30 Iyul 2022 01:18
613
Elm və texnika

Azərbaycan tibb tarixinin əlamətdar hadisəsi

 

Birinci Beynəlxalq Tibbi Forum müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu oldu

 

Azərbaycan tibb tarixinin ilk böyük forumunun 18-21 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının paytaxtında keçirilməsi uzun illər ərzində bu bölgədə qurulan müasir səhiyyə infrastrukturunun və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir.

Bununla əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da "Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında" sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Bu gün cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında xüsusi rolu olan Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər bir millətin tərəqqisinin əsas istiqamətlərindən biri olan elmə, təhsilə və səhiyyəyə göstərilən böyük diqqət və qayğı aparılan intibah hərəkatının üzvi tərkib hissəsi kimi muxtar respublikanın daha da inkişaf etməsini şərtləndirən əsas amillərdəndir.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli səhiyyə sistemi, öncə bu sahədə ənənəviliklə müasirliyin üzvi vəhdətinin təmin olunması, eləcə də Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səhiyyənin və xüsusilə də ali tibb təhsilinin inkişafına xüsusi əhəmiyyət verilməsi, yüksək qayğı və diqqət göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm yer verilməsi sayəsində böyük uğurlar qazanılmaqdadır. Bu müddətdə Naxçıvan Dövlət Universitetində də ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təhsil və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında böyük inkişaf mərhələsi kimi səciyyələnən bu dövr universitet həyatı üçün də əlamətdar olmuşdur. Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı məqsədilə nəzərdə tutulan proqram və layihələr, regionun sosial-iqtisadi inkişafı ilə paralel aparılaraq bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının uğurlu nəticəsi hesab edilir.

Naxçıvan Dövlət Universitetində beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı üzrə siyasi xəttin fəlsəfəsi Azərbaycan təhsilini uğurlu nəticələr qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, dünya ölkələrinin ali məktəbləri ilə əlaqələrin qurulması və əməkdaşlığın yüksələn xətlə inkişafının prioritet qəbul edilməsinin məntiqi yekunu olaraq Naxçıvan Dövlət Universitetinin dünyanın ən yaxşı universitetləri sırasında - "Times Higher Education" (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinq siyahısında yer alması qürurverici nailiyyətdir.

Azərbaycan Respublikasının ən dəyərli, qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, şərəfli inkişaf yolu keçən, muxtar respublikanın əsas tibbi elm və təhsil mərkəzlərindən olan Naxçıvan Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə diqqəti cəlb edir. Universitetdə inkişaf etmiş ali tibb təhsili müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılmış, ilk dəfə olaraq burada müxtəlif yeniliklər tətbiq edilmiş və onların səmərəli fəaliyyəti təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və Ümummilli Liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsi böyük inkişaf yolu keçib, muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulub. Ötən 23 ildə fakültədə tələbələrin təhsili üçün lazımi şərait yaradılıb, müasir xəstəxana istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulub. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 8 ixtisas üzrə 1284 tələbə təhsil alır ki, onlardan da 847-si xarici ölkə vətəndaşıdır.

Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdısa, bu gün Tibbi profilaktika, Müalicə işi, Əczaçılıq, Stomatologiya, 2020-ci ildən "Tibb" və "İctimai səhiyyə", 2021-ci ildən isə "Hərbi tibb" və "Psixologiya" ixtisasları üzrə həkim, eləcə də 32 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ötən dövrdə fakültəni bitirən, bu gün səhiyyə müəssisələrində çalışan, ürək və digər cərrahi əməliyyatları uğurla həyata keçirən, həmçinin dünyanın bir çox ölkələrində - Almaniya, İspaniya, Hollandiya, ABŞ, Nigeriya, Türkiyə, İran, Kipr, Gürcüstan və başqa xarici ölkələrdə də həkim kimi fəaliyyət göstərən məzunlarımız vardır.

Naxçıvan səhiyyəsinin inkişafı tarixində xüsusi yerə malik universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Dövlət Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən siyasət bəhrələrini verməkdədir.

Birinci Beynəlxalq Tibbi Forum praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş proses kimi, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunmaqla ölkədə və ya beynəlxalq səviyyədə qeydiyyata alınmış davamlı tibbi təhsil (DTT) üzrə hər il minimal zəruri miqdar olan 48 kreditdən, hər iştirakçı üçün 24 kredit vahidi, məruzəçilər üçün isə 29 kredit vahidinin toplanması baxımından mühüm əhəmiyyət daşımışdır.

Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 3 dildə - Azərbaycan, ingilis və rus dillərində keçirilən, ölkəmizin tarixində böyük həcmdə təşkil olunmuş ilk tibbi forumda dünyanın 7 ölkəsindən 400-ə yaxın tibb sahəsi üzrə elm adamı daxil olmaqla 700-dən çox mütəxəssis iştirak etmişdir.

Forumda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı, İstanbul Yeditəpə Universitetinin rektoru, professor Canan Aykut Bingöl, Ərdəbil Universitetinin prorektoru, professor Farhad Pourfarzi, Qazi Universiteti, Ərzurum Atatürk Universiteti, İstinye Universiteti, Koç Universiteti, Qaziantep Universiteti, Rusiya Vişnevski İnstitutu, Dağıstan Dövlət Tibb Universiteti, Özbəkistanın Daşkənd Tibb Akademiyasının yüksəkvəzifəli təmsilçiləri iştirak etmişlər. Universitetlərlə yanaşı, forumda iştirak üçün müxtəlif tibb müəssisələrinin rəhbər və məsul işçiləri - Respublika Klinik Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Azər İsmayılov, Bakı Sağlamlıq Mərkəzinin direktoru, dosent Asiman Həsənov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev, Memorial Şişli Xəstəxanası orqan transplantasiyası bölməsinin sədri, professor Koray Acarlı, Qazaxıstan Milli Elmi Cərrahiyyə Mərkəzindən dosent Mismil Muradov, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dosent Dilqəm Məhərrəmov, Almaniya Nyürnberq Beta Bayern Biotech nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Cəlal Solati, LİV Hospitaldan professor Koray Karabulut, İstinye Universiteti "Urologiya" kafedrasının müdiri, professor Volkan Tuğçu və başqaları Naxçıvan şəhərində oldular.

Forumda bir sıra nüfuzlu beynəlxalq dərnək və cəmiyyət sədrləri - Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası İctimai Birliyinin sədri, dosent Müşviq Həsənov, Türk Gastroenteroloji Dərnəyi sədri, professor Dilek Oğuz, Ulusal Endoskopik Laparoskopik Cərrahi Dərnəyi fəxri sədri, professor Cavit Avcı, Türkiyə Obezite Cərrahi Dərnəyi sədri, professor Mustafa Taşkın, Türkiyə Pelvik Ağrı & Endometriozis Dərnəyi sədri, professor Erkut Attar, Türk Ostomi Cerrahi Dərnəyi sədri, professor Ömer Alabaz, YOUNG İFSO prezidenti, dosent Halit Eren Taşkın, Sağlamlıq Assosiasiyasının prezidenti, professor Qalib Qarayev, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin prezidenti, dosent Gülnarə Ağayeva, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, dosent Cabbar Həsənov, Böyrək Transplantasiyası Mütəxəssislər Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan, "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov, Plastik Cərrahlar Assosiasiyasının sədri, professor Vaqif Qələndər, AELCD-nin İnvaziv Endoskopiya bölməsinin sədri, tibb üzrə fəlsəfə doktoru Aqil Ağakişiyev və başqaları iştirak etmişlər.

 Forumun açılışından əvvəl gələn qonaqların Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyması və Heydər Əliyev Muzeyi ilə tanışlığı müstəqil Azərbaycanın qurucusu və memarı olmaqla yanaşı, bütün Şərq, türk dünyasında tanınan görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi kimi tarixdə iz qoyan bu böyük şəxsiyyətə həm də elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlər qarşısında böyük ehtiramın ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılış tədbirində giriş sözü söyləyərək Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə etmiş, təşkilatçılara təşəkkürünü bildirərək demişdir: "Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur". Ali Məclisin Sədri səhiyyənin inkişafında ixtisaslı kadr hazırlığının, beynəlxalq elmi-təcrübə mübadiləsinin əhəmiyyətini də xüsusi vurğulamışdır: "Müasir dünyamızda xəstəliklərlə mübarizə prioritet məsələdir. Bu da, öz növbəsində, ixtisaslı tibbi kadr hazırlığını və səhiyyə sistemində ən son elmi nailiyyətlərin tətbiqini zərurətə çevirib. Böyük filosof və tibb alimi İbn Sina deyirdi ki, "Ümidsiz xəstə yoxdur, ümidsiz həkim var". Təcrübə də göstərir ki, həkimlərin peşəkarlığı artırılmadan nə səhiyyənin inkişafından, nə də insan sağlamlığından danışmaq mümkündür. Qarşılıqlı fikir mübadiləsinin aparılması, elmi-tibbi nailiyyətlərin öyrənilməsi və tətbiqi, beynəlxalq təcrübədən faydalanmaq, bu mənada mühüm əhəmiyyətə malikdir".

