26 Yanvar 2023 16:24
396
CƏMİYYƏT
A- A+

Azərbaycan Ordusunun 1992-ci il yanvarın 25-də həyata keçirdiyi və uğursuzluqla başa çatan Daşaltı əməliyyatından 31 il ötür.

Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Daşaltı nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.

AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Ordusunun 2020-ci il noyabrında işğaldan azad etdiyi Şuşa rayonunun Daşaltı kəndində olub, 31 il əvvəlki uğursuzluqla başa çatan əməliyyat iştirakçılarının fikirlərini öyrənib.

 

Qısa məlumat: 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Erməni ordusu Şuşa–Laçın magistral yolunun kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.

 

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlandı və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatdı. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu 90-dan artıq şəhid verdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etmişdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşdü, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkildi. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirdi.

Daşaltı əməliyyatının iştirakçısı İslam Babışov 1992-ci ildəki məğlubiyyətin əsas səbəbini orduya səriştəsiz rəhbərlikdə görür.

“Əməliyyatda 3 bölük və Şuşa müdafiə taboru iştirak edirdi. Komandanlıq, rabitə yox idi. Bilmirdik kimin sözünə qulaq asaq. Biz yuxarıdan – Laçın-Xankəndi yolu istiqamətindən gəldik. Düşmən qüvvələri qarşıdakı dağlarda yerləşmişdi. Snayperlə bizi vururdular. Komandanlığın səriştəsizliyi nəticəsində itkilər verdik, əməliyyat uğursuzluqla başa çatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz şücaət göstərərək Daşaltını, Şuşanı işğaldan azad etdi. Bu gün biz xoşbəxtik ki, torpaqlarımızdayıq. Bu gün şəhidlərin də ruhları şaddır”.

Daşaltı əməliyyatının digər iştirakçısı Fərman Vəliyev: “Yanvarın 25-i gecə hücuma keçdik. Kəndə daxil olanda dumana düşdük. Rabitə əlaqəsi də yox idi. Dumanda azdıq, dərə ilə Nəbilər kəndinə getdik. Şəhidlər verdik. Bu gün Daşaltıya gəlib, 31 il əvvəlki döyüşü gözümüzün önündə canlandırırıq. Həyəcan hissi keçiririk. Yüksəklikdə olduğumuz halda komandanlığın səriştəsizliyi nəticəsində məğlub olduq. Daşaltını da, Şuşanı da itirdik. 44 günlük Vətən müharibəsində isə vahid komandanlığın və güclü ordunun qurulmasının nəticəsində qələbə qazandıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video