28 Sentyabr 2022 15:44
411
SİYASƏT
A- A+

Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

 

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
İşgüzar şəraitdə keçən görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.  Tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Saçxeri Dağ Hazırlığı Məktəbində təşkil olunan kurslarda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı və hazırlığının davam etdirilməsi müsbət qiymətləndirilib.
Azərbaycan ilə Gürcüstan orduları arasında keçirilən birgə təlim, konfrans və treninqlərin müntəzəm xarakter daşıdığı, bu tədbirlərin həm ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
Tərəflər hər iki dövlətin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qarşılıqlı şəkildə dəstəkləndiyini qeyd edib, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasının hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdığını və bu əməkdaşlığın hərbi qurumların maraqlarına cavab verdiyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəldiyi qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video