dövriyyəsi keçən il 20 faizdən çox artıb və yaxın gələcəkdə bunun 1 milyard dollar səviyyəsinə çatması gözlənilir. İmzalanan yeni sənədlər və müzakirə olunan digər məsələlər, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da səbəb olacaq.

Eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Yeni sənədlər həm də birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün zəmin yaradıb.

Ukrayna Prezidenti isə dedi ki, 2024-cü ilə qədər ticarət dövriyyəsinin artırılması ilə bağlı dəqiq planlar var. Ukrayna həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindədir. Yəni, Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edə bilər.

Volodimir Zelinski onu da dedi ki, prezidentlərin imzaladıqları Birgə Bəyannaməyə əsasən hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə dəstək verəcək, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacaq. O cümlədən tərəflər - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacaq, terrorçuluğa qarşı mübarizə aparacaq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri araşdırıb cavab həllərini hazırlayacaqlar.

İlham Əliyevlə apardığı danışıqlar zamanı tranzit potensialının da nəzərdən keçirildiyini bildirən Volodimir Zelenski aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu söylədi: “Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir”.

 

Ukrayna Azərbaycanla ticari-iqtisadi sahədə uzunmüddətli əməkdaşlıq etmək əzmindədir

 

Beləliklə, iki ölkə liderinin növbəti görüşlərində səsləndirdikləri fikirlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, Ukrayna Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və ölkəmizlə ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq etmək əzmindədir.

Çünki əmtəə dövriyyəsinin artırılması üçün güclü potensial mövcuddur və iqtisadiyyatın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin oxşar baxışlarının olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb.

Bir sözlə, iki ölkənin liderləri arasındakı görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Ukraynanın ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etdi.

Bu görüş iki ölkə arasında iqtisadi dövriyyənin artmasına, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsinə, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yeni-yeni sənaye müəssisələrinin qurulması prosesinə öz müsbət təsirini göstərəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video