14 Iyun 2022 00:54
784
İDMAN
A- A+

Azərbaycan Avropa çempionudur

 

İdman tariximizə yeni səhifə yazıldı

 

Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyanın Koşitse şəhərində başa çatmış Avropa  çempionatının qalibi olub. Baş məşqçi Elşad Quliyevin qitə birinciliyinə hazırladığı kollektiv final qarşılaşmasında  altıqat Avropa çempionu Rumıniya millisini 1:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələnib.

 

24 komandanın mübarizə apardığı çempionatda qalib olmaq sevinci

 

Qazandığı nəticə ilə hamımıza böyük sevinc və qürur hissləri yaşadan Azərbaycan milli komandasının  heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer almışdılar.

Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlamışdı. Komandamız qrupda da bizə rəqib olan Rumıniya yığmasına debüt matçında məğlub olmuş (0:2), sonradan toparlanaraq İspaniya (5:1) və Albaniya (1:0) millilərinə qalib gəlmiş və səkkizdəbir finala yüksəlmişdir. Komandamız  bu mərhələdə İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala adlamışdır. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız həlledici matçda oynamaq hüququ qazanmışlar. Komandamız həlledici görüşdə güclü Rumıniya millisinə 1:0 hesabı ilə qalib gəlmişdir.

Final qarşılaşmasında vurulan yeganə qolun müəllifi Seymur Məmmədov komandaya göstərilən dəstəyə görə xalqımıza təşəkkürünü bildirib: "Hər bir futbolçunun arzusudur ki, final oyununda qol vursun və bu, qələbə qolu olsun. Çempion olmaq, Vətənə bu cür qələbə ilə qayıtmaq böyük hissdir. Bizə göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm".

 

Heyətdə legioner yoxdur, hamısı yerli futbolçulardır

 

Qitə birinciliyinə böyük maraq var idi. Bunu matçların gedişində, ümumiyyətlə, tədbirin işıqlandırılmasında da gördük. Həmçinin çempionatda kifayət qədər güclü komandalar mübarizə aparırdı.

Yeri gəlmişkən, qeyd edək ki, milli komandalar səviyyəsində futbolda son uğurumuz 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında olub. O zaman U-23 millimiz bütün rəqibləri üstələyərək qızıl medallara layiq görülmüşdü. Bununla belə minifutbol üzrə Avropa çempionatında qazanılmış qələbə daha çox qiymətləndirilir. Belə ki, bu, böyüklər səviyyəsidir. Bundan əlavə, baş məşqçi də daxil olmaqla heyətdə legioner yoxdur və hamısı yerli futbolçulardır.

Qeyd edək ki, Bəxtiyar Soltanov çempionatın ən yaxşı oyunçusu, Davud Kərimi isə ən yaxşı qapıçı adına layiq görülmüşlər.

"Keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir. Avropa çempionatındakı qələbəni xalqımıza həsr edirik". Bu sözləri jurnalistlərə açıqlamasında minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasının kapitanı Ramil Həsənzadə deyib. Futbolçu bildirib ki, Avropa çempionatında qalib gəlmək o qədər də asan deyil. Birinci oyundan sonuncu oyunadək matçlar çox çətin idi. Buna baxmayaraq, komandamız bütün rəqiblərinə qalib gəlməyi bacarıb.

Turnirin ən yaxşı oyunçusu seçilən Bəxtiyar Soltanov isə söz verir ki, bayrağımızı yüksəklərə qaldırmaq üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər: "Turnirin ən yaxşı oyunçusu olacağımı gözləmirdim. Həm çempionatın qalibi olmaq, həm də yarışların ən yaxşı oyunçusu seçilmək mənə ikiqat sevinc verir. Finaldakı rəqib altıqat Avropa çempionu idi. Lakin oyunun məsuliyyətini dərk edirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Bütün oyunçularımız qalib olmaq üçün çox əziyyət çəkdilər. Qarşıda da yarışlarımız olacaq. Bundan sonra da hər şeyin ən yaxşısını edəcəyik ki, bayrağımızı yüksəklərə qaldıraq".

 

Qitə birincisi adını qazanmaq qürurdur

 

Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığma komandası artıq Vətənə qayıdıb və Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıb. Qarşılanma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və jurnalistlər iştirak ediblər.

