Kimsə onu bu yoldan döndərə bilməz!
"Dəyirman öz işindədir, çax-çax baş ağrıdır" - Azərbaycan atalar sözüdür.
Bunun "dəvə karvanı" ilə bağlı bənzər "versiya"sı da var!
Ancaq onu açıqlamırıq, bilən bilir.
Vaxt var idi beynəlxalq hüquqa, beynəlxalq qurum və təşkilatlara inanırdıq...
Elə bilirdik ki, onların sözləri ilə əməlləri birdir!
Elə bilirdik ki, onlar həqiqətən mətbuat və söz azadlığına, insan hüquqlarının qorunmasına, demokratik cəmiyyətin yaradılmasına çalışırlar və bunu qəlbən istəyirlər.
Neyləyək, həm totalitar sovet dönəmindən çıxmışdıq, həm də bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olunması yolunu tutmuşduq.
Qırmızı imperiyanın çökməsi nəticəsində yaranan fürsətdən Ermənistanın bəhrələnərək havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi, bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması, bizimsə rəhbərsiz qaldığımızdan torpaqları qoruya bilməməyimiz 30 illik əzab və məşəqqətə, vətən və torpaq həsrətinə başa gəldi.
BMT-nin qəbul etdiyi 4 qətnaməyə, ATƏT-in Minsk qrupunun yaradılmasına, sülh danışıqlarının müsbət nəticə verəcəyinə inanır, "Human Rights Watch", "Amnesty International", "Freedom House", "Sərhədsiz Reportyorlar" və digər beynəlxalq təşkilatların bizə olan iradlarında da daim səmimiyyət axtarır, məkr və qərəzin mövcudluğuna inanmaq istəmirdik!
HEYHAT!!!
30 illik işğal dövründə və 44 günlük Zəfər müharibəsindən sonra baş verənlər isə bütün şübhələrimizi doğrultdu, Avropa İttifaqında, AŞPA-da, Fransa və ABŞ Senat və konqreslərində aşkar edilən rüşvət və korrupsiya qalmaqalları, məhkəmə proseslərində təsdiqini tapan faktlar bir daha yalnız özümüzə güvənməyin, rəhbərimizə arxalanmağın daha doğru olduğunu sübuta yetirdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u bizi öz istəklərimizə çatdırdı!
Sən demə, beynəlxalq qurumların, beynəlxalq hüququn, BMT-nin, Aİ-nin, AŞPA-nın qəbul etdikləri müxtəlif qətnamələr, bəyanatlar, açıqlamalar heç bir dərdə çarə deyilmiş!
Bütün bunlar "demokratiya oyunları" olmaqla gözdən pərdə asmağa xidmət edirmiş...
***
2001-ci ildə ölkəmiz AŞPA-ya qəbul olunanda sevindik.
Dedik ki, bu qurumun daim əlində bayraq etdiyi "insan haqları", "demokratiya", "qanunların aliliyi" yəqin ki, bizim də dadımıza çatar, haqq, ədalət öz yerini tutar.
Ən azı ona görə ki, AŞPA-dakılar bu quruma üzv dövlətlərdən birinin - Ermənistanın digər dövlətin - Azərbaycanın ərazilərini işğal etdiyini, beynəlxalq hüququ tapdaladığını, işğal etdikləri ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulduğunu, kütləvi zorakılıqlar, etnik təmizləmə, soyqırımları törədildiyini görəcək, obyektiv qiymətləndirərək zəruri addımlar atacaqdır.
Ən azı Azərbaycanın çoxsaylı müraciəti eşidilərək işğal ərazilərində monitorinqlər keçiriləcək, onun nəticələri ilə bağlı məruzələr dinləniləcək, Ermənistanın əməlləri pisləniləcək, heç olmasa işğalçıya və barbara qarşı müəyyən sanksiyalar tətbiq ediləcəkdir.
Amma gözlədiklərimizin yox, başqa əməllərin və oyunların şahidi olduq!
* Gördük ki, bu qurum tamamilə korrupsiyaya və rüşvətə bulaşıb.
* Gördük ki, bu qurum qanunun aliliyini, insan haqlarını, demokratiyanın prinsiplərini ayaqları altında tapdalayır.
* Gördük ki, bu qurum ikili standartlarla işləyir, fərdi maraqlarını, ona verilən sifarişləri təmin etməkdən ötrü hər cür riyakarlığa əl atır.
Əksinə, müstəqil siyasət yürüdərək xarici təzyiqlərə boyun əyməyən, onların dedikləri ilə durub oturmayan, öz fəaliyyətlərində qanunun aliliyinə dönmədən əməl edən dövlətlərə qənim kəsilirlər.