Açılış tədbirində Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Qaradəniz Texniki Universitetinin, Türkiyənin Yeditəpə Universitetinin rektorları və digər rəsmi təmsilçilər tərəfindən təbrik çıxışları edilmişdir. Açılış tədbirinin sonunda Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri və Azərbaycanın tanınmış sənətkarlarının iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.

Forum çərçivəsində bir sıra sahələr üzrə xəstə müayinələri, cərrahi əməliyyatlar təşkil olunmuşdur. Forumun fəxri qonağı İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, professor Əziz Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-də cərrahi əməliyyatlar, cərrahi stomatologiya üzrə professor Çingiz Rəhimov, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov və tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərovun iştirakı ilə stomatoloji cərrahi əməliyyatlar həyata keçirilmişdir.

Azərbaycan Tibb Universitetinin və xaricdən gələn həkim-mütəxəssislərin iştirakı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-də, Diaqnostika Müalicə Mərkəzi PHŞ-də, Universitet Xəstəxanası PHŞ-də və "İmplant Dent Nakhchivan" Stomotoloji Klinikasında "Endokrinologiya", "Oftalmologiya", "Qastroenterologiya", "Urologiya", "Süni mayalanma", "Ginekologiya", "Cərrahi stomatologiya" üzrə konsultativ müayinə və müalicələr aparılmışdır.

Forum müddətində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Qaradəniz Texniki Universiteti və Yeditəpə Universiteti arasında ayrı-ayrılıqda ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması həyata keçirilmişdir. Bununla yanaşı, Naxçıvan Dövlət Universiteti rektorunun nüfuzlu dərnək və cəmiyyət sədrləri ilə görüşləri təşkil olunmuş və həmin qurumlarla gələcək əməkdaşlıqlar haqqında ilkin razılaşmalar əldə olunmuşdur.

Forumun açılışı günü Naxçıvan Dövlət Milli Dram Teatrının foyesində sponsor təşkilatlar tərəfindən muxtar respublikaya gətirilmiş tədris və tibbi avadanlıqlardan ibarət "Müasir tibbi texnologiyalar" sərgisi bütün forum müddətində Naxçıvan Dövlət Universiteti Konservatoriyasının hər 3 mərtəbəsinin foyesində də təşkil olunmuşdur.

Forum müddətində 4 kurs, 1 simulyasiya, 24 bölmə üzrə təşkil olunan elmi konfranslar, tibb elminin aktual problemlərinə həsr olunmuş master-klaslar, geniş müzakirələr və diskussiyalar şəraitində keçmişdir. Bu da tibb elminin bütün sahələrini əhatə edən beynəlxalq forumun yerli tibb mütəxəssislərinin zəngin dünyəvi təcrübə qazanması, ən son elmi yeniliklər ilə yaxından tanış olması baxımından əhəmiyyətliliyini bir daha təsdiq edir. Eyni zamanda gələcəkdə elmi və tibbi klinik sferada əməkdaşlıq üçün də geniş üfüqlər açır.

Forumda ilk dəfə olaraq tələbə elmi-tədqiqat işlərinin müzakirələri təşkil edilmiş, çoxsaylı müəllim və tələbənin yüksək elmi dərəcəli professorların iştirakı və dəyərləndirmələri ilə konfranslar həyata keçirilmişdir.

Birinci Beynəlxalq Tibbi Forumun Naxçıvan şəhərində keçirilməsi muxtar respublikanın turizm potensialının təbliği, eləcə də regionun tərəqqisi üçün mühüm amil olan ictimai-siyasi sabitliyə əsaslanan inkişaf strategiyasının uğurlu nəticələrinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Ən yüksək səviyyədə təşkil olunan forumda dünya təcrübəsindən səmərəli surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylər, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik olmaqla azərbaycanlı tibbi mütəxəssislərin, eləcə də Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi professor-müəllim heyətinin xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirərək, aktual mövzularda fikir mübadilələri ilə faydalı tərəfdaşlıqlar üçün yeni imkanlar yaratmışdır.

 

Elbrus İSAYEV,
Naxçıvan Dövlət Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video