"Avropa çempionatının qalibi olmaq sözlə ifadə edilməyəcək dərəcədə möhtəşəm hissdir. Azərbaycan milli komandasının qitə birincisi adını qazanması ilə qürur duyuruq". Bunu Azərbaycan Minifutbol Federasiyasının təsisçisi, "Azfar Group" şirkətlər qrupunun rəhbəri Taleh Nəsibov jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, qitənin ən güclü komandalarından olan Rumıniyanı finalda məğlub etmək onlara unudulmaz hisslər yaşadıb: "Həlledici mərhələdə altıqat Avropa çempionu Rumıniya yığması ilə mübarizə apardıq. Komandanın əzmkarlığı nəticəsində bu böyük qələbəni qazandıq, Azərbaycan bayrağını ucaltdıq. Bizim üçün bundan böyük sevinc ola bilməz".

T.Nəsibovun sözlərinə görə, Azərbaycan Minifutbol Federasiyası (AMFA) ölkəmizdə bu idman növünün inkişafına və kütləviləşməsinə böyük töhfə vermiş "Azfar Group" şirkəti tərəfindən təsis edilib: "AMFA-nın yaradılmasının əsas təşəbbüskarı "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaratdıq. Onun qoyduğu məqsədə doğru irəlilədik və düzgün idarəetmə quraraq parlaq qələbəyə nail olduq. Bu qələbə Azərbaycan xalqı, bütün futbolsevərlər üçün bayramdır. Ümid edirəm ki, uğurların davamı gələcək".

Xatırladaq ki, həvəskar futbola peşəkar yanaşma konsepsiyasının təşəbbüskarı "Azfar Group" şirkəti  bir müddət əvvəl Azərbaycanda minifutbolun yeni inkişaf mərhələsini təqdim etmişdi. Uğurlu layihələr silsiləsinin davamı kimi şirkət tərəfindən təsis olunmuş Azərbaycan Minifutbol Assosiasiyasının fəaliyyəti ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və minifutbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədini daşıyır, yeni imkanlar və fərqli inkişaf istiqamətlərini özündə əks etdirir. Assosiasiya həvəskarlar arasında geniş vüsət almış minifutbolu peşəkar səviyyədə təşkil olunmuş və hər kəsin iştirak edə biləcəyi çempionatlar şəklində təşviq etmək və bu turnirləri ölkə miqyasına çıxarmağı qarşısına məqsəd qoyub. Müasir standartlara cavab verən minifutbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu AMFA-nın bu istiqamətdə uğurlu fəaliyyətinin zəmanətidir.

 

Ölkə futbolunun inkişafına dəstək

 

Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də minifutbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə minifutbolunun beynəlxalq minifutbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Təcrübə mübadiləsinin aparılması məqsədilə AMFA artıq Avropa və Dünya Minifutbol federasiyaları ilə sıx əməkdaşlıq edir. Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında minifutbol üzrə milli yığmanı formalaşdırıb və beynəlxalq yarışlarda millimizin iştirakını təmin edib. Nəticədə 2018-ci ildə millimiz Avropa birinciliyində qüvvəsini sınayıb.

Bundan əlavə, bu əməkdaşlıq gələcəkdə AMFA-nın dəstəyi ilə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi və ölkəmizin beynəlxalq minifutbol arenasında təşviq olunması deməkdir. Ən önəmlisi milli komandanın üzvləri AMFA bayrağı altında keçirilən minifutbol üzrə turnirlərdə ən yaxşı nəticələr göstərən oyunçulardan ibarətdir. Bu isə ölkəmizin hər yerində, küçələrdə, məhəllələrdə, meydançalarda futbol oynayan hər bir həvəskar futbolçu üçün Azərbaycan adına tarix yazmaq imkanını verir.

AMFA sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları minifutbol bayrağı altında birləşdirir və bu birliyi beynəlxalq və peşəkar standartlara uyğun şəkildə inkişaf etdirir. Daha çox sosial istiqamətdə fəaliyyət göstərən assosiasiya ölkəmizdə idman və sağlam həyat tərzini stimullaşdıraraq ölkə futbolunun inkişafına dəstək olur. AMFA və futbol tarixində bir çox ulduzun minifutboldan peşəkar futbola keçid faktını əsas tutaraq, assosiasiya ölkəmizdə bu tendensiyanın daşıyıcısına çevrilərək həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaq.

Beləliklə, Azərbaycanın idman tarixinə daha bir şanlı səhifə yazıldı. Qarşıda isə bizi yeni uğurlar, möhtəşəm idman nailiyyətləri gözləyir.

 

Rizvan HİLALOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video