Avropada yerləşən və "Avropa dəyərləri"ni əlində bayrağa çevirən bu qurum, əslində, Fransanın əlində siyasi alət rolunu oynayır.
Azərbaycanın öz gücü hesabına öz ərazilərini işğaldan azad etməsi AŞPA-nın, Aİ-nin və azərbaycanofob, islamofob qüvvələrin planlarına daxil deyilmiş!
Bunu ağıllarına belə gətirməmişlər!
Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqları gördükdən sonra isə Azərbaycana qarşı düşmənçiliyə keçdilər.
AŞPA 23 oktyabr 2023-cü ildə "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edərək Azərbaycanı açıq təhdidə keçdi, 19-20 sentyabrda Azərbaycan Ordusunun lokal tipli antiterror tədbirlərini "hərbi əməliyyat" kimi qələmə verməklə "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlığını bildirərək 2024-cü ilin ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini tanımayacağı ilə hədələdi.
Qərəzini sonadək davam etdirərək 2024-cü ilin qış sessiyasının açılışı günündə hikkəsini yerinə yetirdi.
Doğrudur, Azərbaycan ötən il yanvarın 24-də bu ədalətsizliyə, qərəzkarlığa özünəxas şəkildə, mərdcəsinə cavab verdi:
AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı!
Belə bir addımı "diplomatik şapalaq" da adlandırmaq olar!
Amma bunu zərurətdən, həm də haqsızlıqla barışmayacağını və milli maraqlarına ziyan gətirəcək heç bir hərəkətə yol verməyəcəyini göstərərək etdi!
Hadisə ilə bağlı Azərbaycan nümayəndə heyətinin səsləndirdiyi bəyanatdan iki parçanı diqqətə çəkirik:
"Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir".
"Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb".
Riyakar bir quruma çevrilən AŞPA-nın hazırkı durumuna və fəaliyyətinin mahiyyətinə verilən ən obyektiv qiymətdir bu!
***
Makronun "əl quzusu"na çevrilən Avropa İttifaqı da eyni yolu tutub:
Rüşvət, korrupsiya, ermənipərəstlik, ikili standartlar, beynəlxalq hüququ tapdalama və s.
Azərbaycanın 44 gündə qazandığı Zəfər, torpaqlarını döyüşərək azad etməsi, ərazi bütövlüyünün bərpası, suverenliyinin və konstitusiya əsaslarının təmini buradakıların da xoşuna gəlməyib.
Heç gəlməsin də!
***
Amma əvəzini bizdən başqa yolla çıxırlar.
Bir ara Avropa İttifaqı Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına moderatorluq etmək istədi.
Hətta onun vasitəçiliyi ilə görüş də keçirildi.
Amma hadisələrin gedişi göstərdi ki, danışıqlarda tərəf tuturlar.
Daha doğrusu, açıq-aşkar şəkildə erməni maraqlarına xidmət edirlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal belə vasitəçilikdən imtina etdi!
Həm də haqlı olaraq!
Belə olan halda Avropa İttifaqı ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirdi.
Əvvəlcə 2022-ci ilin oktyabrında Azərbaycanla razılaşdırılaraq Ermənistanla sərhədə müşahidə missiyası göndərildi.
Azərbaycan öz torpağında belə hərbiləşdirilmiş "missiya"nı görmək istəmədi.
Həm də missiyanın iki aylıq və 40 nəfərdən ibarət olacağı razılaşdırılmışdı.
Sonra "torbadakı pişik" üzə çıxdı:
"Missiya"nın tərkibinə daxil olanlar mülki insanlar yox, Fransadan və Almaniyadan gətirilmiş keçmiş hərbçilər və jandarmlar idi.
Onlar müşahidə aparmır, məlumat toplayırlar.
Olduğu kimi səsləndirsək, casusluqla məşğul olurlar.
2023-cü ilin fevralında Azərbaycanla razılaşdırılmadan saylarını 138-ə və son olaraq 2023-cü ilin dekabrında 209-a çatdırdılar.
Onların 165 nəfəri Avropa İttifaqından olan müşahidəçi, 44 nəfəri isə Ermənistandandır.
Ən maraqlısı (əslində, biabırçılıq) budur ki, Avropa İttifaqına üzv olmayan Kanadanın da nümayəndələri müşahidə missiyasının tərkibinə salınıb.
Ən qəribəsi isə budur ki, Avropa İttifaqı heyəti bircə dəfə də olsun bölgədəki erməni təxribatlarını qeydə almayıb, mövqeyini ədalətli şəkildə ifadə etməyib.
İlham Əliyevin Azərbaycanın yerli televiziya kanallarına müsahibəsində ironiya ilə söylədiyi xəbərdarlığı xatırlatmaq istəyirik:
"...Onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır".
