23 Sentyabr 2022 00:40
755
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Səudiyyə münasibətləri yüksək səviyyədədir

 

Yaxın və Orta Şərqin, bütövlükdə ərəb dünyasının böyük dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı Krallığı həm də islam dininin beşiyidir. Buna görə də Yer kürəsi əhalisinin dörddəbirini təşkil edən 1,8 milyard müsəlmanın həmişə diqqət mərkəzində olan müqəddəs bir diyardır. Ərəblərin tarixi vətəni olan bu diyarda ibtidai insanların ilk izləri 600 min il bundan əvvələ gedib çıxır. Məhz qədim tarixə və zəngin mədəniyyətə söykənən ərəblər öz əraziərini çiçəklənən bir diyara çevirmişlər. 
Hazırda dünyanın müxtəlif qitələrində Səudiyyənin adı gələndə insanların gözləri önündə donor ölkə, qlobal iqtisadi layihələrin, investisiya və humanitar yardımların müəllifi canlanır. Asiya və Afrika regionlarında bir sıra iqtisadi və humanitar böhranların aradan qaldırılmasında, savadsızlığın ləğv edilməsində, geri qalmış müsəlman ölkələrində təhsilin inkişafında stimul yaradılması sahəsində rəsmi Ər-Riyadın fəaliyyəti təqdir olunur.   
Ərazisinə görə Almaniyadan beş dəfə böyük olan bu ölkə özünün geosiyasi və geoiqtisadi mövqeyi ilə mühüm əhəmiyyət kəsb edir. O, eyni zamanda neft emalı üzrə dünya liderinə çevrilmiş və enerji sahəsində dünya siyasətində söz sahiblərindən biri olmuşdur. Bu amil onun iqtisadiyyatının yüksələn xətlə inkişafına təkan vermişdir. Səudiyyə Ərəbistanının iqtisadiyyatı bu ilin ikinci rübündə 11,8 faiz böyüyərək 2011-ci ildən bəri ən sürətli artım olmuşdur.
Təsadüfi deyil ki, 2021-ci ildə ümumi daxili məhsulun həcmi 834 milyard dollar olmuşdur. Nəticədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 19.018 dollar təşkil etmişdir. 2022-ci ilin ikinci rübündə ölkənin qızıl ehtiyatları 323 tona çatmışdır. 2022-ci ilin iyuluna olan məlumata görə, ölkənin beynəlxalq valyuta ehtiyatları 464,053 milyard dollar təşkil etmişdir. 
Gündən-günə çiçəklənən bu ölkə nəinki ərəb və islam dünyasında, eyni zamanda beynəlxalq münasibətlər sistemində özünəməxsus mühüm rol oynayır. Son zamanlar geniş quruculuq və tikinti işləri, meqa layihələrin həyata keçirilməsi nəticəsində Səudiyyə Ərəbistanında işsizlik 2008-ci ildən bəri ən aşağı səviyyəyə enmişdir.
Möhtəşəm "Vision-2030" proqramının reallaşdırılması ölkənin sıçrayışlı inkişafını nəzərdə tutur, özündə böyük dəyişiklikləri ehtiva edir. Bu proqram çərçivəsində yeni əyləncə mərkəzlərinin yaradılmasına və beynəlxalq turizmin genişləndirilməsinə 64 milyard dollar investisiya qoyulması nəzərdə tutulmuşdur. 
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra özünün xarici siyasət kursunda Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərə mühüm yer ayırmışdır. Təsadüfi deyil ki, rəsmi Ər-Riyad 1991-ci il dekabrın 30-da Azərbaycanın müstəqilliyini tanıdı. 1992-ci il fevralın 24-də isə iki ölkə arasında diplomatik münasibətlər quruldu. 1994-cü ilin aprel ayından Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyi fəaliyyət göstərməyə başladı.
Az sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanı Krallığına səfəri iki dövlət arasında münasibətlərin inkişafı üçün möhkəm təməl qoydu. Bu dövrdən başlayaraq iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət, idman sahələrində əlaqələr sürətlə inkişaf etməyə başladı. 
1994-cü il noyabrın 21-də Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə və eyni zamanda Azərbaycanda səfiri akkreditə olundu. 1999-cu ilin iyun ayından isə Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyi fəaliyyət göstərməyə başladı.Tezliklə qarşılıqlı münasibətlər beynəlxalq saziş və müqavilələrlə tənzim olunmağa başladı. 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olundu. Enerji sahəsində ikitərəfli əlaqələr də inkişaf etməyə başladı. 
2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında münasibətləri yeni səviyyəyə yüksəltdi, əlaqələr daha da möhkəmləndi. Bu səfər gedişində bir sıra mühüm sənədlər də imzalandı. Ümumiyyətlə, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun mühüm rolu olmuşdur. Prezident İlham Əliyev bildirib ki, "güclü islam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir".
