25 Yanvar 2023 02:41
371
SİYASƏT
A- A+

Azərbaycan Qərbin enerji təminatında ən fəal aktorlardandır

 

Avropanın ölkəmizin enerji resurslarına marağı getdikcə əhəmiyyətli dərəcədə artır

 

Azərbaycan həm Avropa İttifaqının, həm də regionda enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayır. Zamanın tələbi olaraq bu rolun getdikcə artdığı müşahidə olunur. Xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində bu ölkənin Aİ-yə qaz ixracını dayandırması Azərbaycan mavi qazına tələbatı daha da artırıb. Bu baxımdan Aİ Azərbaycanla əməkdaşlığa önəm verir və bu sahədə Azərbaycanı özünə etibarlı tərəfdaş hesab edir. 
Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq qeyd edib ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması ilə həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Dövlət başçısı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, əlbəttə, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub: "Bu, izah ediləbiləndir. Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır". 
Dövlət başçısı bildirib ki, "Cənub qaz dəhlizi" istifadəyə veriləndən sonra Azərbaycan, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başlayıb: "Nəzərə alırdıq ki, biz həm "Şahdəniz" yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il "Abşeron" yatağından, gələn il isə əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz "Azəri-Çıraq-Günəşli" yatağından belə adlandırılan "dərin qaz" ("deep gas") hasilatına başlamağı planlaşdırırıq".

 

Azərbaycanın Aİ-nin qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Ötən 15 il ərzində Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə "Cənub qaz dəhlizi"nin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə Avropa İttifaqının qaz bazarına daxil olub. 
Deputat qeyd edir ki, 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib: "Prezident İlham Əliyev ölkəmizin ixracat siyasətinin birbaşa Qərb istiqamətində olduğunu və Avropaya hər il qaz nəqlinin artacağını bəyan etməklə, Aİ-nin enerji təminatında mühüm yer alacağımızı təsdiqləyib. Cənab Prezidentin yerli TV kanallarına müsahibəsində də vurğuladığı kimi, son illərdə enerji təhlükəsizliyi dünya gündəliyində əsas yerlərdən birini tutur və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb, ölkəmiz Avropanın enerji təminatında həlledici dövlətlərdən birinə çevrilməkdədir". 
 A. Hüseynov bildirib ki, 2022-ci ildə  Avropa İttifaqı ilə Azərbaycan arasında  qaz nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması yanacağın ixracı üçün yeni fürsətlər yaradır. Aİ ilə razılaşmaya əsasən qarşıdakı illərdə ölkəmiz Avropaya daha böyük həcmdə qaz ixrac edəcək. Proqnozlara əsasən, 2023-2025-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırıla bilər. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artıracaq. 
Deputat vurğulayır ki, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir: "Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın qaz ixracı gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. İndi TANAP-ın və TAP-ın ötürücülük  qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük".
Onun sözlərinə görə, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2,6 trilyon kubmetr proqnozlaşdırılır.
"Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 il kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqının qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Məsələ ondadır ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Ümid", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır",- deyə deputat əlavə edib.

 

Regionda və Aİ-də enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin töhfəsi artır

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan Avropa İttifaqının  enerji təhlükəsizliyinin formalaşmasına  xüsusi töhfə verən ölkədir.  Onun sözlərinə görə,  2020-ci ilin son günlərindən etibarən Azərbaycan mavi qazını Avropa İttifaqı bazarına çıxarır. Ötən müddətdə 24 milyard kubmetr qazın Avropaya nəql edildiyini deyən deputat qeyd edib ki,  yalnız 2022-ci ildə Avropaya ixrac edilən qazın həcmi 12 milyard kubmetrə yaxın olub. Bu da ondan xəbər verir ki, Aİ-nin enerjiyə olan tələbatının ödənilməsində rolunun artması və bütövlükdə regionda enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin töhfəsi artır.
Vüqar Bayramov deyib ki, Azərbaycan eyni zamanda Gürcüstan və Türkiyənin enerjiyə olan tələbatının ödənilməsində xüsusi paya malikdir: "Cənab Prezidentin də qeyd etdiyi kimi, 10 ölkə Azərbaycan mavi qazını almaqla bağlı artıq danışıqlar aparır. Onların bir qismi qazın həcminin artırılması, bir qismi isə mavi qaz almaqla bağlı danışıqlara başlayıb". 
Deputat vurğulayıb ki, ötən il Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Azərbaycan qazının Şərqi Avropaya çıxmasına imkan yaradıb. İnterkonnektorun ötürmə qabiliyyəti 3.5 milyard kubmetrdir və onun 5 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Bu isə ondan xəbər verir ki, Azərbaycan Bolqarıstan da daxil olmaqla, bir sıra Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Artıq bu ildən Rumıniya Azərbaycan qazını idxal edir. Birinci rübdə Rumıniyaya 400 milyon kubmetr mavi qaz nəql olunacaq. Bolqarıstan 1,5-2 milyard kubmetr qaz almaq niyyətindədir. Eyni zamanda Serbiya, Moldova ilə də qaz nəqli ilə bağlı danışıqlar davam edir.  
Vüqar Bayramov bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artıb,  regiondakı geosiyasi mövqeyi güclənib, bu da Azərbaycan üçün yeni imkanlar deməkdir: "Ölkəmiz regional təhlükəsizliyin artmasına da  imkan yaradır.  Bu da təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsinə  gətirib çıxarır. Aİ Azərbaycanın ümumi ticarət dövriyyəsində  ixracatın 50 faizini təşkil edir. Bu kontekstdən enerji sahəsində  əməkdaşlıq Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin daha da artmasına imkan yaradacaq".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video