***
Söylənən fikrin davamı olaraq onu da bildirək ki, vaxtı uzadılmış müşahidə missiyasının Ermənistanı nədənsə qoruması cəfəng söhbətdir.
Şərti sərhəddə gəzən fransız və alman casusları binoklla bizə baxanda nə olur ki?
* Qorxuruq?
* Özümüzü itiririk?
* Yoxsa strateji mövqelərimizdən geri çəkilirik?
Guya avrocasuslar Ermənistanın müdafiəsini təşkil edirlər.
Doğrudur, müəyyən istehkamlar qurur, atəş nöqtələri, qoşunlar yerləşdirirlər.
Olsun da...
Otuz il ərzində Ermənistan havadarlarının köməyi ilə Qarabağda on qat müdafiə xətləri - səngərlər, xəndəklər, mina sahələri, tikanlı məftillər, "Ohanyan səddi" və s. kimi (hazırda "erməni müdafiə xətti"nin əsas elementləri Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur) cəfəng "alınmaz müdafiə sistemi" yaratmışdı.
NOOLDU?!
Bir güllə belə atmadan bizə təhvil vermədilər?
Verdilər!
Üstəlik, biz hücuma yerlə deyil, göylə keçdik, təpələrinə od yağdırdıq!
Dovşan kimi qabağımızdan qaçmadılar?
Qaçdılar!
Əgər nə vaxtsa yenə hücuma keçsək, yenə də ermənilər qabağımızdan eyni qaydada qaçacaqlar!
Bu dəfə avrocasuslar da onlara qoşulacaqlar!
***
Bu gün demokratiya adı ilə beynəlxalq qurumların ölkələrin daxili işlərinə müdaxiləsi, korporativ maraqları naminə xalqların və dövlətlərin milli maraqlarını tapdaması adi hala çevrilib.
Azərbaycanla əməkdaşlığı pozan AŞPA indi də Gürcüstanı hədəfə alıb.
Maraqlıdır ki, bu dəfə "xristian klubu" heç "xristian təəssübkeşliyi"nə də əhəmiyyət verməyib.
Səbəb çox sadədir...
* Niyə biz deyənlərlə oturub-durmursunuz?
* Niyə öz milli, tarixi, mənəvi dəyərlərinizdən imtina edərək biabırçı "Avropa dəyərləri"nə keçmirsiniz?
* Niyə ölkəniz daxilində casus fəaliyyətlərinə, "5-ci kolon"un istədiyini etməsinə maneçilik törədirsiniz?
Gülməlidir, deyilmi?!
Həm də ağlamalıdır!
Ukrayna siz deyənlərlə durub-oturdu, cənablar!
İndi halı necədir?
Bax, bunu bütün dünya görür və bilir!
Əhalisi qaçqına çevrilib, genefondu məhv olur, şəhərləri dağıdılır, iqtisadiyyatı pozulur, yaxşı gələcəyi üfüqdə belə görünmür.
2008-ci ilin avqustunda qısamüddətli müharibədə Gürcüstana hansı "köməyi" göstərdiyinizi gürcü xalqı hələ də unutmayıb!
Sizin sayənizdə ərazi itkisinə məruz qalmaları da yadlarındadır!
İndi onlara təkrar seçki keçirərək siz diktə etdiklərinizi seçmələrini, sizin maraqlarınızı təmin edənləri hakimiyyətə gətirmələrini istəyirsiniz?
Baş tutmaz!
Görürsünüz, Gürcüstan hökuməti də AŞPA-da fəaliyyətini dayandırmaqla heç bir şantaja boyun əyməyəcəyini, siyasi alverə getməyəcəyini açıq şəkildə bildirdi!
Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bununla bağlı verdiyi bəyanatdan kiçik bir sitat: "Biz Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri Strasburq və Tbilisidə müzakirələr apardıq və "Gürcü Arzusu" komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq".
Sizin "insan haqları", "mətbuat və söz azadlığı", "siyasi məhbuslar" kimi tələbləriniz yalnız öz maraqlarınızın təmini üçün ortaya atdığınız uydurmalardır.
Azərbaycana, Gürcüstana bu təpkilər nədən qaynaqlanır?
Şvabe kimisinin ətrafına toplaşan bir qrup korrupsioner demokratiyaya yox, şəxsi və erməni maraqlarına xidmət edir.
Məqsədləri Cənubi Qafqaza burun soxmaq, Rusiyanı buradan sıxışdırıb çıxarmaq, erməni maraqlarını təmin etməkdir.
Artıq AŞPA və Avropa İttifaqı açıq şəkildə beynəlxalq hüququ, ali siyasəti şantajla, ölkələrə istədiklərini zorakılıqla qəbul etdirmək üsulu ilə əvəz ediblər.