İki ölkə arasında siyasi münasibətlərin yaxşılaşması müxtəlif dövlət qurumları arasında da birbaşa əlaqələrin inkişafına müsbət zəmin yaratdı. 2021-ci il martın 10-da Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri, xalqımızın yaxın dostu Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb müzakirələr apardı. Hazırda iki ölkə xalqlarının mənafeyinə cavab verən bu münasibətlər parlamentlər səviyyəsində də davam etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının mövcudluğu, deputatlarımızın müxtəlif səviyyəli tədbirlərdə görüşləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2022-ci il  iyunun 1-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə onlayn formatda görüş keçirdilər.
Səudiyyə Ərəbistanı həmişə Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə etmişdir. 44 günlük müharibə zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək, münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırmışdır.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam İnkişaf Bankı, OPEK çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. İki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində işlər ürəkaçandır. Bu əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Bu prosesi sürətləndirmək məqsədilə birgə komissiya yaradılıb. 2021-ci il dekabrın 15-də paytaxt Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
Səudiyyə Ərəbistanı şirkətlərinin dəstəyi ilə Abşeron rayonunda bərpaolunan enerji mərkəzi yaradılıb və Xəzər dənizi regionunda bərpaolunan enerji bloklarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti hazırda Abşeron və Xızı rayonlarında istehsal gücü 240 meqavat, dəyəri 300 milyon dollar olan külək-elektrik stansiyası layihəsini həyata keçirməkdədir. Təsadüfi deyil ki, Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti arasında külək-elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələri imzalanmışdır. Həmçinin bu il Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın iclası keçirilmişdir. Krallığın enerji sahəsindən başqa bir sıra sahələrə sərmayə qoyan "Aramco" və "ACWA Power" kimi şirkətlərinin rəsmi ofisləri var. Krallığın Azərbaycanda investisiyaları olan orta və kiçik şirkətləri də mövcuddur.
Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulması prosesində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu işdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin rolunu xüsusi vurğulamaq lazımdır. Səfir Şuşa və gözəl Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərində, demək olar ki, bütün şəhər və kəndlərində olub.
Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrinə investisiya qoyuluşu və birgə müəssisələrin yaradılması, məhsullarımızın Səudiyyə Ərəbistanına ixracı sahəsində də ciddi işlər görülür. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 47 faizdən çox artıb.
Mədəniyyət və humanitar sahələrdə əlaqələr də müsbət məcrada inkişaf edir. Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikinti layihələrini maliyyələşdirir. Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Ərəb Dili Mərkəzi ilə Bakı Avrasiya Universiteti arasında tərəfdaşlıq mövcuddur. İki ölkəni bir mədəniyyətin birləşdirdiyinə ən yaxşı sübut Azərbaycanın böyük şairi Nizami Gəncəvinin Ərəbistan yarımadasında cərəyan etmiş hadisələr barədə dəyərli "Leyli və Məcnun" əsərini yazmasıdır.
Hər iki ölkədə humanitar məsələlərə mühüm diqqət yetirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında 2021-ci il iyulun 13-də əməkdaşlıq müzakirə edilib. Görüşdə iki nazirlik arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 
İki ölkə arasında qardaşlaşmış şəhərlər təcrübəsi də mövcuddur. Bakı ilə Ciddə qardaşlaşmış şəhərlərdir və xalqların, insanların, mədəniyyətlərin daha da yaxınlaşmasında mühüm rol oynayırlar.
Son zamanlar Azərbaycan-Səudiyyə münasibətləri həyatın bütün sahələrində müsbət, normal axar ilə inkişaf edir. Şübhə yox ki, hər il dost, qardaş Səudiyyə xalqı özünün dövlət bayramını yeni uğurlarla qeyd edəcək. Qarşılıqlı münasibətlərin daha da güclənməsi Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir. 

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video