06 Iyul 2022 01:56
691
SİYASƏT
A- A+

Azərbaycan Qoşulmama Hərəkatının liderinə çevrilib

 

Xəbər verildiyi kimi, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı Konfransında bu quruma üzv dövlətləri narahat edən bir sıra vacib məsələlər müzakirə olunmuş və müəyyən qərarlar qəbul edilmişdir. Bəri başdan bildirək ki, tədbir start götürdüyü gündən - iyunun 30-dan dünyanın kütləvi informasiya vasitələrinin, politoloqların və beynəlxalq şərhçilərin  diqqət mərkəzində olmuş və geniş təhlil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə tədbirdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması barədə qərar verilmişdir. Dövlət başçısı bu barədə çıxışında belə demişdir: "Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir".

Qeyd edək ki, üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs - Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması ideyası da Azərbaycana məxsusdur. Belə təşəbbüslərin irəli sürülməsində məqsəd beynəlxalq arenada maraqlarımızı daha inamla və çevik qorumaq, üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsinə nail olmaqdır. 

Prezident İlham Əliyev çıxışında ən vacib məqamlardan birinə aydınlıq gətirərək demişdir ki, 2016-cı ildə 120 ölkənin yekdil dəstəyi ilə Azərbaycan 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısını keçirmiş və 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürmüşdür. Bu qərarın 2023-cü ilin sonuna kimi uzadılması da ölkəmizin fəaliyyətinə verilən yüksək qiymət, dövlətimizə göstərilən böyük etimaddır. 120 dövlətin belə yekdil qərara gəlməsinin başlıca səbəbi Azərbaycanın müasir dünyada söz sahibi kimi nüfuzunun və mövqelərinin güclənməsidir. Prezident İlham Əliyev çıxışında beynəlxalq arenada Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmalara, ayrı-seçkiliyə qarşı mübarizənin davam etdiriləcəyini bildirmişdir.

Bakı Konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana böyük dəstəyini və yüksək etimadını bir daha aydın sərgilədi. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəldikdən sonra sülh təşəbbüslərində, iqtisadi islahatların dərinləşməsində, beynəlxalq əməkdaşlığın bütün istiqamətlərdə güclənməsində maraqlıdır. Biz 30 illik işğal dövründə ruhdan düşüb çökmədik, əksinə, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün güc topladıq, baxmayaraq ki, Prezident İlham Əliyevin dediyi kimi, bəzi ölkələr bizim haqq işimizin qarşısını almağa çalışırdılar. Bununla belə Ali Baş Komandanın qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci il noyabrın 10-da Ermənistan məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan beynəlxalq  təşkilatların 30 il görə bilmədiyi və ya görmək istəmədiyi işi gördü - ədaləti bərpa etdi. Prezident bu məsələdə öz mövqeyini belə açıqlamışdır: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsəydi, həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı".

Qeyd etdiyimiz kimi, konfransda müzakirə edilən mövzular dünya KİV-inin diqqət mərkəzində olmuşdur. Dünyada sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsini dəstəkləyən KİV Bakı Konfransında qlobal problemlərin həlli istiqamətindəki müzakirələri tərəfsiz ölkələrin yeni güc mərkəzinin yaranmasının təzahürü kimi qiymətləndirmişdir. Küveytin rəsmi KUNA agentliyi yazmışdır ki,  bütün dünyada risklər qarşısında qanun və ədalətin bərqərar olmasına çağıran prinsipial tərəfsiz üçüncü səsə böyük ehtiyac duyulur. Eyni zamanda agentlik Azərbaycan Prezidentinin yeni təşəbbüslər irəli sürdüyünü də diqqətdən qaçırmamışdır. Ərəb mediası Bakı Konfransında ərəblərin problemlərinə dərin yanaşma sərgiləndiyini, Fələstin probleminin həllinə, Yəmən və Suriyada vəziyyətlə bağlı müzakirələrə kifayət qədər yer ayrıldığını diqqətə çatdırmışdır.

Aydın görünən odur ki, möhtəşəm zəfərimiz, aparılan dərin islahatlar, işğaldan azad edilmış ərazilərin konseptual bərpası Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə artırır. Çoxsaylı ekspertlərin və politoloqların qeyd etdiyi kimi, Prezident İlham Əliyevin qətiyyətli islahatçı ruhu, unikal diplomatik bacarığı və qətiyyətli sərkərdə keyfiyyəti Azərbaycanı nəinki Qafqazın, hətta tərəfsiz ölkələrin liderinə çevirmişdir.

Misirin "Əl Hivar" Strateji Araşdırmalar və Media Mərkəzindən gələn açıqlamada  deyilir ki, hazırda dünyada böyük güclərin, hərbi blokların və siyasi alyansların getdikcə artan qarşıdurması fonunda sülh çağırışlarına böyük ehtiyac duyulur. Nəşrin gəldiyi qənaət belədir ki, qlobal təhlükəsizliyin təmin edilməsi, İlham Əliyevin Bakı konfransında söylədiyi fikirlərin bütün dünyada dəstəklənməsi vacibdir. Nəşrin qeyd etdiyinə görə, məhz bu səbəbdən 44 günlük müharibə vaxtı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil edilən dövlətlər bəzi ölkələrin anti-Azərbaycan mahiyyətli bəyanatını bloklamış, ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane olmuşlar.

Ərəb politoloqlarının fikrincə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulması zərurətə çevrilir. Ərəb dünyasının rəyi belədir ki, aktual problemlərin həlli bütün dünyada, o cümlədən Yaxın Şərqdə sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilər. Qlobal miqyasda kataklizmlərin qarşısının alınması təkcə bir neçə ölkənin, yaxud siyasi-hərbi alyansın deyil, bütün dövlətlərin fəal iştirakı ilə mümkündür.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video