Gürcüstan da Azərbaycan kimi sülh və əməkdaşlığı, milli maraqlara xidməti, tarixi, milli, mənəvi dəyərləri qoruyub saxlamağı üstün tutdu!
***
Sonda erməni puluna susayaraq Azərbaycana qarşı düşmən mövqe tutanların, rüşvət əvəzində haqqı nahaqqa qurban verənlərin, əyri yola düşənlərin aqibətlərinin necə olacağını xatırlatmaq istəyirik:
ABŞ Senatında ermənipərəst mövqeyi ilə məşhurlaşan Bob Menendes rüşvətxorluq və korrupsiya əməllərində, səlahiyyətdən sui-istifadədə, fırıldaqçılıq, ədalət mühakiməsinə maneçilik, xarici ölkənin agenti kimi fəaliyyətdə məhkum olunaraq nə az, nə də çox - 16 maddə üzrə təqsirli bilinməklə 11 il həbs cəzası alıb!
İttiham olunduğu maddələr kimi rüşvət və korrupsiya əməlləri də "geniş" və "rəngarəng"dir.
Belə ki, aldığı rüşvətlər nağd pul, qızıl külçələr, hədiyyə adı ilə müxtəlif əşyalar, "Formula-1" dünya çempionatına biletlər, dəyəri 10 min dollardan 24 min dollaradək olan saatlar və s.-dir.
Daha bir "rekord"u var: Menendez ABŞ Senatında vəzifədə olarkən xarici ölkənin agenti kimi fəaliyyət göstərən ilk dövlət məmuru - senator sayılır.
Məhkəmə qaydasında da sübut olundu ki, senata üzv olduğu, ABŞ Senatının Xarici əlaqələr komitəsinə rəhbərlik etdiyi dövrdə B.Menendes ABŞ-nin maraqlarından çox şəxsi rifahına, arvadı Nadin Arslanyanın milliyyətcə mənsub olduğu ermənilərin maraqlarına xidmət edirmiş.
Elə ermənilərdən mənimsədiyi xəyanət və tamahkarlıq da bu "siyasətçi"nin axırına çıxdı!
İndi olub-keçənləri təhlil etməyə, düşünməyə, haqsızlıq və ədalətsizliyin cəzasız qalmayacağına əmin olmasına kifayət qədər vaxtı, dərindən düşünməyə 11 il asudə zamanı var.
Hazırda ABŞ Senatında erməniləri müəyyən muzd qarşılığında dəstəkləyən və hələ ədalət məhkəməsi qarşısında dayanmamış senatorlar çoxdur!
Yəqin ki, zamanında erməni pulları onların da boğazında qalacaq, dövlət maraqlarını rüşvətə dəyişdiklərinə görə cavab verəcəklər.
***
Əgər AŞPA, Aİ, Avropa Parlamenti beynəlxalq hüququ, haqqı-ədaləti, vəzifə borclarını, mövcud reallıqları nəzərə almırlarsa, belə qurumlar kimə gərəkdir?!
* O qurumlar ki öz maraqlarını, erməni maraqlarını, şəxsi ambisiyalarını beynəlxalq hüquqdan, prinsiplərdən üstün tuturlarsa, onlarla bir yerdə olmağa dəyərmi?
* O qurumlar ki sülhə, əməkdaşlığa yox, "sülh fondu" adı ilə yaratdıqları fonddan kimisə silahlandırmağa, revanşizmə hazırlamağa çalışırlarsa və bu məqsədlə onlara pul verirlərsə, belələri ilə əməkdaşlıq etmək doğrudurmu?
* Onları dost bilib əməkdaşlıq quranları, sözlərinə, tələb və məsləhətlərinə qulaq asaraq müəyyən işlər görənləri yarı yolda qoyaraq "alət dövlət"ə çevirməyə çalışanlarla birlikdə olmaq məqsədəuyğundurmu?
* Azərbaycan xalqı özünə müstəqil, suveren dövlət qurub!
* Azərbaycanda demokratik, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan cəmiyyət yaradılıb və hazırda bütün demokratik prinsip və tələblərə daim əməl edilir.
* Azərbaycan öz problemlərini özü həll edə bilir, necə ki, torpaqlarını işğaldan özü azad etdi və ərazi bütövlüyünə nail oldu!
Əgər beynəlxalq qurumlar Azərbaycana münasibətdə öz üzərlərinə düşən vəzifələri vicdansızlıq edib icra etmirlərsə, onda onlar nəyimizə gərəkdir?
Azərbaycan öz yolu ilə gedir!
Bu yol müstəqillik, demokratiya, sülh, əməkdaşlıq, qarşılıqlı hörmətə və milli maraqların təmininə əsaslanan işıqlı yoldur!
Heç kəs, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz!
Bəxtiyar SADIQOV